Suveren fondlar postpandemiya dövründə "özlərini necə hiss edir"?

Analitika
  • 23 avqust, 2022
  • 12:37
Suveren fondlar postpandemiya dövründə özlərini necə hiss edir?

Dünya iqtisadiyyatının dərin böhrana girə biləcəyi təhlükəsi heç zaman olmadığı qədər aktualdır.

Hesab edilir ki, bu, son 80 ilin ən ağır böhranı ola bilər.

Bu gün qlobal bazarlardakı böhran meyyləri bir sıra amillərin təsiri altında formalaşıb. Prosesin kökündə dünyanı ağuşuna almış koronavirus pandemiyası dayanır. Sərhədlərin bağlanması, sosial təcrid, digər məhdudiyyətlər qlobal tədarük zəncirini sıradan çıxararaq dünya iqtisadiyyatını iflic vəziyyətə gətirdi.

Karantin rejimi yumşaldıldıqda isə məlum oldu ki, qlobal təkliflə tələb arasında böyük disbalans yaranıb. Təklif çatışmazlığı təbii olaraq inflasiyanı sürətləndirdi. Enerji daşıyıcılarının kəskin bahalaşması əksər sahələrə mənfi təsir göstərdi. ABŞ və Avropada istehlak inflasiyası 10 illiklərin maksimum həddinə çatdı.

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin və digər Mərkəzi Bankların uçot dərəcələrini qaldırması nəticəsində əhalinin ucuz pul vəsaitlərinə çıxışı məhdudlaşdı. Bu isə onların alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxardı. Cərəyan edən mənfi meyllər maliyyə sektoruna da sirayət etdi. Bundan ən böyük payı yüksək texnologiyalar sektoru aldı. "Meta", "Apple", "Microsoft", "Alphabet", "Amazon" kimi texnoloji nəhənglərin səhmləri kəskin ucuzlaşdı.

Belə ki, inflasiyanın sürətlənməsinə və iqtisadi inkişaf templərinin azalacağına dair gözləntilər fonunda investorlar istehlakçıların bu kateqoriyalarda xərclərini azaldacağını guman edərək səhmlərini satdılar. Bu hal suveren fondların böyük itkilərlə üzləşməsinə gətirib çıxardı.

Norveçin neftdən əldə etdiyi gəlirlərin toplandığı, dünyanın ən iri suveren fondu - Norveç Dövlət Pensiya Fondunun bu ilin I yarısındakı itkiləri 174 milyard ABŞ dollarına yaxın olub. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17 %, istiqrazlara yatırdığı investisiyaların dəyəri isə 9,3 % ucuzlaşıb. Xüsusilə Fondun portfelindəki texnologiya şirkətlərinin səhmləri 28 % dəyərdən düşüb.

Yüksələn enerji qiymətləri fonunda hesabat dövründə gəlirlilik göstəricisi yalnız enerji sektoru üzrə müsbət olub - təxminən 13%. Fondun birbaşa daşınmaz əmlak aktivləri 7,1 % artsa da, bu aktivlər ümumi investisiyaların cəmi 3 %-ni təşkil edir. Fondun bu cür iri itkilərlə üzləşməsinə səbəb kimi qlobal miqyasda, mərkəzi bankların aqressiv monetar siyasəti və artan inflyasiya dərəcələri ilə yanaşı həmdə geosiyasi risklər göstərilir. Söhbət Rusiya-Ukrayna müharibəsindən gedir. Belə ki, hələ fevralda müharibə başlayan vaxtda Fond portfelində olan Rusiya ilə bağlı aktivlərindən imtina etmək istəsə də, həmin ölkənin öz daxili səhm bazarında xarici investorların ticarət fəaliyyətinə tədbiq etdiyi məhdudiyyət bunu reallaşdırmağa imkan verməyib.

Cari ildə anoloji hadisə Çili Sosial İqtisadi Sabitləşdirmə Fondunda (ESSF) da müşahidə olunub. Belə ki, Fondun 2022-ci ilin iyun ayına olan hesabatında aktivlərin dəyərində 11 % azalma olub.

Ənənəvi olaraq böhran dövründə etibarlı yatırım kimi qızıl çıxış edirdi. Lakin yenə də FED-in monetar siyasətindən dolayı qızılın qiyməti aşağı düşür. Bir sözlə, görünən odur ki, şaxələndirilmiş investisiya portfelinə malik olmaq belə risklərdən sığortalanmaq demək deyil. İnvestorlar istənilən halda aktivlərini qoruyub saxlamaq üçün üzərlərinə əlavə risklər götürməyə məcburdur. Hazırki bazar konyukturasında bunun alternativi yoxdur.