Azərbaycan meşə örtüyünü artırmaqla kənd təsərrüfatında emissiyaları sabitləşdirməyi planlaşdırır
- 24 noyabr, 2025
- 14:35
Meşə sahəsinin genişləndirilməsi Azərbaycanda dekarbonizasiyanın mərkəzi elementi olacaq, kənd təsərrüfatı, torpaqdan istifadənin digər növləri və meşəçilik (AFOLU) sektorunda karbon udulmasını əhəmiyyətli dərəcədə artıracaq.
"Report" yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC 3.0) hesabatına istinadən xəbər verir ki, AFOLU sektoru ölkədə ən böyük işəgötürəndir və 2022-ci ildə əhalinin 36 %-ni işlə təmin edib.
Bununla yanaşı, 2000-ci ildən bəri kənd təsərrüfatı məhsulları istehsalı təxminən 11 % orta illik artım tempi (CAGR) ilə genişlənib və torpaqların mövcudluğu, eləcə də qida məhsullarına olan tələbat sayəsində bu göstəricinin artmağa davam edəcəyi gözlənilir.
2022-ci ildə kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi təxminən 4,8 milyon hektar, mal-qaranın sayı isə təxminən 10,5 milyon baş, əsasən iribuynuzlu mal-qara və qoyunlardan ibarət olub. Heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi aqrar sənayesinin karbon izinin artmasına səbəb olub: kənd təsərrüfatının ümumi emissiyası CO2 ekvivalentində 8 milyon tona çatıb. Karbon dioksid əsasən kənd təsərrüfatı texnikasında dizel yanacağından istifadə, metan və azot oksidi isə gövşəyən heyvanlarda bağırsaq fermentasiyası və peyinin parçalanması ilə bağlıdır.
Emissiyalara ən böyük töhfə - 64 % - bağırsaq fermentasiyasının payına düşür. Enerji istifadəsi 16 % təşkil edir. Eyni zamanda, iribuynuzlu mal-qara metan emissiyalarının 67 %-ni, qoyunlar isə 27 %-ni təmin edir ki, bu da emissiyaların strukturunda heyvandarlığın əhəmiyyətini vurğulayır.
Meşə ərazilərini (LULUCF) əhatə edən torpaqdan istifadə sistemi, karbon sekvestrasiyası [torpaqda karbon toplanması prosesi -red.] vasitəsilə tullantıları qismən kompensasiya edir. 2022-ci ildə LULUCF 5,2 milyon ton CO₂ ekvivalentinin xalis udulmasını təmin edib ki, bunun 3,6 milyon tonu 1,04 milyon hektar sahəsi olan meşələrin payına düşür. Beləliklə, meşə massivləri sektorun ümumi karbon balansını əhəmiyyətli dərəcədə azaldıb.
Hesabata görə, kənd təsərrüfatı istehsalının artmasına baxmayaraq, LULUCF çərçivəsində meşə ərazilərinin genişləndirilməsi tullantıların sabitləşdirilməsinin əsas vasitəsi olacaq. 2026-cı ilə qədər meşə sahəsinin 30 min hektar artacağı və meşə örtüyünün 12,3 %-ə çatacağı gözlənilir. Bu istiqamət Azərbaycanın meşə zonalarının genişləndirilməsini və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqini nəzərdə tutan 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyasına daxil edilib.
"AFOLU sektorunda emissiyaların azaldılması əsas emissiya mənbələrinə - heyvandarlıq və enerji istehlakına yönəlmiş tədbirlərin birləşməsi, həmçinin meşə sahələrinin artırılması ilə təmin ediləcək. Əsas istiqamət qabaqcıl yem əlavələri və rasionların tənzimlənməsi vasitəsilə heyvandarlıq sahəsində metan emissiyalarının azaldılması olacaq. Lakin, nəzərə alsaq ki, mal-qaranın əhəmiyyətli hissəsi sərbəst otlayır və yemlənmə sahələrində saxlanılmır bu tədbirlərin təsiri məhdud ola bilər.
Əlavə olaraq peyindəki emissiyaları azaltmaq üçün orta və böyük miqyaslı kompostlaşdırma qurğularının yaradılması nəzərdə tutulur. Mal-qara strukturunun optimallaşdırılması, o cümlədən daha iri heyvan cinslərinin payının artırılması da metan emissiyalarının azaldılmasına kömək edə bilər", - sənəddə bildirilib.
Hesabatın müəlliflərinin fikrincə, kənd təsərrüfatı texnikasının dizel yanacağından elektrik alternativlərinə keçirilməsinə dair əhəmiyyətli emissiya azaltma potensialı mövcuddur. Bu həm nəqliyyat vasitələrinə və traktorlara, həm də stasionar avadanlıqlara - suvarma sistemləri, nasoslar və soyuducu qurğulara aiddir. Bu tədbirlərin həyata keçirilməsi enerjidoldurma və enerji saxlama üçün infrastrukturun inkişafını tələb edəcək.
"Digər istiqamətlər arasında dəqiq və şumsuz əkinçiliyin tətbiqi, gübrələrin həddindən artıq istifadəsinin azaldılması və torpaqların vəziyyəti haqqında ətraflı məlumat sisteminin yaradılması qeyd olunur. Dağlıq relyefə görə torpaqların eroziyaya qarşı həssaslığını nəzərə alaraq, belə bir sistem təbiəti qoruma tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm vasitə olacaq", - hesabatda vurğulanır.
NDC-də qeyd olunur ki, meşə sahələrinin genişləndirilməsi təkcə AFOLU strategiyasının bir hissəsi olmayacaq, həm də digər sektorlarda emissiyaları kompensasiya etmək üçün bir vasitə olacaq və 2035-ci ilə qədər milli dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına kömək edəcək.
Bununla yanaşı, 2035-ci ilə qədər iqlim məqsədlərinə çatmaq üçün konkret tədbirləri əhatə edən hərtərəfli emissiyaların azaldılması strategiyasının qəbul edilməsi təklif olunur. Əsas tədbirlər arasında elektrik avadanlığına sürətli keçid, kompostlaşdırma qurğularının inkişafı və meşələrinin bərpası üçün münasib torpaqlardan istifadə var.
NDC-nin məlumatlarına görə, emissiyaların azaldılması, xüsusilə də avadanlığın elektrikləşdirilməsi və taxıl emalı texnologiyaları sahəsində əhəmiyyətli kapital qoyuluşları tələb edəcək. Elektrik həllərinə keçid, həmçinin yeni infrastrukturun yaradılmasını nəzərdə tutur. Əməliyyat xərcləri isə bir çox amillərdən asılı olacaq. Ən bahalı komponentlər arasında dəniz yosunları əsasında yem əlavələri və 3-NOP [iribuynuzlu mal-qarada metan emissiyalarını azaldan əlavə - red.] var. Bu isə metan emissiyalarının azaldılmasında əsas rol oynayır. Bütün sadalanan tədbirlərin uğuru əsasən kənd təsərrüfatının məhsuldarlığını qorumaq bacarığından asılı olacaq.