AXA: Laboratoriya analizlərinin əhatəsi genişləndirilib
- 25 avqust, 2026
- 12:55
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) laboratoriyalarında analizlərin əhatə dairəsi genişləndirilib.
"Report" xəbər verir ki, bunu Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasının direktoru Vüsal Ağayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qurumun regionlar üzrə 13 laboratoriyası fəaliyyət göstərir: "Onlardan 11-ində hem aqrokimyəvi analizlər, həm toxum analizləri aparılır. Mərkəzi laboratoriyada da aqrokimyəvi analizlər, toxum analizləri, eyni zamanda məhsul analizləri, baytarlıq istiqamətində analiz daha çox çeşidli analiz istiqamətləri mərkəzi laboratoriyada aparılır. Bitki xəstəlikləri yeni strukturda bizdə nəzərdə tutulmuş bitki xəstəlikləri üzrə də müayinələr artıq ayrıca şöbə şəklində aparılır, bu istiqamətdə daha böyük, daha geniş diapazonda analizlər aparılır. Eyni zamanda aqrokimyəvi analizlər dediyimiz orada həm torpaq analizləri, həm suvarma suyu analizləri, eyni zamanda bitkidə olan qida maddələrinin analizləri aparılır, yəni makro-mikro elementlərin təyini istiqamətində analizlər aparılır".
V.Ağayev qeyd edib ki, aqrokimyəvi müayinələr çərçivəsində torpaq, suvarma suyu, eləcə də bitkidə olan mənimsənilən makro və mikroelementlərin təyini həyata keçirilir: "Bu analizlərin aparılması aqrar sektora elmi yanaşma tətbiq etməyə imkan verir ki, fermerlər də öz təsərrüfat işlərini məhz bu prinsiplə qurublar. Torpağa ehtiyacdan artıq gübrə vurulması həm iqtisadi baxımdan səmərəsizdir, həm ekoloji cəhətdən zərərlidir, həm də torpağın strukturunun pozulmasına səbəb ola bilər. Ona görə də fermerin torpağın tərkibini, oradakı elementləri və fiziki göstəriciləri bilərək fəaliyyət göstərməsi vacibdir".
O əlavə edib ki, əsas məsələlərdən biri verilən analiz nəticələrinə əminlikdir: "Verilən analiz nəticələrinə əminliyin biz səriştəlik sınaqlarında iştirak etməklə və beynəlxalq bu istiqamətdə beynəlxalq şəbəkələrə qoşulmaqla təsdiqləyə bilərik. Belə ki, Mərkəzi laboratoriya və eyni zamanda bir sıra AXA-nın regional laboratoriyaları Qlobal Torpaq Laboratoriyalar Şəbəkəsinə qoşulub".