ADB Azərbaycanda aqrar sektorun transformasiyasında iştirak planlarını açıqlayıb

ASK
  • 01 oktyabr, 2025
  • 11:44
ADB Azərbaycanda aqrar sektorun transformasiyasında iştirak planlarını açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı ilkin müzakirələrə başlayıb.

"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rouz Best (Marina Rose Best) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

M.Best xatırladıb ki, bankın 2030-cu ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyasında kənd təsərrüfatı 7 əməliyyat prioritetindən biri kimi müəyyən edilib.

"Biz kənd təsərrüfatını da iqlim planlarımıza daxil etmişik. Bu il 2030-cu ilə qədər qida sistemlərinin transformasiyası üçün 40 milyard dollarlıq investisiya proqramını elan etdik ki, bu da həm dövlət, həm də özəl sektoru əhatə edir. Bu proqramın bir hissəsi Azərbaycanla tərəfdaşlıq strategiyamızda da öz əksini tapıb və onun həyata keçirilməsinə bu yay başlanılıb. Kənd təsərrüfatı Azərbaycan üçün son dərəcə vacibdir, xüsusən də iqtisadi diversifikasiya planları kontekstində. Ölkə əhalisinin təxminən 36 %-i kənd təsərrüfatı sektorunda çalışır və bu sektor ÜDM-ə əhəmiyyətli töhfə verir. Lakin buna baxmayaraq, bu sahəyə hələ də çox az investisiya qoyulur: suvarılan torpaqların təxminən 10 hektarından yalnız 1-də müvafiq suvarma sistemləri var", - o qeyd edib.

Bankın nümayəndəsi vurğulayıb ki, ADB bu sahəni Azərbaycanla əməkdaşlıqda son dərəcə prioritet hesab edir.

"İndiyə qədər Azərbaycanda kənd təsərrüfatına töhfəmiz məhdud olub, lakin biz bunu dəyişmək istəyirik və artıq hökumətlə ilkin müzakirələrə başlamışıq. Xüsusilə, çay hövzələrinin qiymətləndirilməsi, su ehtiyatlarının monitorinqi və proqnozlaşdırılması, suvarma sistemlərinin dəstəklənməsi və yeni texnologiyaların tətbiqi, həmçinin fermerlərin iqlimə davamlı bitkilər və onların idarə edilməsi üsulları üzrə təlimləndirilməsi ilə bağlı layihələri nəzərdən keçiririk", - M.Best əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti