Anar Cəfərov: "İlin sonunadək 10 bölgədə aqrotoxum sərgisi-satış yarmarkası keçiriləcək"

ASK
  • 05 oktyabr, 2026
  • 11:49
Anar Cəfərov: İlin sonunadək 10 bölgədə aqrotoxum sərgisi-satış yarmarkası keçiriləcək

Bu ilin sonunadək Azərbaycanın 10 bölgəsində aqrotoxum sərgisi-satış yarmarkaları keçiriləcək.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bu rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə 2021-ci ildən başlanılaraq bölgələrdə toxum sərgisi-satış yarmarkaları təşkil edilir: "Bu ilin sonuna qədər isə 10 bölgədə aqrotoxum sərgisi-satış yarmarkasının keçirilməsi nəzərdə tutulub".

O qeyd edib ki, ümumiyyətlə, "Agro Business Festival" dedikdə, burada tərəfdaş şirkətlər, fermerlər və bir sıra digər şirkətlər iştirak edir: "Bunların arasında birbaşa aqrar sektora aid olmayan şirkətlər də var. Çünki artıq bu tədbirlər regionda böyük etimad platformasına çevrilib. Burada həm fermerlərimiz, həm qonşu şəhərlərin sakinləri, həm də aqrar sahəyə birbaşa aid olmayan şirkətlər təmsil olunurlar. Ümumilikdə, 5 il ərzində bütün iqtisadi rayonları əhatə etməklə, 10 iqtisadi rayonda, 56 regionda və 3 şəhərdə bu tədbirlər keçirilib. Missiyamız çərçivəsində isə ümumilikdə 200 min kilometrdən çox məsafə qət etmişik".

A. Cəfərovun fikrincə, festivalların əsas formatı sərgilərin nümayişi ilə yanaşı, müxtəlif sahəvi tədbirlərin keçirilməsini də nəzərdə tutur: "Bunlardan biri toxum sərgisi-satış yarmarkasıdır. Sentyabrdan dekabr ayına qədər davam edən bu yarmarkalarda fermerlərimiz müxtəlif toxumlarla tanış olur, onların üstünlükləri barədə mütəxəssislərimizdən məlumat alırlar".

44 - Tezliklə