Azad edilmiş ərazilərdə aqrar sahədə görülən işlər açıqlanıb
- 03 noyabr, 2022
- 07:17
Azərbaycanın azad edilmiş ərazilərində 2022-2023-cü il üçün intensiv şum və səpin işləri aparılır, payızlıq əkin sahəsinin əvvəlki ilə nisbətən artırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2021-2022-ci təsərrüfat ilində 50 min hektardan çox sahədə payızlıq və yazlıq əkinlər həyata keçirilib: "Əkinlərin 95 %-indən çoxunu arpa və buğda əkinləri təşkil edib və becərmə işləri dəmyə şəraitində aparılıb. Azad olunmuş ərazilərdə mövcud bağların qorunması və yeni intensiv meyvə bağlarının salınması işinə də xüsusi diqqət yetirilir. Həmin ərazilərdə torpaq ehtiyatlarının imkanları qiymətləndirilərək intensiv meyvə bağlarının genişləndirilməsi nəzərdə tutulur".
Nazir deyib ki, bu il azad olunmuş ərazilərin yay otlaqlarına, əsasən də Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçü təmin edilib: "Köçün təşkili ilə əlaqədar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında xüsusi köş portalı yaradılıb, bu portal digər dövlət qurumlarının müvafiq elektron bazalarına inteqrasiya edilib, təsərrüfatların yaylaqlara qaldırılması ilə bağlı kriteriyalar müəyyənləşib. Öz təsərrüfatlarını yaylaqlara aparmaq istəyən fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində azad olunmuş ərazilərdə davranış qaydaları ilə bağlı təlimlər keçirilib. Mövsüm dövründə azad olunmuş ərazilərdəki yaylaqlara 330 minə yaxın xırdabuynuzlu heyvanın və 61 mindən çox arı ailəsinin köçü həyata keçirilib. Nazirliyin səyyar baytarlıq briqadaları yaylaqlardakı təsərrüfatlarda mütəmadi monitorinqlər keçirib, zərurət yaranan hallarda heyvanlara müvafiq baytarlıq xidmətləri göstəriblər".
O qeyd edib ki, nazirlik işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini Prezident tərəfindən elan edilmiş "yaşıl enerji" zonası prinsipləri əsasında həyata keçirir: "Zəngilan rayonunun Ağalı kəndində inşa olunan ilk “Ağıllı kənd”in elektrik enerjisinə tələbatının ödənilməsi məqsədi ilə Həkəri çayı üzərində karbon emissiyası sertifikatına malik “Arximed” qurğusu quraşdırılıb. Bu sistem günəş enerjisi və digər alternativ enerjilərə nisbətən fasiləsiz işlədiyi üçün daha çox enerji əldə etməyə imkan verir. Kənd ərazisində iqlim əsaslı “ağıllı kənd təsərrüfatı” modeli tətbiq olunur. Bu model özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir".