Azər Məmmədov: Ərzaq təhlükəsizliyinin təmin edilməsi birbaşa heyvan sağlamlığından asılıdır
- 02 sentyabr, 2026
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Ərzaq təhlükəsizliyinin təmin edilməsi və yerli istehsalın qorunması birbaşa heyvan sağlamlığından asılıdır.
"Report"un Cənub bürosu xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Azər Məmmədov Lənkəranda keçirilən "Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları" mövzusunda keçirilən təlim proqramındakı çıxışında deyib.
Onun sözlərinə görə, xəstəliklərin erkən aşkarlanması və vaxtında mübarizə tədbirlərinin görülməsi müasir baytarlıq xidmətinin əsas prioritetlərindəndir:
Mərkəzin rəhbəri qeyd edib ki, erkən diaqnostika ilkin kliniki əlamətlərin vaxtında müşahidə edilməsindən, sahə baytar həkiminin qiymətləndirməsindən, nümunələrin düzgün götürülərək laboratoriyaya çatdırılmasından və nəticə əldə olunanadək xəstəliyin yayılma riskinin azaldılması üçün zəruri biotəhlükəsizlik tədbirlərinin görülməsindən ibarət vahid prosesdir: "Yoluxucu xəstəliklərdə vaxt amili həlledicidir və gecikmiş aşkarlanma xəstəliyin daha geniş əraziyə yayılmasına səbəb ola bilər".
A.Məmmədov vurğulayıb ki, düzgün diaqnostika ilə yanaşı, biotəhlükəsizliklə bağlı tədbirlərin görülməsi də vacibdir:
"Təsərrüfata yeni heyvanların daxil olması, nəqliyyat, yem və su mənbələri, inventar, işçi hərəkəti və vəhşi heyvanlar yoluxma riski yarada bilər. Giriş-çıxışın idarə olunması, dezinfeksiya, yeni heyvanların təcridi, xəstə və sağlam heyvanların ayrılması və sanitar rejimə əməl olunması vacibdir. Peyvəndləmə risk əsasında planlaşdırılmalı, heyvanların identifikasiyası və qeydiyyatı, soyuq zəncir və nəticələrin izlənilməsi vahid sistem kimi təşkil edilməlidir".
O qeyd edib ki, fermer və sahə mütəxəssisi bu sistemin əsas iştirakçılarıdır:
"Fermer xəstəliyin ilkin əlamətlərini tanımalı və vaxtında məlumat verməli, baytar mütəxəssislərin bilik və bacarıqları isə yeni diaqnostik metodlar, profilaktik yanaşmalar və rəqəmsal texnologiyalar üzrə daim yenilənməlidir".
Onun sözlərinə görə, əsas məqsəd xəstəlik geniş yayıldıqdan sonra onun nəticələri ilə mübarizə aparmaq deyil, xəstəliyi erkən aşkar etmək və yayılmasının qarşısını almaqdır: "Erkən xəbərdarlıq, erkən diaqnostika, operativ müdaxilə və effektiv profilaktika vahid sistem kimi işləməlidir".