Azərbaycan əsas tədarük bazarlarından birindən şəkər idxalını kəskin artırıb

ASK
  • 29 mart, 2023
  • 13:00
Azərbaycan əsas tədarük bazarlarından birindən şəkər idxalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycandan xaricə 4,773 milyon ABŞ dolları dəyərində 6 min 399 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Azərbaycan Türkmənistana 3,631 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 4 min 935 ton (+93 %), Qırğızıstana 795 min ABŞ dolları dəyərində 1 min 152 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 279 min ABŞ dolları dəyərində (+17 %) 224 ton (-0,1 %), Qazaxıstana 44 min ABŞ dolları dəyərində 68 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 25,1 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan xaricdən 666 min ABŞ dolları dəyərində (+5,1 dəfə) 1 min 12 ton (+5 dəfə) şəkər alıb.

Azərbaycana Rusiyadan 660,22 min ABŞ dolları dəyərində (+405 dəfə) 1 min 10 ton (+1 365 dəfə), Almaniyadan 2,8 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,97 ton (+62 %), Lüksemburqdan 1,84 min ABŞ dolları dəyərində (+36,3 %) 0,26 ton (+2 dəfə), Böyük Britaniyadan 0,37 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 0,17 min ABŞ dolları dəyərində 0,07 ton (bir il əvvəl tədarük olmayıb) şəkər idxal edilib.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanın əsas tədarük bazarlarından (Türkiyəyə (tədarük 1 092 dəfə azalıb), Rusiyaya (-368 dəfə), Ukraynaya (-19 dəfə)) şəkər idxalının kəskin azalması səbəbindən ölkəyə cəmi 322 ton (bir il əvvəl 18 min ton olub) məhsul gətirilib.