Azərbaycan brendi adı altında Çin və Hindistan traktorları istehsal ediləcək
- 23 may, 2022
- 07:19

Hindistanın “ACE” və Çinin “Zoomlion” traktorları Azərbaycan brendi - “AZARTRAC” adı altında ölkədə istehsal ediləcək.
Bunu “Report”a “Caucasus İndustrial and Trade Group” LTD Satış departamenti direktoru Qoşqar Salahov deyib.
Onun sözlərinə görə, Masallı Sənaye Məhəlləsində “AZARTRAC” markalı bütün növ kənd təsərrüfatı texnikalarının istehsalı üçün zavodun inşası nəzərdə tutulub. Zavodda 25 at gücündən 230 at gücünə qədər müxtəlif çeşidli traktorların, taxıl, qarğıdalı, çəltik, pambıq biçən kombaynların və hər növ aqreqatların istehsalı mümkün olacaq. Ümid edirik ki, 2023-cü ildə işlərə başlaya bilərik. Müəssisənin inşası ilə bağlı artıq sənədləşmə işləri yekunlaşır”.
Q.Salahov deyib ki, müəssisənin illik istehsal gücü 4 min ədəd traktor təşkil edir: "Təbii ki, Azərbaycanda ildə 4 min traktor satılmır. Müəssisəmizin fəaliyyətə başlaması ilə 6 ölkədə traktor satışını planlaşdırırıq. “AZARTRAC” traktorları Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Ukraynada satılacaq”.
O, vurğulayıb ki, müəssisə əsasən yerli investisiyalar hesabına tikiləcək, bununla yanaşı, Almaniya kapitalı da olacaq.
Q. Salahov deyib ki, istehsal edəcəyimiz traktorların həm ucuz, həm də ketfiyyətli olmasını istəyirik: “Bununla yanaşı, traktorun servisinin Azərbaycanda təşkil edəcəyik. İstəyirik ki, bütün ehtiyat hissələri rahatlıqla tapılsın. İlkin olaraq traktorlar burda yığılacaq, amma gələcəkdə bəzi detalların istehsalı ölkədə təşkil olunacaq. Şəmkirdə yerləşən Zəyəm Parkı bir çox detalları bizim üçün istehsal edə bilər”.
O, Azərbaycanın traktora illik tələbatı ilə bağlı danışıb: “Azərbaycanda ildə 1 200 ədəd traktor satılır. Təbii ki, satılan traktorlar 25 at gücündən 200-250 at gücünədəkdir, orta seqmentdə 90-110 at gücü olan traktorlar daha çox satılır. Təbii ki, bağ üçün 25-50 at gücündə də traktorlar satılır. Satılan traktorlar regiona görə dəyişir. Məsələn, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Xaçmaz zonasında əsasən bağçılıq üzrə traktorlar satılır, onlar həcmcə balacadır, lakin gücü böyükdür”.
Q.Salahov deyib ki, Qarabağdakı sahələrdə traktorlara, aqreqatlara ehtiyac var, əsasən Bərdə-Ağdam istiqamətində: "Əgər müəssisəmizin tam hazır olması geciksə, biz bir neçə regionda “show room” dükanlarını yaratmaq istəyik”.
Q.Salahov bu həftə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgilərinin önəmi ilə bağlı danışıb: “Sözügedən sərgilərdə iştirakımızın məqsədi traktorların satışını və tanıtımını həyata keçirmək idi. Həmçinin, sərgi vasitəsilə kənd təsərrüfatı ilə məşğul olan insanların bu traktorlarla tanış olmasını, onların keyfiyyətini öyrənmələrini istəyirdik. Bununla yanaşı, fermerlərin hər hansı bir narazılıqları varsa, biz də onları gələcəkdə texnika istehsalı zamanı nəzərə ala bilərik.
O, əlavə edib ki, sərgi çərçivəsində 8 traktor satılıb: "Dövlət tərəfindən təqdim olunan lizinq şərtləri əsasında traktorlarımız 40 % güzəştlə satılır. Yəni, fermerə ödənişin 40 %-ini dövlət qarşılayır”.
Qeyd edək ki, “Caucasus İndustrial and Trade Group” LTD şirkəti 2018-ci ildə Azərbaycanda təsis edilib. Şirkətin Almaniyada, İranda, Türkiyədə ofisləri fəaliyyət göstərir. Şirkət həmçinin Çinin və Hindistanın tanınmış kənd təsərrüfatı texnikaları istehsalçılarının rəsmi nümayəndəsidir.