Yüzillik cinayətlərin hökmü: xam xülyadan reallığa - ŞƏRH

Analitika
  • 06 fevral, 2026
  • 16:16
Yüzillik cinayətlərin hökmü: xam xülyadan reallığa - ŞƏRH

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə müxtəlif cinayətlərin törədilməsində iştirak etmiş şəxslər barəsində ötən gün, fevralın 5-də Bakı Hərbi Məhkəməsində hökm oxunub. Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər məhkum edilib.

Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çox davam edən məhkəmə prosesində Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli biliniblər.

Azərbaycana, türklərə qarşı ermənilər havadarları ilə birlikdə yüz ildən artıqdır, müxtəlif cinayətlər törədiblər. Ancaq onlara heç vaxt belə məhkəmə qurulmayıb.

Azərbaycan ərazisinə yerləşdirildikdən sonra onlar özlərini həmin yerlərin sahib sayıblar. Bununla da azərbaycanlılara qarşı bütün vasitələrdən istifadə edərək onların indiki Ermənistan ərazisindən tamamilə qovulmasına nail olublar.

Ermənilərin bu əməlləri nəticəsində daha sonra bir milyona yaxın Azərbaycan sakini öz yurdlarından - Qarabağ və ətraf rayonlardan qaçqın düşüb. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan həmin əraziləri 30 ilə yaxın işğal altında saxlayıb.

Birinci Qarabağ müharibəsində Azərbaycan işğal faktı ilə barışmayacağını göstərmiş, ərazilərini işğaldan azad etməyə çalışmışdı. Ancaq buna nail ola bilməmişdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük müharibə həm işğala, həm də ermənilərin Azərbaycana qarşı yüz ildən artıq irəli sürülən ərazi iddialarına son qoydu.

Bu Zəfər cinayətkar əməllər törətməkdə təqsirli bilinənlərin həbsinə, mühakiməsinə, cəzalandırılmasına da səbəb oldu. Bu, həm də yüz ildən artıq cəzasız qalan cinayəti törədənlərə qurulmuş ilk ədalət məhkəməsi və ibrətamiz bir hadisədir. Çünki onlar yüz ildən artıq azərbaycanlılara qarşı cinayətlər törədib, həmişə havadarlarının arxasında "yazıq", "türklərin soyqırımına məruz qalmışlar" maskası altında gizləniblər.

Onlar heç vaxt mühakimə olunmayıblar. Sanki törətdikləri cinayətlərdən qorunmaq üçün "immunitetləri", "toxunulmazlıqları" var idi. Dünyanın aparıcı dövlətləri də ermənilərin törətdikləri cinayətlərə göz yumurdular. Həmin qüvvələr Azərbaycan torpaqları işğal altında olanda da eyni cür davranırdılar. Belələri həmin dövrdə ABŞ Konqresi tərəfindən "907-ci düzəliş"in Azərbaycana tətbiq edilməsinə də nail oldular. Bu qüvvələr Ermənistanın işğal etdiyi əraziləri rəsmi Bakının güzəştə getməsini təşviq edir, bir sıra hallarda təzyiq etməkdən də çəkinmirdilər. ABŞ Konqresinin məlum sanksiyası da buna nümunədir.

Azərbaycan dövlətinə qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs olunanları müdafiə edənlər bir zamanlar işğalı dəstəkləyənlərdir. Ötən illərin dərsləri onların reallığı görmək üçün gözlərini, qulaqlarını aça bilməyib. Belələrinin fəaliyəti Azərbaycanla Ermənistan arasında qurulmaqda olan sülh prosesinə, əməkdaşlığa, qarşılıqlı etimada zərbə vurmaq cəhdidir.

Beynəlxalq ictimaiyyət rəsmi Bakının doğru yolda olduğunu təsdiqləyir. Bu hadisə yüz il əvvəl törədilən cinayətlər barədə çıxarılan hökm, verilən cəzadır. Bu, Ermənistanı, erməni cəmiyyətini xülyalardan ayıltmaq, reallığı görmələri üçün silkələməkdir. Azərbaycan hətta məlum cinayətkarları cəzalandırmaqla da Ermənistana yardım etdi, onları avantüristlərdən, pozucu qüvvələrdən, az da olsa, təmizlədi...

Azərbaycan bu məhkəmə ilə post-sovet məkanına örnək oldu. Necə deyərlər, caninin yeri həbsxanadır, o, orada oturmalıdır.

Məlum hökmdən bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dinlər və mədəniyyətlərarası dialoqların inkişafına, insan ləyaqətinin müdafiəsinə, münaqişələrin sülh yolu ilə həllinə, qlobal həmrəyliyin möhkəmləndirilməsinə real töhfə verdiklərinə, qarşıdurma üzərində deyil, qarşılıqlı anlaşma və sülhə birlikdə yaşama prinsiplərinə əməl etdiklərinə görə dünyanın nüfuzlu humanitar və sülhyönümlü təltiflərindən biri sayılan "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüblər. Bu, sülhün və onun təşəbbüskarının dəstəklənməsinə verilən qiymətdir. Beynəlxalq ictimaiyyət bununla Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, suverenliyinin bərpasını, Ermənistanın indiki hakimiyyətinin isə rəsmi Bakının irəli sürdüyü sülh təşəbbüslərinə qarşılıq verməsini alqışlayıb.

Prezident İlham Əliyev mükafatın təqdimat mərasimindəki çıxışında tərəflərin sülh şəraitində yaşamağa öyrəndiklərini vurğulayaraq bunun xüsusi bir hiss olduğunu qeyd edib: "Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik".

Bu bəyanat həm də Ermənistana şamildir.

İndi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh sazişi imzalandıqdan sonra ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açılır.

Azərbaycan və Ermənistanın idarə etdiyi sülh və əməkdaşlıq qatarı caniləri müdafiə edənlər üçün əbədi əlçatmaz olaraq qalacaq. Məlum atalar sözündəki kimi, "...karvan keçər", ona çatmayanlar ulduza baxar...

Son xəbərlər

Bütün Xəbər Lenti