Rəqəmsal texnologiyalar Azərbaycan təhsil sistemini necə dəyişdirir? - ARAŞDIRMA
- 15 sentyabr, 2026
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Texnologiya artıq həyatımızın kənarında dayanan yenilik deyil, gündəlik həyatın özünə çevrilib. Son illərdə bu dəyişimin ən sürətli istiqamətlərindən biri isə süni intellektdir. Bir vaxtlar yalnız gələcəyin texnologiyası kimi təqdim olunan süni intellekt bu gün artıq müəllimin masasında, şagirdin kompüterində və məktəbin idarəetmə sistemində yer almağa başlayıb.
Təhsil bu dəyişimin ən mühüm sahələrindən biridir. Çünki süni intellekt burada yalnız yeni texnoloji alət kimi deyil, öyrənmə və tədrisin özünü dəyişdirə biləcək vasitə kimi çıxış edir. O, mürəkkəb mövzuları daha sadə izah edə, tədris materiallarını tərcümə edə, yazılı işlərə ilkin rəy verə, müxtəlif səviyyələr üçün tapşırıqlar hazırlaya və şagirdlərin nəticələri barədə böyük həcmdə məlumatı qısa zamanda təhlil edə bilir.
Beləliklə, məktəb qarşısında yeni sual yaranır: süni intellekt müəllimi əvəz edəcəkmi, yoxsa müəllimin imkanlarını genişləndirəcək?
Məktəb süni intellekt erasına qədəm qoyur
Süni intellektin təhsildə yaratdığı ən böyük imkanlardan biri öyrənməni fərdiləşdirməkdir. Ənənəvi sinifdə eyni mövzu eyni tempdə bütün şagirdlərə təqdim olunur. Halbuki şagirdlərin bilik səviyyəsi, öyrənmə sürəti və ehtiyacları fərqlidir.
Rəqəmsal sistemlər bu fərqi nəzərə alaraq hər bir şagird üçün uyğun çətinlik səviyyəsində tapşırıqlar seçə bilər. Şagird mövzunu mənimsəməkdə çətinlik çəkirsə, əlavə izahat və ya ipucu ala bilər. Daha hazırlıqlı şagird isə vaxt itirmədən daha mürəkkəb tapşırıqlara keçə bilər.
Bu yanaşma müəllimin rolunu azaltmır. Əksinə, müəllimin diqqətini rutin işlərdən azad edərək şagirdlə daha çox işləməsinə imkan yaradır. Başqa sözlə, süni intellekt sinifdə müəllimin yerinə keçməkdən daha çox, onun yanında görünməz köməkçiyə çevrilə bilər.
Bu kömək yalnız dərsin özü ilə məhdudlaşmır. Müəllim üçün dərs planlarının, testlərin, sualların, qiymətləndirmə meyarlarının, tədris materiallarının və müxtəlif səviyyələrə uyğun tapşırıqların hazırlanması ciddi vaxt tələb edir. Süni intellekt bu işlərin ilkin mərhələsini üzərinə götürməklə müəllimə əsas fəaliyyətinə - şagirdlə ünsiyyətə, izaha, müşahidəyə və fərdi dəstəyə - daha çox vaxt ayıra bilər.
Digər mühüm imkan isə tədrisdə problemlərin erkən aşkarlanmasıdır. Davamiyyət, tapşırıqların nəticələri və digər göstəricilər təhlil edilərək geriləmə əlamətləri daha erkən müəyyənləşdirilə bilər. Beləliklə, məktəb hansı şagirdin əlavə dəstəyə ehtiyac duyduğunu problem böyüməmiş müəyyən edə bilər.
Texnologiya eyni zamanda təhsili daha əlçatan edir. Avtomatik tərcümə, altyazılar, nitqin mətnə çevrilməsi, materialların səsləndirilməsi və əlavə izahatlar müxtəlif ehtiyacları olan şagirdlərin tədris prosesinə daha fəal qoşulmasına şərait yaradır.
Rutin tapşırıqlar texnologiyalara ötürülür
Süni intellektin məktəblərə daxil olması artıq gələcək ssenarisi deyil. Dünya üzrə 1-ci sinifdən 12-ci sinifədək şagirdlərin 30 %-i gündə ən azı bir dəfə süni intellekt alətlərindən istifadə edir. Onların 53 %-i bu texnologiyalara ev tapşırıqlarının həlli ilə bağlı müraciət edir. Müəllimlərin isə 60 %-i gündəlik fəaliyyətində süni intellektdən istifadə edir. Bununla belə, məktəblərin yalnız 7 %-ində süni intellekt tədris metodu kimi tətbiq olunur.
