Azad edilmiş ərazilərdə yaradılacaq “Ağıllı kənd”ə iqtisadi qiymətləndirici axtarılır

ASK
  • 30 oktyabr, 2021
  • 08:34
Azad edilmiş ərazilərdə yaradılacaq “Ağıllı kənd”ə iqtisadi qiymətləndirici axtarılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd”in iqtisadi baxımdan səmərəliliyinin seçilmiş kənd əsasında qiymətləndirilməsi üzrə xidmətlərin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 23-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 1-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (077) 299-11-91.

Nəticələr dekabrın 2-si, saat 17:00-da portalda açıqlanacaq.

Xatırladaq ki, bu ilin aprelin 27-də President İlham Əliyev Zəngilana səfəri zamanı rayonun Ağalı kəndində ilk "Ağıllı kənd" layihəsinin təməlqoyma mərasimində iştirak edib.

“Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.