Ağdaşda aqrar sahədə yeni Dövlət Proqramına dair regional müşavirə keçirilib
- 12 iyun, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Ağdaş rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
"Report" xəbər verir ki, tədbir dövlət başçısının sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarından olan fermerlər iştirak ediblər.
Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Prezidentin kənd təsərrüfatı sahəsinin göstərdiyi diqqət və bu məqsədlə keçirilən müşavirədə verilən tapşırıqlar barədə danışıb, habelə yeni Dövlət Proqramının məqsədi və əhəmiyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi mexanizmi təkmilləşdirilib, aqroparklar yaradılıb, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, torpaq-su resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində mühüm layihələr icra olunub. Yeni Dövlət Proqramı bu islahatların məntiqi davamı olmaqla aqrar sektorun inkişafında yeni mərhələnin əsasını təşkil edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov isə Mərkəzi Aran iqtisadi rayonunda su təminatı, mövcud meliorasiya və su təsərrüfatı infrastrukturu, həyata keçirilən, eləcə də perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. O, su ehtiyatlarından səmərəli və qənaətli istifadənin vacibliyini xüsusi qeyd edib, bildirib ki, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su uçotunun təkmilləşdirilməsi, rəqəmsal idarəetmə və monitorinq sistemlərinin qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf prioritetləri və nəzərdə tutulan dəstək mexanizmləri barədə təqdimatla çıxış edib. Təqdimatda regionun ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlıq sahələrinin inkişafı, məhsuldarlığın yüksəldilməsi, müasir aqrotexniki yanaşmaların, innovativ texnologiyaların tətbiqi, su-torpaq resurslarından səmərəli istifadə, aqrar sığorta və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fermerlərin aqrar məsləhət və təlim xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Daha sonra Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə kənd təsərrüfatı sahəsində görülən işlər barədə məlumat verib. O, Dövlət Proqramının rayon üçün əhəmiyyətindən danışaraq bildirib ki, Proqramda nəzərdə tutulan tədbirlərin operativ icrasını təmin etmək məqsədilə rayonda hazırlıq işlərinə artıq başlanılıb. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Tədbirlər Planını hazırlanır, prioritet istiqamətlər üzrə konkret fəaliyyətlər müəyyənləşdirilir və aidiyyəti qurumlar arasında koordinasiya mexanizmləri formalaşdırılır. O qeyd edib ki, Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə nail olunması üçün rayon səviyyəsində zəruri təşkilati və institusional tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Daha sonra fermer və sahibkarlar çıxış edərək dövlət başçısının və dövlətin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Eyni zamanda, regionun fermerləri adından Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası istiqamətində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışacaqlarını, məhsuldarlığın artırılması və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər.
Müşavirənin yekununda Z.Nağdəliyev Dövlət Proqramının Mərkəzi Aran iqtisadi rayonunda səmərəli icrasının təmin olunması məqsədilə bütün əlaqəli qurumlara konkret tapşırıqlar verib. Tapşırıqlarda suvarma və meliorasiya tədbirlərinin gücləndirilməsi, əkin sahələrində aqrotexniki qulluq işlərinin vaxtında aparılması, fermerlərlə maarifləndirmə işinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanları, Kənd Təsərrüfatı Nazirliyi, ADSEA və digər aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, Dövlət Proqramının icrası Mərkəzi Aranda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəlməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.