"Taliban" ümidləri doğrultmur – beynəlxalq ictimaiyyət yeni Şimali Koreya istəmir - ŞƏRH

Analitika
  • 01 oktyabr, 2025
  • 15:37
Taliban ümidləri doğrultmur – beynəlxalq ictimaiyyət yeni Şimali Koreya istəmir - ŞƏRH

"Taliban" hökuməti Əfqanıstanda ölkəboyu telekommunikasiyaları kəsib. Bir neçə həftə əvvəl onlar sosial şəbəkədə yayılanları "əxlaqsızlıq" adlandırıb və onun qarşını almaq məqsədi ilə optik lif internet bağlantılarını yayımını dayandırmağa başlayıb.

"Netblocks" qrupunun məlumatına görə, Əfqanıstan hazırda tam rabitə kəsintisi ilə üzləşir: "Əfqanıstan hazırda "Taliban" hakimiyyətinin əhalinin əxlaq ruhunu qorumaq məqsədilə tədbirlər gördüyü üçün tam internet kəsilməsi yaşayır. Bir neçə şəbəkə səhər saatlarında mərhələli şəkildə söndürülüb. Telefon əlaqəsi də hazırda təsir altındadır".

"Agence France Presse" paytaxt Kabildəki ofisində internetin, o cümlədən mobil rabitə ilə əlaqənin kəsildiyini bildirib.

Mobil internet, peyk televiziyası yayımı da bütün Əfqanıstan ərazisində dayandırılıb.

İnternetə tətbiq olunan qadağa səbəbindən sentyabrın 29-da Kabil beynəlxalq hava limanında uçuşlar da pozulub. Bu məhdudiyyət bank sistemində də ciddi problemlər yaradıb.

Əvvəllər "Taliban" hökuməti rəsmiləri təfərrüatları açıqlamadan internetə alternativ giriş marşrutu yaratdıqlarını bildirmişdilər. Onda iş adamları qadağaların davam edəcəyi halında fəaliyyətlərinin ciddi şəkildə zərər çəkəcəyi barədə hökuməti xəbərdar etmişdilər.

Əfqanıstanın "One TV" xəbər kanalının keçmiş baş redaktoru Həmid Heydəri internetin kəsintisindən sonra "tənhalığın bütün ölkəni bürüdüyünü" bildirib: "Əfqanıstan internet kəsilmə yarışında Şimali Koreya ilə birinci yeri tutur".

Əfqanıstan cəmiyyətinin beynəlxalq informasiya məkanından təcrid olunması azmış kimi, ölkədə elektrik enerjisinin verilməsində də məhdudiyyətlər tətbiq olunur. Bunu "Taliban" hökumətinin hakimiyyətə qayıtdıqdan sonra tətbiq etdiyi məhdudiyyətlərin sonuncusu da sayırlar.

"Taliban" 2021-ci ildə yenidən hakimiyyətə gəldikdən sonra şəriət qanunlarını özlərinə uyğun təfsir əsasında çoxsaylı məhdudiyyətlər tətbiq edib. İndi də Əfqanıstan əhalisinə az qala hər gün yeni qadağalar tətbiq edilir. Bir müddət əvvəl hökumət universitet proqramından qadınlar tərəfindən yazılmış kitabları çıxarıb. Bu kimi "dini" qadağalardan daha çox qızlar və qadınlar əziyyət çəkirlər. Məsələn, ölkədə 12 yaşdan sonra qızlara təhsil almaq imkanı verilmir. 2024-cü ilin sonundan mamalıq kurslarının bağlanması ilə bu zərif cinsin nümayəndələrinin yüksək təhsil almasının son yollarından biri də kəsilib.

Əfqanıstanı hazırda BMT-də keçmiş hökumətin diplomatı Nasir Əhməd Faik təmsil edir. Ancaq dördüncü ildir ölkə təşkilatda səs vermək hüququndan məhrum olunub. Buna səbəb isə Əfqanıstan hökumətinin BMT-yə üzvlük haqlarını ödəmədiyi göstərilir. Bununla belə qrupun səyləri hələlik uğurla nəticələnməyib. Ona görə də Əfqanıstan BMT-yə üzvlük haqqını ödəməyi dayandırıb, nəticədə ölkə səsvermə hüququndan məhrum olub.

Nasir Əhməd Faik Əfqanıstanın "siyasi dalana" düşməkdə davam etdiyini, vətəndaşların, xüsusilə, qadın və qızların əsas hüquqlarının ciddi şəkildə məhdudlaşdırıldığını söyləyib.

