Yaxın Şərq Sülh Sammiti: Cənubi Qafqazda sülh gündəliyinin müəllifi dünya liderlərinin ön sırasında - ŞƏRH
- 14 oktyabr, 2025
- 18:53

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti və əldə olunan nəticələr dünyanın diqqət mərkəzindədir. Sammitin yekunlarına görə Qəzza zolağında atəşkəslə bağlı yekun sazişin imzalanması bu bölgədə çoxdan gözlənilən sülhün əldə olunması istiqamətində atılmış tarixi addım kimi qiymətləndirilir.
Məhdud sayda ölkə liderlərinin qatıldığı sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Səfər ABŞ Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə həyata keçirilib ki, bu da dünya güclərinin rəsmi Bakının qlobal məsələlərin həllində oynadığı rola verdiyi qiymətin göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təkbaşına təmin edən və öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbacyan, bu gün bölgədə həyata keçirilən sülh gündəliyinin müəllifi kimi tanınır.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq Sülh Sammitində Azərbaycanla Ermənistan arasında reallaşdırılan sülh prosesinə və tərəflər arasında Vaşinqtonda əldə edilmiş razılaşmalara istinad etməsi də təsadüfi deyil.
Digər tərəfdən Azərbaycan yalnız özünün yerləşdiyi coğrafi məkanda deyil, dünyada gedən proseslərin fəal iştirakçısı kimi diqqət çəkməkdədir və Prezident İlham Əliyevin Misirdə keçirilən sammitdə iştirakı rəsmi Bakının qlobal siyasi arenada artan nüfuzundan xəbər verir.
Bu mənada Azərbaycan Prezidentinin təkcə oktyabr ayının əvvəlindən etdiyi səfərlərə və iştirak etdiyi tədbirlərə nəzər salmaq kifayətdir. Yaxın Şərq Sülh Sammiti ötən iki həftə ərzində dövlət başçısının iştirak etdiyi sayca 4-cü sammit olub. Özü də 4 fərqli coğrafiyada.
Oktyabrın 1-də Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammiti, 6-7 oktyabrda Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti, 9-10 oktyabrda Düşənbədə MDB Sammiti və sonuncu sammit Şarm əş-Şeyx oldu. Qeyd olunan tədbir və sammitlərdə Azərbaycan Prezidenti geniş və əhatəli çıxışları ilə yadda qalıb, region və dünya gündəmini əhatə edən məsələlərə münasibət bildirib.

Bu gün Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlar fonunda qətiyyətli və müstəqil qərarlar verən lider kimi dünya siyasətinin ön sıralarında yer alıb və Şarm əş-Şeyx zirvə toplantısı çərçivəsində ölkə başçısının keçirdiyi görüşlər bunun növbəti təsdiqi idi.
Ümumiyyətlə, Yaxın Şərq Sülh Sammitinə dəvət faktının özü rəsmi Bakının beynəlxalq nüfuzunun və geosiyasi çəkisinin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycanın bu sammitdə iştirakı beynəlxalq diplomatiyada etibarlı tərəfdaş, sülh və təhlükəsizlik proseslərinin aktiv iştirakçısı kimi qəbul olunduğunu bir daha təsdiq etmiş oldu.
Son illər Azərbaycan dünya əhəmiyyətli bir sıra beynəlxalq təşəbbüslərlə imza atıb, ən müxtəlif qlobal problemlərin, o cümlədən Yaxın Şərq münaqişəsinin həllinə öz töhfəsini verib. Həm Yaxın Şərq, həm də bir sıra digər məsələlərdə qarşı duran tərəflər arasında uğurlu moderatorluq missiyası həyata keçirib.
Bu mənada rəsmi Bakının BMT-yə üzv olan 120 ölkənin iştirak etdiyi Qoşulmama Hərəkatına rəhbərliyi də bir sıra əhəmiyyətli qərarların qəbulu ilə yadda qalıb. Azərbaycan həmçinin dünyanı hələ də təhdid edən kolonializmin qalıqlarının aradan qaldırılması istiqamətində ardıcıl səylər göstərir və bu səylər real nəticələr verməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində bu gün Azərbaycan coğrafi baxımdan kiçik bir ölkə olaraq qlobal prosesləri kənarda müşahidə etmir, əksinə, yeni dünya düzəninin formalaşmasında payı olan güclü dövlət kimi bir sıra məsələlərin həllinə təsir edir.