Ağcabədili fermer: "Ötən il dabaq xəstəliyindən xeyli heyvanımız tələf olub"
- 29 sentyabr, 2026
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağcabədi rayonunda 2025-ci ildə dabaq xəstəliyindən xeyli heyvan tələf olub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin Ağcabədinin heyvandarlıq təsərrüfatlarında təşkil etdiyi dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərini dəyərləndirən rayonun Təzəkənd kənd sakini, fermer Əbülfət Əsgərov deyib.
Onun sözlərinə görə, həyata keçirilən bu tədbirlər heyvandarlıq təsərrüfatlarına böyük dəstəkdir:
"Heyvanların dabaq xəstəliyinə qarşı peyvənd edilməsi çox vacibdir. Ötən il bu xəstəlikdən xeyli heyvanımız tələf oldu. Ona görə də bu il heyvanların peyvəndlənməsi üçün daha tez müraciət etdik və bunun faydasını gördük. Aidiyyəti qurumlar artıq dövlət planına uyğun olaraq mənim təsərrüfatımda vaksinasiya işləri aparırlar. Ümid edirik ki, görülən tədbirlər nəticəsində bu il təsərrüfatımızı yoluxucu xəstəliklərdən qorumaq mümkün olacaq".