Azərbaycan Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumunda təmsil olunub

ASK
  • 15 sentyabr, 2025
  • 17:16
Azərbaycan Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumunda təmsil olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti 9-11 sentyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilən Qlobal Yaşıl Kənd Təsərrüfatı Forumunda, eləcə də Avropa və Mərkəzi Asiya üzrə İkinci Regional Elm və İnnovasiya Həftəsində iştirak edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov da nümayəndə heyətinin tərkibinə daxil olub.

A.Cəfərli Forumda "Azərbaycanın yaşıl kənd təsərrüfatı siyasəti" mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda yaşıl kənd təsərrüfatına keçidlə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, son illərdə Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur "yaşıl zona" kimi inkişaf etdirilir. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı bərpa olunan enerji, ağıllı suvarma texnologiyaları, müasir logistika infrastrukturu və s. əsasında aparılır.

Natiq Azərbaycanda "ağılı kənd" konsepsiyasının geniş tətbiq olunduğunu da diqqətə çatdıraraq Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən pilot layihənin bu baxımdan müasir kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji mənbələri, innovativ sosial xidmətlərin inteqrasiyasını nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanda son illərdə iqlim əsaslı kənd təsərrüfatının prioritet kimi müəyyən edildiyini bildirən Azərbaycan rəsmisi ölkədə ekoloji kənd təsərrüfatının inkişafı, suya və enerjiyə qənaət edən texnologiyaların tətbiqi, torpağın mühafizəsi və təkmilləşdirilməsi, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması sahəsində görülən işləri də diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edib ki, ölkədə üzvi əkinçiliyin, kimyəvi gübrə və pestisidlərdən istifadənin azaldılmasının təşviqi üçün xüsusi subsidiyalar və sertifikatlaşdırma sxemləri tətbiq edilir, müasir suvarma sistemlərindən istifadə edən fermerlərə dövlət dəstəyi göstərilir.

Son xəbərlər

Bütün Xəbər Lenti