Azərbaycan iki ölkədən günəbaxan yağı idxalını bərpa edib
- 22 noyabr, 2022
- 05:50
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən 43,89 milyon ABŞ dolları dəyərində 26 min 531 ton günəbaxan yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,1 %, kəmiyyət olaraq – 33,5 % azdır.
Rusiyadan 42,155 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,8 % azdır) 25 min 732 ton (-34,6 %), Türkiyədən 1,31 milyon ABŞ dolları dəyərində (+54,4 %) 576,89 ton (+24,4 %), Özbəkistandan 205,72 min ABŞ dolları dəyərində 113,48 ton, Ukraynadan 139,84 min ABŞ dolları dəyərində (+26 %) 77,15 ton (+25,8 %), İtaliyadan 66,2 min ABŞ dolları dəyərində (+59,3 %) 25,99 ton (+44,4 %) məhsul gətirilib.
Altı il 10 ayın tamamında Özbəkistandan, 2 il 2 aylıq aradan sonra Fransadan tədarük bərpa edilib. Fransadan 0,02 min ABŞ dolları dəyərində 0,01 ton günəbaxan yağı idxal edilib.
Hesabat dövründə Azərbaycan xaricə 8,368 milyon ABŞ dolları dəyərində (+25 %) 4 min 053 ton (-6 %) günəbaxan yağı satıb.
İraqa 4,975 milyon ABŞ dolları dəyərində (+32,4 %) 2 min 411 ton (-3 %), Gürcüstana 3,224 milyon ABŞ dolları dəyərində (+12 %) 1 min 541 ton (-12,7 %), Türkmənistana 167,25 min ABŞ dolları dəyərində 100,46 ton (bir il əvvəl tədarük olmayıb) və Amerika Birləşmiş Ştatlarına 1,1 min ABŞ dolları dəyərində (+21 %) 0,55 ton (+12,2 %) məhsul ixrac edilib.
Ötən il Azərbaycanın xaricə (7 ölkəyə) satdığı 5 min 970 ton günəbaxan yağının 53,9 %-i İraqın payına düşüb.