Bu rəqəmlər bir paradoksu ortaya qoyur: şagird və müəllimlər texnologiyadan məktəbdən daha sürətlə istifadə etməyə başlayırlar.
Təhsil eksperti, dosent İlham Əhmədov "Report"a açıqlamasında süni intellektin Azərbaycan məktəblərində artıq real istifadəyə keçdiyini bildirib.
Onun sözlərinə görə, müəllimlərin inzibati yükünün azaldılması burada xüsusi əhəmiyyət daşıyır.
"Hesabatda müəllimlərin iş vaxtının orta hesabla təxminən 6 %-nin ümumi inzibati fəaliyyətlərə sərf olunduğu deyilir. Bununla yanaşı, müəllimlərin təxminən yarısı inzibati işi stress mənbəyi hesab edir. Azərbaycan üçün problem daha ciddidir. Ölkədə müəllimlərin birbaşa tədrisə sərf etdiyi vaxt ümumi iş vaxtının üçdə birindən də azdır", - İ.Əhmədov bildirib.
Onun fikrincə, süni intellekt müəllimin inzibati yükünü əhəmiyyətli dərəcədə azalda bilər. İnzibati və təkrarlanan işlərin 20-30 %-i ilkin mərhələdə, inteqrasiya olunmuş süni intellekt sistemi qurulduqdan sonra isə 30-40 %-i avtomatlaşdırıla bilər.
"Bu, müəllimin mövqeyini zəiflətmək üçün deyil, onun şagirdə ayırdığı vaxtı artırmaq üçün edilməlidir", - ekspert vurğulayıb.
Süni intellekt şəhərlə kənd arasındakı məsafəni azalda bilərmi?
Texnologiyanın təhsildə yaratdığı ən böyük imkanlardan biri də məhz bərabərsizliyin azaldılmasıdır. Lakin bunun üçün texnologiyanın özünün yeni bərabərsizlik mənbəyinə çevrilməsinə yol verilməməlidir.
Azərbaycanda şəhər və kənd məktəbləri arasında müəllim təminatı, ixtisas fənlərinin tədrisi, laboratoriya imkanları, rəqəmsal infrastruktur və əlavə öyrənmə resurslarına çıxış baxımından fərqlər qalır.
İ.Əhmədovun sözlərinə görə, süni intellekt bu fərqin müəyyən hissəsini kompensasiya edə bilər.
"Məsələn, kiçik kənd məktəbində fərdiləşdirilmiş rəqəmsal repetitor, süni intellekt əsaslı dil və riyaziyyat məşqləri, virtual laboratoriya, müəllim üçün dərs materialı generatoru, şagirdin zəifliklərini müəyyən edən analitika və şəhər məktəblərindəki resurslarla eyni rəqəmsal məzmun istifadəyə verilə bilər", - o bildirib.
Beləliklə, coğrafi məsafənin təhsil imkanlarına təsiri azala bilər. Lakin burada mühüm bir şərt var: kənd məktəbində internet, avadanlıq və rəqəmsal bacarıqlar yoxdursa, süni intellekt uçurumu azaltmaq əvəzinə, onu daha da dərinləşdirə bilər.
"UNESCO xəbərdarlıq edir ki, kənd və digər həssas qruplar rəqəmsal və süni intellekt uçurumundan daha çox təsirlənə bilər. Ona görə Azərbaycanda öncə bərabər süni intellekt infrastrukturunun, sonra isə bərabər süni intellekt imkanlarının yaradılması əsas prinsip olmalıdır", - ekspert qeyd edib.
Bu baxımdan məsələ yalnız məktəblərə kompüter və proqram təminatı gətirməkdən ibarət deyil. Əsas məsələ həmin texnologiyanın bütün məktəblər üçün eyni dərəcədə əlçatan və faydalı olmasını təmin etməkdir.
Müəllim dəyişmir, onun işi dəyişir
Süni intellektin təhsil sistemində yaratdığı ən ciddi müzakirələrdən biri müəllimin gələcəyi ilə bağlıdır. Texnologiya nə qədər inkişaf etsə də, yaxın perspektivdə əsas ssenari müəllimin əvəzlənməsi deyil, müəllim-süni intellekt əməkdaşlığının qurulmasıdır.
