Rubl ucuzlaşır: Bunun Azərbaycana təsirləri necə olacaq?
- 21 dekabr, 2022
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Son günlər Rusiyanın milli valyutası ABŞ dolları və avro qarşısında əhəmiyyətli dərəcədə dəyər itirir. Uzun zaman idi ki, Rusiyanın milli valyutası sabit olaraq bir dollar üçün 60 rubl ətrafında qalırdı. Ötən gün onun məzənnəsi 2022-ci ilin mayından bu yana ilk dəfə olaraq bir dollar üçün 69 rubldan, avro üçün 74 rubldan yuxarı qalxıb. Həmin valyutalar son bir ayda isə müvafiq olaraq 7,5 rubl və 9 rubl bahalaşıb.
Bu ilin fevral ayının 24-də Ukraynaya qarşı başlatdığı müharibədən sonra Rusiyanın qızıl valyuta ehtiyatlarının yarıdan çoxu donduruldu. ABŞ bu ölkəyə dollar əskinaslarının tədarükünə qadağa qoydu. Bunlar rublun kəskin devalvasiyasına gətirib çıxardı. Martın ortalarına kimi rubl ABŞ dolları qarşısında 60 %-ə yaxın ucuzlaşdı. Baş verənlərə cavab olaraq hökumət valyuta əməliyyatlarının məhdudlaşdırılması istiqamətində sərt addımlara getdi. Əhaliyə valyuta əmanətlərindən 10 min ABŞ dollarından artıq vəsait çəkmək, fiziki şəxslərə ölkədən kənara 10 min ABŞ dollarından artıq vəsait çıxarmaq, banklara əhaliyə dollar və avro satmaq, qeyri-rezidentlərə isə daxili bazarda əldə etdikləri səhmləri satmaq qadağan edildi. İxracdan qazanılan valyutanın 80 %-i məcburi qaydada satılmalı idi. Eyni zamanda, uçot dərəcəsi iki dəfədən çox artırılaraq 20 %-ə çatdırıldı. Bu, milli valyutada olan əmanətləri daha cazibədar etdi. Xarici valyutaya tələbi süni yollarla aşağı salmaq hesabına bir müddət sonra rublun məzənnəsini sabitləşdirmək və hətta müharibədən əvvəlki (1 ABŞ dolları 75 rubl idi) həddin də altında möhkəmləndirmək mümkün oldu.
Rublun hazırkı ucuzlaşması bir sıra faktorların təsiri altında formalaşır. Bu ayın əvvəlində eyni anda həm Rusiyanın dənizlə ixrac etdiyi neftə embarqo, həm də “qara qızıl”a qiymət tavanı (60 ABŞ dolları) tətbiq olunmağa başladı. Gələn ilin fevralında isə neft məhsullarına da embarqo işə düşəcək. Rusiya üçün ən böyük tədarük bazarı olan Avropanı itirməyin ciddi fəsadlar doğuracağı bəlli idi. Bazarda tələb defisiti şəraitində Rusiyanın qiymət diqtə etmə imkanları xeyli məhdudlaşıb. Qiymət “tavanı”na formal olaraq qoşulmayan Çin, Hindistan və Türkiyə Rusiya neftinə görə ciddi endirim tələb edirlər. Rəsmi məlumatlara görə, hazırda Rusiya neftinin bəzi partiyaları 53-54 ABŞ dollarından satılır. Qeyri rəsmi məlumatlara görə, bir bareli 43 ABŞ dollarından satılan partiyalar da mövcuddur. Halbuki, noyabrda həmin neftin bir barelinin orta qiyməti 66,5 ABŞ dolları olub. Yəni onlar həmin nefti alarkən faktiki olaraq qiymət “tavanı”nı pozmamış olurlar. Rusiya isə belə bir şəraitdə rentabelliklə bağlı ciddi problem yaşamağa başlayacaq. Nəticədə ölkə neft ixracı və hasilatını azaltmaq məcburiyyətində qalacaq. Bu nəticə etibarı ilə büdcənin əsas qazanc maddələrindən olan neft-qaz gəlirlərinin və ölkəyə ABŞ dollarında daxilolmaların kəskin azalması deməkdir.
Rublun məzənnəsi üçün əlavə təzyiq yaradan faktor idxaldır. Bu ilin ikinci rübündə idxalın kəskin azalması prosesi sonrakı aylarda onun tədricən bərpa olunması ilə əvəzləndi. Noyabrda cari əməliyyatlar hesabının profisiti 10,3 milyard ABŞ dollarına kimi azalıb. Əvvəlki ayda bu gösətirici 17,7 milyard ABŞ dolları təşkil edib. Rusiyada dekabrın bayram ayı olması da öz rolunu oynayır. Ənənəvi olaraq bayram ərəfəsində tələbin yüksək olması istehlak idxalının artımını stimullaşdırır.
Rubl Azərbaycan manatı qarşısında da dəyər itirir. Dekabrda onun məzənnəsi manat qarşısında 8,7 % azalaraq 0,0253 manata düşüb. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkədir. Bu ilin ilk 10 ayında Azərbaycandan ixrac olunan qeyri neft məhsullarının 28,79 %-i bu ölkənin payına düşüb. Rublun dəyər itirməsi Azərbaycan məhsullarının Rusiya bazarında bahalaşdırır və onların rəqabət qabiliyyətini aşağı salır. Bu, perspektivdə bazar payının itirilməsi və ixrac həcminin azalması ilə nəticələnə bilər. Bəs rubl nə vaxta kimi ucuzlaşacaq?
Bir müddət sonra rublun ABŞ və avro qarşısında itirdiklərinin bir qismini kompensasiya edəcəyi gözlənilir. Belə ki, ixracatçıların vergi ödəmələri öncəsi valyuta bazarındakı aktivliyi rubla tələbi artıracaq. Bu, ABŞ dollarının məzənnəsini 63-64 rubl ətrafına qaytara bilər. Yanvarda ənənəvi olaraq idxalın ən aşağı həddə olması rublun möhkəmlənməsinə əlavə dəstək olacaq.