Azərbaycan daha 3 ölkədən meyvə ağacları tədarük etməyə başlayıb
- 20 dekabr, 2023
- 05:49
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,44 milyon ABŞ dolları dəyərində 4 milyon 970 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 1,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,77 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 3 milyon 496 min ədəd (+26 %), İtaliyadan 1,7 milyon ABŞ dolları dəyərində (+51 %) 370 min ədəd (+36 %), Yunanıstandan 760 min ABŞ dolları dəyərində (-4 %) 460 min ədəd (-10 %), Niderlanddan 639,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 93,7 min ədəd (-65 %), Fransadan 503,3 min ABŞ dolları dəyərində (-40 %) 100,8 min ədəd (-30 %) məhsul alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan (14 min ABŞ dolları dəyərində 16,8 min ədəd), Bolqarıstandan (189 min ABŞ dolları dəyərində 60,7 min ədəd) və Çexiyadan (44,12 min ABŞ dolları dəyərində 9 min ədəd) tədarük həyata keçirilib.