İ.Əhmədovun sözlərinə görə, süni intellekt davamiyyəti real vaxtda təhlil edə, risk qrupundakı şagirdləri müəyyənləşdirə, dərs planının ilkin variantını hazırlaya, müxtəlif səviyyələr üçün tapşırıqlar yarada, şagird işlərini ilkin qiymətləndirə və fərdiləşdirilmiş öyrənmə tövsiyələri verə bilər.
"Lakin süni intellektin bacarmadığı və ya tam əvəz edə bilmədiyi əsas pedaqoji funksiya insan münasibətidir. Müəllim şagirdin narahatlığını, motivasiya itkisini, sinifdəki sosial münasibətləri, emosional vəziyyəti və mənəvi ehtiyacları kontekst daxilində qiymətləndirir", - ekspert deyib.
Onun fikrincə, gələcəkdə süni intellektdən istifadə edən müəllimlər texnologiyadan istifadə etməyən həmkarlarından daha məhsuldar ola bilərlər. Bu isə müəllim peşəsinin yox olması deyil, mahiyyətinin dəyişməsi deməkdir. Müəllim məlumatın yeganə mənbəyi olmaqdan tədricən öyrənmə prosesinin təşkilatçısına, istiqamətvericisinə və mentoruna çevrilir.
Süni intellekt iqtisadi dəyər yaradır
Təhsildə süni intellekt haqqında danışarkən məsələni yalnız məktəbin daxilindəki dəyişikliklərlə məhdudlaşdırmaq olmaz. Çünki bu texnologiyanın nəticəsi gələcək əmək bazarında özünü göstərəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş məsləhətçisi İlkin Qasımov hesab edir ki, Azərbaycanda təhsildə süni intellektin tətbiqini artıq ayrı-ayrı texnoloji təşəbbüslər səviyyəsində deyil, formalaşmaqda olan dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.
"Strategiyada təhsil prioritet tətbiq sahələrindən biri kimi müəyyən edilir. Burada qurumlararası koordinasiya həlledici əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyi kurikulum, müəllim hazırlığı və qiymətləndirmə, rəqəmsal inkişaf qurumları infrastruktur və texnoloji standartlar, əmək və iqtisadiyyat blokları gələcək peşələr və əmək bazarının tələblərinə, təhlükəsizlik qurumları isə fərdi məlumatların qorunması və kibertəhlükəsizliyə görə cavabdehlik daşımalıdır", - İ.Qasımov bildirib.
Onun fikrincə, təhsilə yatırılan süni intellekt sərmayəsinin nəticəsini yalnız dövlət və ya məktəbin xərclərinin azalması ilə ölçmək düzgün olmaz. Əsas nəticə insan kapitalının məhsuldarlığının yüksəlməsidir.
"Yerli "EdTech" və süni intellekt sənayesinin, startapların, universitet-sənaye tədqiqatlarının inkişafı və fərdiləşdirilmiş tədris vasitəsilə öyrənmə problemlərinin daha erkən müəyyənləşdirilməsi də gözlənilən nəticələr sırasındadır.
Başqa sözlə, bu gün məktəbə qoyulan texnoloji sərmayə sabah əmək bazarının məhsuldarlığına çevrilə bilər. Rəqabət artıq texnologiyanı kimin aldığı ilə deyil, ondan kimin düzgün istifadə etdiyi ilə müəyyənləşəcək", - ekspert qeyd edib.
İ.Qasımovun fikrincə, növbəti mərhələdə əsas məsələ Milli Süni İntellekt Strategiyasında müəyyən edilmiş prioritetlərin təhsil sektoru üzrə praktiki icra mexanizmlərinin formalaşdırılmasıdır:
"Beynəlxalq təcrübə göstərir ki, ölkələr bu məqsədlə sahəvi proqramlardan, fəaliyyət planlarından, metodoloji çərçivələrdən və digər institusional mexanizmlərdən istifadə edirlər. Bu mexanizmlərdə məsuliyyət bölgüsü, maliyyələşdirmə, məlumatların qorunması və təhlükəsizlik standartları, müəllim və şagirdlərin süni intellekt bacarıqlarının inkişafı, nəticələrin ölçülməsi kimi məsələlər ön plana çıxır.
Bu yanaşma süni intellektin təhsildə sadəcə texnoloji yenilik deyil, insan kapitalının inkişafına və iqtisadi rəqabətqabiliyyətliliyə təsir edən amil kimi qiymətləndirilməsini tələb edir".
Milyonluq platforma, amma hazırlıqsız müəllim
İ.Əhmədov hesab edir ki, süni intellektə sərmayənin özü hələ uğur demək deyil. Ən müasir platformanı məktəbə gətirmək mümkündür. Lakin onu istifadə edən müəllim texnologiyanın imkanlarını və məhdudiyyətlərini bilmirsə, böyük investisiyanın real faydası məhdud qala bilər.
"Buna görə dövlət səviyyəsində "Müəllim üçün süni intellekt" proqramının yaradılması vacibdir. Bu proqram yalnız "ChatGPT"dən istifadə təliminə çevrilməməlidir. Müəllim süni intellektin imkanlarını, məhdudiyyətlərini, "prompt" hazırlamağı, süni intellekt nəticəsini yoxlamağı, şagird məlumatlarının qorunmasını, akademik dürüstlüyü, süni intellektlə fərdiləşdirilmiş tədrisi, etik və təhlükəsiz istifadə qaydalarını öyrənməlidir", - ekspert bildirib.
UNESCO-nun müəllimlər üçün süni intellekt səriştələri çərçivəsində də insan mərkəzli düşüncə, süni intellekt etikası, texnologiyanın əsasları və tətbiqləri, süni intellekt pedaqogikası və peşəkar inkişaf üçün süni intellektdən istifadə kimi istiqamətlər müəyyənləşdirilir.
Deməli, müəllimə sadəcə yeni proqramı göstərmək kifayət deyil. Ona yeni dövrün pedaqoji alətlərindən istifadə etməyi öyrətmək lazımdır.
Azərbaycanda süni intellekt məktəbə daxil olur
"Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyasının dövlət səviyyəsində prioritet olduğunu göstərən mühüm nümunələrdən biri Rəqəmsal İnkişaf Şurasının fəaliyyətidir.
Nazirliyin məlumatına görə, Şuranın fəaliyyətində süni intellekt texnologiyalarının ölkədə tətbiqinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, dövlət xidmətlərinin və təhsil sektorunun rəqəmsallaşdırılması məsələləri müzakirə olunur.
Bununla yanaşı, süni intellekt ekosisteminin formalaşdırılması, insan kapitalının inkişafı, innovasiya mühitinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi də əsas prioritetlər sırasındadır.
Nazirlik son illərdə məktəblərdə rəqəmsal təhsil platformalarının genişləndirilməsi, STEAM layihəsinin inkişafı, rəqəmsal bacarıqların gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində addımlar atıldığını bildirib.
Tədris proqramlarında rəqəmsal savadlılıq, proqramlaşdırma, alqoritmik düşüncə və məlumatlarla işləmə bacarıqlarının gücləndirilməsi də bu prosesin bir hissəsidir.
Qurum STEAM yanaşmasının genişləndirilməsi və informatika fənninin məzmununun yenilənməsini həyata keçirilən əsas dəyişikliklər sırasında göstərir.
"Copilot", "Gemini", "NotebookLM": süni intellekt artıq müəllimin masasındadır
Azərbaycan təhsil sistemində süni intellekt alətlərinin tətbiqi artıq praktiki mərhələyə keçib.
Elm və Təhsil Nazirliyi ilə "Microsoft" arasında əməkdaşlıq çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan "Microsoft Copilot" həlli Azərbaycan müəllimlərinin istifadəsinə verilib.
Nazirliyin məlumatına görə, alət tədris materiallarının hazırlanması, dərs planlaşdırılması, qiymətləndirmə meyarlarının formalaşdırılması, mətnlərin təhlili və müxtəlif formatlarda rəqəmsal məzmunun yaradılmasına dəstək verir. Eyni zamanda müəllimlərə dərsin fərdiləşdirilməsi və şagirdlərin səviyyəsinə uyğun kontentin hazırlanması imkanları yaradır.
"Google" ilə əməkdaşlıq çərçivəsində isə müəllimlərin "Google Gemini" və "NotebookLM" kimi süni intellekt həllərinə çıxışı təmin edilib.
Bu alətlərin "Rəqəmsal Məktəb" milli platforması vasitəsilə təqdim olunması onların tədris prosesində daha sistemli istifadəsinə imkan yaradır.
