Azərbaycan daha 3 ölkəyə alma ixrac etməyə başlayıb
- 14 mart, 2023
- 08:00
2022-ci il ərzində Azərbaycandan xaricə 52 milyon ABŞ dolları dəyərində 82 min 292 ton alma göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 50,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 77 min 115 ton (+23 %), Qazaxıstana 1,15 milyon ABŞ dolları dəyərində (+29 %) 3 min 867 ton (+25 %), Belarusa 271,72 min ABŞ dolları dəyərində 268,93 ton, Birləşmiş Ərəb Əmirliklərinə 134 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 181 ton (+4,5 dəfə), Türkiyəyə 86,24 min ABŞ dolları (+10 dəfə) dəyərində 345 ton (+8 dəfə) məhsul satıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya (21 min ABŞ dolları dəyərində 14 ton), Sinqapura (0,22 min ABŞ dolları dəyərində 0,15 ton) və Sloveniyaya (10 min ABŞ dolları dəyərində 39,5 ton) alma ixracı həyata keçirilib.
Dörd il 11 ayın tamamında Belarusa və 2 il 10 aylıq aradan sonra İraqa (5,4 min ABŞ dolları dəyərində 22 ton) tədarük bərpa edilib.