İran, Rusiya, Çin və Pakistanın xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında Əfqanıstanla bağlı birgə bəyanat yayıblar. Diplomatlar Əfqanıstanda terrorizmə bağlı təhlükəsizlik vəziyyəti ilə əlaqədar dərin narahatlıq ifadə edib, İŞİD, "Əl-Qaidə", "Şərqi Türküstan İslam Hərəkatı", "Tehrik-i Taliban Pakistan", "Ceyş əl-Ədl", "Bəlucistan Azadlıq Ordusu", "Məcid Briqadaları" və başqa qrupların ölkədə regional, qlobal təhlükəsizliyə ciddi təhdid yaratmağa davam etdiklərini vurğulayıblar.

Nazirlər Əfqanıstanda ənənəvi tiryək əkininin azalması istiqamətində səyləri yüksək qiymətləndirsələr də, metamfetamin də daxil olmaqla sintetik narkotiklərin istehsalının kəskin artımını nəzərə alaraq narkotiklərə qarşı kompleks tədbirlərin görülməsinə təkidlə çağırış ediblər.

Son zamanlar Əfqanıstandakı silahlı qruplar Pakistan üçün böyük problemə çevrilib. Əvvəllər "Taliban" hərəkatı İŞİD, "əl-Qaidə" kimi terrorçu qruplardan yalnız Əfqanıstanda fəaliyyət göstərməklə fərqləndiklərini bildirirdilər. Ancaq indi onların hakimiyyəti altında olan ölkədə terror qrupları sərbəst şəkildə fəaliyyət göstərirlər. Bu isə Pakistan başda olmaqla qonşu dövlətlərlə problemlər, qarşıdurma da yaradır.

Bu səbəbdən Pakistan ara-sıra Əfqanıstan ərazisində antiterror əməliyyatı keçirməyə məcbur olur.

Ötən gün Pakistanda Federal Polis qərargahının yaxınlığında baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb. Terror aktının törədilməsində Əfqanıstandan şübhələnilir.

Pakistanın Baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bildirib ki, "Tehrik-i-Taliban Pakistan", "Bəlucistan Azadlıq Hərəkatı" və "Məcid Briqadası" kimi terror qrupları Hindistanın dəstəyi ilə Əfqanıstanda fəaliyyət göstərir, ölkəsində qanlı faciələrin səbəbkarı olublar. O, "Taliban"ı terror qruplarına qarşı səmərəli tədbirlər görməyə, Əfqanıstan ərazisindən Pakistana qarşı terrorun istifadə olunmasına yol verməməyə çağırıb.

BMT Baş Assambleyasının məlum toplantısında dünya liderləri geniş şəkildə "Taliban"ın siyasətini, xüsusilə qadın haqları və insan hüquqları sahəsində tənqid ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Taliban"ı "inklüziv hökumət" qurmağa və "insani dəyərlərə" riayət etməyə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski "Taliban"ın bir ölkəni bütövlükdə qaranlığa qərq etdiyini bildirib. İordaniya Kralı II Abdullah çıxışında "Tələblərin" idarəetməsi və siyasətini pisləyib.

BMT-nin İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi Riçard Bennetin rəsmilərlə keçirdiyi görüşdə də "Taliban"ın Əfqanıstanda ekstremizmi təbliğ etmək məqsədilə dindən sui-istifadəsi müzakirə olunub, bunun Əfqanıstan, region və dünya üçün ağır nəticələr verə biləcəyi barədə xəbərdarlıq edilib.

Əfqanıstan bir sıra cəhətlərdən Tacikistanla daha yaxındır. Hətta keçmiş komandir Əhməd şah Məsudun oğlu və adamları uzun illərdir bu ölkədədir. Bu baxımdan, Tacikistan Prezidenti Emoməli Rəhmonun Əfqanıstana dair dedikləri də qonşu ölkə barədə müəyyən nəticəyə gəlməyə imkan verir. O, Əfqanıstandan gələn "terrorizm, ekstremizm, silah alveri, narkotik və digər mütəşəkkil cinayətkarlığı" "qlobal təhlükəsizliyə ciddi təhdid" adlandırıb.

Bu və başqa faktlar "Taliban" hərəkatının ötən 20 ildən artıq bir müddət ərzində dəyişmədiyini, ənənəvi siyasətini, dini-ideoloji saydığı baxışlarını həyata keçirir. Halbuki 2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gətirilmiş "Taliban" nümayəndəsi Zəbihulla Mücahid ilk rəsmi mətbuat konfransında qadınların universitetlər də daxil olmaqla təhsil ala biləcəklərini, işləmək hüququna malik olacaqlarını vurğulamışdı. "Taliban" hökumətinin sözçüsü bildirmişdi ki, qadınlardan pərəncə geyinmək tələb olunmayacaq, sadəcə örpək kifayət edəcək.

