Azərbaycan bu il azot gübrəsi ixracını 1,7 dəfə artırıb

ASK
  • 21 dekabr, 2024
  • 13:35
Azərbaycan bu il azot gübrəsi ixracını 1,7 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 112 milyon 744,32 min ABŞ dolları dəyərində 511 min 610,68 ton azot gübrəsi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,6 dəfə, həcmi isə 1,7 dəfə artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 4,26 % təşkil edir.

Noyabrda isə ölkədən 10 milyon 607,6 min ABŞ dolları məbləğində 57 min 559,35 ton azot gübrəsi ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 18,2 %25,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.