Lakin proses bununla bitmir. Nazirliyin məlumatına görə, Elm və Təhsil Nazirliyi ilə "Presight G42" şirkəti arasında əməkdaşlıq çərçivəsində şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək "EduSLM" süni intellekt həllinin istifadəyə verilməsi nəzərdə tutulur. Sistem şagirdin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək verməli, dərsliklər üzrə sualları cavablandırmalı, testlər hazırlamalı, ev tapşırıqlarını yoxlamalı və şagird nailiyyətlərini təhlil etməlidir.
Beləliklə, süni intellekt tədricən müəllimin köməkçisindən şagirdin rəqəmsal mentoruna qədər uzanan bir ekosistem yaradır.
Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirilən mətbuat konfransında müəllimin süni intellekt alətlərindən istifadə bacarığının vacibliyini vurğulayaraq növbəti tədris ilində süni intellektlə bağlı tədbirlərin genişləndiriləcəyini bildirib. Nazir müəllimin bu alətdən düzgün və səmərəli istifadə edə bilməsin müsbət hal kimi qiymətləndirib.
Bəs texnologiyanın qiyməti nədir?
Hər yeni imkan özü ilə yeni suallar da gətirir. Süni intellektin təhsildə tətbiqində əsas risklərdən biri şagirdin düşünmə prosesinin texnologiyaya həvalə edilməsidir.
OECD-nin "Rəqəmsal təhsil: 2026-cı ilə qədər perspektivlər" hesabatında generativ süni intellektin təhsildə çoxsaylı imkanlar yaratdığı, lakin müəyyən risklərlə də müşayiət olunduğu qeyd edilir.
Aydın pedaqoji məqsədlə istifadə edilən "GenAI" öyrənməni dəstəkləyə bilər. Lakin texnologiya öyrənmə üçün zəruri olan "məhsuldar mübarizəni" aradan qaldırdıqda şagird tapşırığı daha sürətlə yerinə yetirsə də, mövzunu daha səthi mənimsəyə bilər.
Bu isə dərin oxuma, davamlı diqqət, əzmkarlıq və koqnitiv dözümlülüyə təsir göstərə bilər.
İ.Əhmədovun fikrincə, əsas təhlükə texnologiyanın özündən deyil, onun yanlış pedaqoji tətbiqindən qaynaqlanır.
"Əsas risk koqnitiv asılılıqdır. Şagird problemi özü həll etmədən cavabı süni intellektdən alırsa, onun düşünmə, yadda saxlama, yazma və problem həll etmə qabiliyyətinin inkişafı zəifləyə bilər", - ekspert deyib.
O, digər riskin "öyrənmə illüziyası" olduğunu bildirib. Süni intellektin düzgün və səliqəli cavabı şagirddə mövzunu bildiyi təəssüratı yarada bilər. Halbuki həmin nəticəyə müstəqil şəkildə gəlmək bacarığı formalaşmaya bilər.
Bundan başqa, süni intellekt inandırıcı, lakin səhv cavablar yarada bilər. Şagirdin müəllim, valideyn və həmyaşıdları ilə real ünsiyyət əvəzinə daim süni intellektlə qarşılıqlı əlaqəyə üstünlük verməsi sosial öyrənmə imkanlarını məhdudlaşdıra bilər.
Daha ciddi məsələ isə məlumat təhlükəsizliyidir. Şagirdin adı, qiymətləri, davranışı, sağlamlığı, emosional vəziyyəti və ailəsi haqqında məlumatların nəzarətsiz şəkildə kommersiya süni intellekt sistemlərinə ötürülməsi ciddi risk yaradır.
Süni intellekt üçün məktəbdə də qaydalar lazımdır
Bu risklər fonunda Azərbaycanda təhsil sisteminin süni intellekt transformasiyası üzrə ayrıca dövlət proqramının yaradılması təklif olunur.
İ.Əhmədovun fikrincə, burada üç səviyyə fərqləndirilməlidir.
Birinci səviyyə hüquqdur. Buraya məlumatların qorunması, uşaqların təhlükəsizliyi, süni intellekt sistemlərinin məsuliyyəti, müəllim və şagird hüquqları daxildir.
İkinci səviyyə standartlardır. Süni intellekt alətlərinin məktəblərdə qiymətləndirilməsi, yaş qrupları, müəllim kompetensiyaları, süni intellekt savadlılığı və akademik dürüstlük qaydaları müəyyənləşdirilməlidir.