O, "Taliban"ın əfqan xalqına gündəlik həyatda müsbət dəyişikliklər vəd etdiyini də vurğulamışdı. Ancaq hadisələr bu hökumətin vədinə əməl etmədiyi qənaətinə gəlməyə əsas verir. Beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə "Taliban"a verilmiş möhlətin bitdiyini ehtimal etmək olar.

ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması qərarını tənqid etməkdə, deyəsən, haqlı imiş. Son zamanlar o, Ştatların Baqram hərbi bazasına qayıtması təşəbbüsü ilə çıxış edib. Yeri gəlmişkən, Baqram aerodromu 1950-ci illərdə sovetlər tərəfindən inşa edilib. Həmin dövrdə baza Əfqanıstan hakimiyyətinin nəzarəti altında olub. 1979-1988-ci illərdə isə sovet qoşunları ərazidə dislokasiya olunub. 2001-ci ilədək baza Əfqanıstanın Şimal Alyansı və bir müddət sonra taliblərin nəzarətinə keçib. 2001-ci ildən 2021-ci ilədək Baqramda ABŞ hərbçiləri yerləşib.

Vaşinqton regionda Çinin artan nüfuzunun qarşısını almaq məqsədilə Baqrama qayıtmağı hədəfləyir. Baza Çin sərhədinin 800 km-liyində, bu ölkənin Sintszyan raket zavodunun 2400 km-liyində yerləşir.

Habelə, son zamanlar "Taliban" hökumətinin Hindistanla əməkdaşlığında yaxınlıq olduğu bildirilir. Bu isə ondan Çin və Pakistana qarşı alət olaraq istifadə təhlükəsini artırır.

Odur ki, ABŞ aşağıdakı səbəblərdən Əfqanıstana qayıda bilər:

-Regional nüfuzunu artırmaq;

-Türküstana Rusiya təsirini azaltmaq;

-Çinin hərbi, iqtisadi, siyasi nüfuzunun qarşısını almaq;

-"Taliban" hökumətinin özbaşınalığına mane olmaq və s.

Belə görünür, taliblər silahlı siyasi-dini qruplaşma rolundan ayrıla bilmir. O, ölkəni özləri kimi düşünüb, yaşamağa məcbur etməklə müxtəlifliyə qarşı çıxır. Bu kimi səbəblərdən qadağaları sərtləşdirirlər. Onların bu davranışı bolşeviklərin SSRİ-də, xomeyniçilərin İranda törətdiyi əməlləri yada salır. Sovetlər dinsizlik, Xomeyni adamları isə din adından istifadə etməklə ölkə əhalisini daim basqı altında saxlayırdı.

Sentyabrın 30-da Əfqanıstanda dövlət məmurlarının oktyabrın 4-dək işə getməsi qadağan edilib. Qeyri-rəsmi mənbələrin məlumatına görə, Kabilin bütün büdcə qurumlarının əməkdaşlarına oktyabrın 4-nə qədər nəinki iş yerində görünmək, ümumiyyətlə, evdən çıxmaq qadağan olunub. Ölkədə fövqəladə hadisələrin baş verəcəyi ehtimal edilir. İndiyədək belə sərt qərar ilk dəfədir tətbiq olunur.

"Ehtimal ki, hansısa fövqəladə hadisələr gözlənilir. Buna görə də ilk dəfə belə sərt qadağa tətbiq edilib", - "Taliban" dövlət məmurlarından biri vəziyyəti şərh edib.

Bu addımı ABŞ-nin Baqram hərbi bazasına müdaxiləsi ilə də əlaqələndirirlər. Bu baş verərsə, "Taliban" hökumətinin süqutu qaçılmaz olacaq. Bu zaman Əfqanıstanda internet xətlərinin kəsilməsi, elektrik enerjisində böyük fasilələrin yaranmasının səbəbinə də aydınlıq gəlir. Dünya liderlərinin BMT tribunasından "Taliban" hökuməti ilə bağlı çağırışları isə ABŞ tərəfindən belə bir addım atılmasına əsas sayıla bilər.

Odur ki, "Taliban" əfqanların, qonşuların, beynəlxalq ictimaiyyətin ümidini doğrultmur. O, nə özünü, nə də Əfqanıstanı dəyişə bildi. Beynəlxalq ictimaiyyət isə Çinin, Rusiyanın müdafiə etdiyi, yetişdirdiyi daha bir Şimali Koreyanın yaranmasına, yəqin ki, dözməyəcək. Belə davam etsə, "Taliban" gəldiyi kimi də gedə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti