Türkiyə-Səudiyyə Ərəbistanı əməkdaşlığı – Yaxın Şərqdə güc birliyi - ŞƏRH

Analitika
  • 02 fevral, 2026
  • 16:05
Türkiyə-Səudiyyə Ərəbistanı əməkdaşlığı – Yaxın Şərqdə güc birliyi - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına səfər edəcək. Onu bu ziyarətdə rəsmi şəxslərlə yanaşı, iş adamları da müşayiət edəcək. Səfərin əsas məqsədi iki dövlət arasında ticarət həcminin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, habelə özəl sektorda əməkdaşlığın dərinləşdirilməsi olacaq.

Türkiyə və Səudiyyə Ərəbistanı arasında 2024-cü ildə ticarət dövriyyəsi təxminən 8 milyard dollara çatıb. 2023-cü ildə bu göstərici 6,8 milyard dollar olub. Münasibətlərin normallaşması fonunda ticarət dövriyyəsində sürətli artım müşahidə olunur.

Türkiyənin ixracında əsas yeri toxuculuq, mebel, qida məhsulları, avadanlıq və tikinti materialları tutur. Ölkələr iqtisadi əməkdaşlığı dərinləşdirmək və əmtəə dövriyyəsini artırmağı hədəfləyirlər. Ölkələr ikitərəfli ticarətin həcmini 2030-cu ilə qədər 30 milyard dollara çatdırmaq niyyətindədirlər.

Tərəflər arasında sərmayə, sənaye və enerji məsələlərinə nəzarət edən Türkiyə-Səudiyyə Koordinasiya Şurası fəaliyyət göstərir.

Rəcəb Tayyib Ərdoğanın səfəri ərəfəsində Səudiyyə Ərəbistanı Ər-Riyad birjası vasitəsilə xarici investisiyalara qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bildirilib ki, Ər-Riyad fond birjası əvvəlcədən ixtisas tələbləri olmadan bütün kateqoriyalı xarici investorlar üçün tam açılıb. Bildirilib ki, bu addım Səudiyyə Ərəbistanının kapital bazarını giriş üzrə beynəlxalq standartlara xeyli yaxınlaşdırır. Bununla yanaşı, səhmləri birjada ticarət olunan şirkətlərə xarici sahiblik üzrə məhdudiyyətlər qalmaqdadır. Belə bir şərait türkiyəli iş adamlarına yeni biznes-layihələri reallaşdırmaq üçün yeni imkanlar açır.

Son illər Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi, siyasi və başqa sahələrdə yaxınlaşma yaşanır. Bu baxımdan, R.T.Ərdoğanın Krallığa ziyarəti daha çox iqtisadiyyat və investisiya sahələrini əhatə edəcək. Odur ki, səfərin gündəliyini yeni sazişlər, ticarət həcminin artırılması kimi məsələlər əhatə edəcək.

Səudiyyə Ərəbistanının "Vizyon 2030" hədəfləri üçün Türkiyənin sənaye, istehsal, mühəndislik və texnologiya sahələrində böyük potensial mövcuddur. Ona görə səfər çərçivəsində təkcə əlaqələrin güclənməsi deyil, həm də yeni və konkret investisiya layihələrinin qarşısının açılması baxımından da mühüm üstünlüklər əldə oluna bilər.

Türkiyə Səudiyyə Ərəbistanında "Neom", "Qiddiya", "Qırmızı dəniz" və "Al-Ula" kimi bir sıra mühəndislik və texnoloji layihələri reallaşdırır. Türkiyə regionda yalnız iqtisadi deyil, həm də siyasi maraqların, əməkdaşlıq etdiyi dövlətlərin təhlükəsizliyinin təmininə çalışır. Son illərin hadisələri, xüsusən də rəsmi Ankaranın Suriya və İraqın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı birmənalı mövqeyi bunu isbatlayır. Bu istiqamətdə Türkiyə və Səudiyyə Ərəbistanı bir-birinə yaxın mövqe sərgiləyiblər.

Rəsmi Ankara Səudiyyə Ərəbistanı ilə birlikdə Yaxın Şərqdə bir sıra pozuculuq fəaliyyətlərinin qarşısını ala bilib. Beynəlxalq arenada mövcud münaqişələr, hərbi qarşıdurmalar regional dövlətlərin hərbi sahədə də əməkdaşlığını zəruri edir. Ehtimal olunur ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Ortaq Müdafiə Qrupu" yaradılacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə və Pakistan hərbi sahədə strateji tərəfdaşlardır. Tərəflər hərbi sənaye sahəsində də əməkdaşlıq edirlər. Türkiyə Pakistanın F-16 təyyarələrini modernləşdirir və zabitlərinə təlim keçir, Azərbaycanın da daxil olduğu güclü müdafiə alyansı yaradır.

Son on ildə 1500-ə yaxın pakistanlı zabit Türkiyədə təlim keçib. Aralıq və Ərəbistan dənizlərində müntəzəm olaraq hərbi-dəniz təlimləri, həmçinin terror əleyhinə məşqlər keçirilir. Qeyd edək ki, 1970-ci illərdən bəri Pakistan Səudiyyə Ərəbistanını təhlükəsizlik məsələlərində fəal şəkildə dəstəkləyir. Odur ki, perspektivdə Türkiyə-Pakistan alyansına Səudiyyə Ərəbistanı da qoşula bilər.

Bu ölkələr arasında hərbi müttəfiqlik region dövlətlərinin təhlükəsizliyinin təmin olunması baxımından da əlverişli sayılır. Düzdür, Türkiyə ilə Krallıq arasında yaxınlaşmaya mane olanlar da az deyil. Ancaq hadisələr göstərir ki, region dövlətləri arasında təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq əhəmiyyətlidir. Çünki bu, terrorçuluq, separatçılıq kimi pozucu fəaliyyətlərin qarşısını almağa yardım edər.

Rəcəb Tayyib Ərdoğanın Krallıqdan sonra Misirə səfər etməsi gözlənilir. Bu səfər də Türkiyənin Yaxın Şərq ölkələrində etimad və etibarının artmasına təkan verəcək.

Son günlər ABŞ-İran münasibətlərində gərginliyin artması Yaxın Şərq dövlətlərinin iqtisadi-ticarət əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində də ortaq mövqedə olmalarını zəruri edir. Çünki Vaşinqton-Tehran qarşıdurması bölgə ölkələri üçün də təhlükə mənbəyi ola bilər.

Ona görə də Türkiyə-Səudiyyə Ərəbistanı-Misir əməkdaşlığı bölgəni gözləyən mümkün təhlükələrdən qoruyar. Rəsmi Ankaranın birləşdirici amil rolunda çıxış etməsi aktuallaşar.

Bir zamanlar Türkiyə başqa region dövlətləri ilə birlikdə Liviyaya da əməkdaşlıq təklif etmişdi. Ancaq sonradan baş verən "ərəb baharı"nın küləkləri bunun vacibliyini təsdiqləmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti