Separatizmə qarşı reydlər - Paşinyan reallığı qəbul edir- ŞƏRH

Analitika
  • 15 dekabr, 2025
  • 12:37
Separatizmə qarşı reydlər - Paşinyan reallığı qəbul edir- ŞƏRH

2020-ci il 44 günlük müharibədən sonra Qarabağ separatçıları İrəvana sığındılar. Onların özlərinə nümayəndəlik açmaları da Baş nazir Nikol Paşinyan hökuməti üçün əslində ciddi və əlavə başağrısı demək idi. Bununla belə uzun müddət nə vaxtsa Qarabağ kartından istifadə etməyi planlaşdırsa da, sonradan separatçıların ciddi başağrısına çevrildiyini, müxalifət və kilsə ilə birləşərək, ona qarşı fəaliyyətə keçəcəyini anladı. Məhz 2023-cü ildən separatçılarla açıq məsafə saxlayaraq, onları maliyyə və siyasi dəstəkdən məhrum etməyə start verdi.

Baş nazir eyni zamanda "Artsax hakimiyyəti" adlanan strukturu Ermənistanın məsuliyyəti xaricində elan edib və Qarabağ ermənilərinin təhlükəsizliyinə görə birbaşa öhdəlik daşımadığını bəyan edib. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyaraq Qarabağ məsələsinin bağlandığını açıqlayıb, separatçı liderlərlə birbaşa təmaslardan imtina edib, Onların Ermənistanda siyasi platforma kimi çıxış etməsinə imkanları mərhələli şəkildə məhdudlaşdırıb və Qarabağı könüllü tərk edən ermənilərlə bağlı məsələni isə siyasi deyil, sosial-humanitar problem kimi təqdim etməyə çalışıb.

Son dövrlər isə İrəvanda Qarabağ məsələsi Ermənistan cəmiyyətində yenidən kəskin polemikaların mərkəzinə çevrilib. Bu kartdan yenidən istifadə etmək istəyən xarici və daxili qüvvələr hərəkətə keçiblər. Məhz 12 dekabr 2025-ci ildə Ermənistanın Təhqiqat Komitəsinin İrəvandakı Qarabağ separatçılarının ofisində axtarış aparması və müəyyən sənədlər, kompüterləri götürməsinə də bu prizmadan baxmaq lazımdır. İrəvanda qondarma rejimin "nümayəndəliyinə" qarşı hüquqi addım atılması da Paşinyanın Qarabağ ermənilərini separatçı gündəmdən ayırmaq, onları daxili siyasi alətə çevrilməkdən qorumaq adı altında faktiki olaraq separatçı strukturları tam neytrallaşdırmaq və Qarabağ mövzusunu Ermənistanın dövlət siyasətindən çıxarmaq cəhdi kimi dəyərləndirilir. Çünki uzun müddət Qarabağı könüllü tərk edən ermənilərin hüquqları və sosial təminatı məsələsi İrəvanda və ümumi olaraq Ermənistan ərazisində siyasi alətə çevrilib.

Müəyyən qüvvələr tərəfindən ortaya hər dəfə atılan bu mövzu gərginliklərin yaranmasına səbəb olub. İrəvandakı ofis isə bu gərginlik və mübahisələrin simvolik mərkəzi kimi qalıb. Rəsmi statusu olmayan, lakin uzun illər Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərmiş bu struktur, faktiki olaraq separatçılıq ideyasının Ermənistan daxilində yaşadılmasına xidmət edən platformadır. Avropa inteqrasiyasından və Qərb dəyərlərindən, beynəlxalq hüquqdan dəm vuran Ermənistan üçün isə bu, artıq ciddi problemə çevrilirdi. Bir tərəfdən Paşinyan hökuməti beynəlxalq platformalarda Qarabağ məsələsinin siyasi baxımdan bağlandığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və regionda yeni münaqişə mərhələsinin arxada qaldığını açıq şəkildə bəyan edir, digər tərəfdən isə ölkənin paytaxtında keçmiş separatçı rejimin "nümayəndəliyi"nin fəaliyyəti bu bəyanatlarla açıq və prinsipial ziddiyyət təşkil edirdi.

Bu isə həm hökumətin sülh gündəmini zəiflədir, həm də onun mövqeyini müxalifət üçün asan hədəfə çevirirdi. Bu baxımdan ofisdə axtarışların aparılması yalnız hüquq-mühafizə tədbiri deyil, həm də rəsmi İrəvanın sözlə deyil, praktik addımlarla əvvəlki siyasi mərhələdən uzaqlaşdığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, separatçıların nümayəndəliyinin qeyri-qanuni olması, Ermənistan qanunvericiliyində rəsmi qeydiyyatdan keçməməsi və heç bir rəsmi qurum, ölkə tərəfindən tanınmaması da Paşinyana geniş manevr imkanı verir.

