“Aqrolizinq” “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə başlayıb
- 06 avqust, 2018
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC vətəndaşlara göstərilən xidmətlər və lizinq qaydaları ilə bağlı maarifləndirmə işlərini davam etdirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Aqrolizinq” bu məqsədlə mövcud problemlərin dinlənilməsi və yerindəcə həll edilməsi məqsədi ilə “Regionlarda maarifləndirmə və sorğu” layihəsinə başlayıb. İlk belə tədbir Şəmkir rayonunda keçirilib. Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçirilən tədbirdə “Aqrolizinq”in bir qrup rəhbər işçisi Şəmkir, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Göygöl, Samux və Gədəbəy rayonlarından olan sakinlər, həmçinin fermer və təsərrüfat sahibləri ilə görüşüblər.
Görüşdə vətəndaşlar lizinq qaydaları və tətbiq edilən güzəştlər, innovativ yeniliklər barədə maarifləndirilib, elektron xidmətlər barədə ətraflı məlumat verilib. Sonra kəndli və fermerlərin qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib.
Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilib.