Fond: İndiyə qədər aqrar sığorta ödənişləri 60 rayonu əhatə edib

ASK
  • 07 may, 2026
  • 16:02
Fond: İndiyə qədər aqrar sığorta ödənişləri 60 rayonu əhatə edib

İndiyədək aqrar sığorta ödənişləri Azərbaycanın 60 rayonunu əhatə edib.

"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondu (ASF) İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bu gün Bakıda keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı Forumda deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı iqlim dəyişikliklərinin təsirinə ən çox məruz qalan sahə olduğu üçün iqtisadiyyatın ən riskli sahələrindən biri hesab olunur: "Həm iqlim dəyişiklikləri, həm maliyyə riskləri daxil olmaqla, çoxsaylı amillər kənd təsərrüfatında fermerlərimizin dayanıqlığına ciddi təsir göstərir. Xüsusilə də iqlim dəyişiklikləri fonunda getdikcə təbiət hadisələrinin, təbii fəlakətlərin sayının artması qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır".

O əlavə edib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatından da kənarda qalmır: "Eyni tendensiyanı Azərbaycan üçün də vurğulaya bilərik. Odur ki, dünyada ərzaq təhlükəsizliyinin, fermerlərin dayanıqlığının təmin edilməsi, eləcə də risklərin effektiv idarə olunması və iqtisadi stabilliyin təmin edilməsi məqsədi üçün müxtəlif fəaliyyətlərdən, vasitələrdən istifadə edilir. Bunlardan biri aqrar sığortadır".

Sədr müavini vurğulayıb ki, Fond 2021-ci ildən indiyədək 23 milyon manat sığorta ödənişi həyata keçirib: "Bu sığorta ödənişi ölkənin 60-dan çox rayonunu, 700-ə yaxın kəndi əhatə edib. Növbəti illərdə həmin ödənişlərin həcminin daha da artacağını gözləyirik".