Həm də bu addımın Ermənistandakı müzakirələr fonunda atılmasının başqa məqsədləri də var. Paşinyan hakimiyyəti seçkilər ərəfəsində, cəmiyyətin kəskin şəkildə qütbləşdiyi və Qarabağ kartından da daxili və xarici qüvvələrin emosional formada manipulativ şəkildə istifadə etməyə cəhd etdiyi bir dövrdə öz siyasi mövqelərini möhkəmləndirməyə çalışır. Unutmayaq ki, Qarabağ mövzusu Ermənistan siyasətində uzun illər populist və radikal qüvvələrin əsas ideoloji dayağı olub və bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünü inkar edən separatçı narrativ üzərindən daxili siyasi legitimlik qazanmağa çalışıblar. Məhz bu narrativ müxalifətin bir hissəsi Paşinyanı "təslimçilikdə" ittiham edir, sülh gündəmini dövlətçiliyə xəyanət kimi təqdim edir.

Azərbaycan üçün artıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində tam həll olunub və separatçılığın istənilən formada yaşadılması regionda sülh və təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirilir. Buna görə də İrəvanda separatçı strukturların mövcudluğu təkcə Ermənistanın daxili işi deyil, eyni zamanda Azərbaycanın sülh prosesinə dair irəli sürdüyü əsas tələblərlə də ziddiyyət təşkil edir. Paşinyanın isə separatçılara qarşı növbəti hücumu həm radikal müxalifət qanadını neytrallaşdırmaq, həm də Azərbaycanın prinsipial mövqeyini nəzərə alaraq Qarabağ mövzusunun yenidən siyasi alətə çevrilməsinin qarşısını almaq cəhdi kimi dəyərləndirilə bilər. Bu isə Baş nazirə kritik bir dövrdə separatçı ideologiyanın Ermənistanın daxili siyasi dövriyyəsindən çıxarmağa, müxalifətin təzyiq rıçaqından məhrum olmasına və sülh gündəminə sadiqliyini nümayiş etdirməyə imkan verir.

Eyni zamanda qeyd edək ki, bu, həm də seçki ərəfəsində hakim komandanın seçicilərə ünvanlanmış siyasi mesajı da sayıla bilər. Bu mesaj isə ondan ibarətdir ki, dövlət artıq münaqişə məntiqindən çıxır. Beynəlxalq hüquqa zidd olan separatçılıq ideyalarından uzaqlaşır, Azərbaycanın haqlı mövqeyi, yəni Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edildiyini birmənalı şəkildə qəbul edir. Həm də bu yolla cəmiyyətə ismarış göndərir ki, regionda davamlı sülh üçün separatçı ideyalar rədd edilməlidir. Çox güman ki, bu yolla "Vətəndaş müqaviləsi"nin ideoloqları uzun illər davam edən müharibələrdən, iqtisadi çətinliklərdən, blokada və özünütəcrid siyasətindən bezən, normal həyat tərzi sürmək istəyən sadə erməni vətəndaşlarını seçkidə məhz onu seçməsini hədəfləyib.

Məsələnin digər tərəfi isə beynəlxalq ictimaiyyətlə bağlıdır. Hər çıxışında sülhdən danışan Paşinyan hökumətinin İrəvanda separatçı rejimin strukturlarının fəaliyyətinə göz yumması da anlaşılan deyildi. Bu isə beynəlxalq öhdəliklərlə açıq şəkildə ziddiyyət təşkil edir, rəsmi İrəvanın etibarlılığını zəiflədirdi. Eyni zamanda bu vəziyyət rəsmi Bakı tərəfindən sülh gündəminə zidd addım kimi qiymətləndirilir. Paşinyanın bu separatçılara qarşı reydləri və prinsipal mövqeyi sülhə səmimiliyini nümayiş etdirir.

Qısacası, 12 dekabr tarixində İrəvanda aparılan axtarışların əsas məqsədi ölkə daxilində siyasi transformasiyanın, Qarabağ mövzusu ətrafında formalaşmış ideoloji mübarizənin və hakim komandanın seçki ərəfəsində apardığı strateji hesablamaların tərkib hissəsidir. Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan mövqeyi fonunda bu proseslərin məhz bu istiqamətdə cərəyan etməsi təsadüfi deyil. Bakı uzun müddətdir ki, Qarabağ məsələsinin qapanmış mövzu olduğunu və separatçılığın istənilən formada yaşadılmasının regionda davamlı sülhə təhlükə yaratdığını qəti şəkildə bəyan edir. Ermənistan daxilində baş verən son hadisələr isə göstərir ki, bu reallıq artıq tədricən İrəvanın daxili siyasi gündəmini də formalaşdırmağa başlayır. Azərbaycanın prinsipal mövqeyi Paşinyan hökumətini tədricən separatçı keçmişdən uzaqlaşmağa və sülhə uyğun addımlar atmağa məcbur edir...

Kamil Məmmədov

Son xəbərlər

Bütün Xəbər Lenti