AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək

ASK
  • 07 oktyabr, 2026
  • 11:45
AQTA: Aqrar sahədə yeni qanun heyvan-bitki sağlamlığını inkişaf etdirəcək

"Aqrar sahə haqqında" yeni qanun qida təhlükəsizliyinin və heyvan-bitki sağlamlığının inkişafına təkan verəcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - sözügedən qanunun layihəsinin müzakirəsində bildirib.

"Yeni qanunla əlaqədar "Fitosanitar nəzarəti haqqında" qanunda da müvafiq dəyişikliklər edilir, bir fəsil tamamilə ləğv olunur. Bildiyiniz kimi, bu gün bitki sağlamlığı sahəsində zərərvericilərə və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərini həm AQTA, həm də Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Xidmətlər Agentliyi həyata keçirir. Bunun hüquqi əsası "Fitosanitar nəzarəti haqqında" qanundur. Əsas məsələlərdən biri bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsində boşluq yaranmamasıdır. Çünki son illər baş verən iqlim dəyişiklikləri, həmçinin bu sahədə fitosanitar vəziyyətin təhlili zamanı görürük ki, zərərvericilərə qarşı mübarizə tədbirləri xüsusilə aktuallaşıb. Bu baxımdan xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin "Fitosanitar nəzarəti haqqında" qanunun təsir dairəsindən kənarda qalması məsələsinə baxılmasını xahiş edirəm. "Aqrar xidmətlər" terminini "fitosanitar xidmətlər" termini əvəz edir", - deyə o qeyd edib.