Üçüncü səviyyə isə tətbiqdir. Burada süni intellekt repetitorları, rəqəmsal dərsliklər, müəllim köməkçiləri, davamiyyət analitikası, fərdiləşdirilmiş öyrənmə və məktəb idarəetmə sistemləri nəzərdə tutula bilər.
Bu yanaşma texnologiyanın məktəbə sadəcə "gətirilməsini" deyil, onun üçün hüquqi və pedaqoji mühitin yaradılmasını tələb edir.
Hazır cavabların məktəbi
Əslində, süni intellektin təhsil üçün ən böyük sınağı texnologiyanın nə qədər ağıllı olması deyil. Sual ondan ibarətdir ki, bu ağıllı texnologiya qarşısında insan nə qədər düşünməyi davam etdirəcək.
Əgər şagird hər suala hazır cavab alırsa, səhv etməkdən, yenidən cəhd etməkdən, axtarmaqdan və düşünməkdən məhrum ola bilər. Halbuki təhsilin əsas məqsədi yalnız düzgün cavabı tapmaq deyil, həmin cavaba necə gəlib çıxmağı öyrətməkdir.
Ona görə də süni intellekt məktəbdə cavab verən mexanizmə deyil, sual yaratmağa kömək edən vasitəyə çevrilməlidir. Şagirdin əvəzinə düşünməməli, onu daha çox düşünməyə sövq etməlidir.
İ.Əhmədovun fikrincə, düzgün qurulduqda süni intellekt Azərbaycan təhsilinin üç strateji probleminin həllinə kömək edə bilər: kənd məktəblərinin keyfiyyətli təhsil resurslarına çıxışını genişləndirə, müəllimin təkrarlanan inzibati işlərini azalda və hər bir şagird üçün fərdi öyrənmə trayektoriyası yarada bilər.
"Lakin bunun əksi də mümkündür. İnfrastruktur zəifdirsə, müəllim hazırlıqsızdırsa, məlumatlar qorunmursa və süni intellekt yalnız hazır cavab istehsal edən "çatbot" kimi tətbiq edilirsə, texnologiya təhsil bərabərsizliyini və öyrənmənin səthiləşməsini daha da gücləndirə bilər", - ekspert bildirib.
Onun fikrincə, Azərbaycan üçün optimal model "müəllim + süni intellekt köməkçisi + süni intellekt repetitoru + rəqəmsal resurs + insan nəzarəti + güclü hüquqi müdafiə" prinsipinə əsaslana bilər.
"Əsas məqsəd daha böyük texnologiya sistemi qurmaq yox, daha yaxşı düşünən, müstəqil öyrənən və bərabər imkanlara malik şagird yetişdirməkdir. Bu baxımdan Azərbaycan üçün növbəti strateji addım "məktəblərə süni intellekt gətirmək" deyil, "süni intellekt dövrü üçün məktəbi yenidən layihələndirmək" olmalıdır", - İ.Əhmədov vurğulayıb.
Texnologiyalar yeni qaydalar və yanaşmalar tələb edir
Aydındır ki, süni intellekt təhsilin bütün problemlərini həll edəcək sehrli çubuq deyil. O, yaxşı pedaqoji yanaşmanı da, yanlış yanaşmanı da gücləndirə bilər. Məsələ texnologiyanın məktəbə daxil olub-olmamasından daha çox, onun hansı məqsədlə və hansı qaydalarla istifadə edilməsidir.
Əgər süni intellekt müəllimin vaxtını azad edir, şagirdə fərdi dəstək verir, kənd məktəbinə şəhərdəki resursları yaxınlaşdırır və öyrənmə çətinliklərini erkən müəyyənləşdirirsə, onun yaratdığı dəyər texnologiyanın özündən qat-qat böyükdür.
Əksinə, süni intellekt şagirdin yerinə düşünür, müəllimin pedaqoji qərarlarını avtomatikləşdirir, şəxsi məlumatları qorunmadan emal edir və hazır cavab asılılığı yaradırsa, texnologiya təhsilin keyfiyyətini deyil, yalnız onun sürətini artıra bilər.
Bu səbəbdən növbəti mərhələdə hökumətlərin qarşısında duran əsas vəzifə süni intellekt alətlərinin sayını artırmaq yox, onların keyfiyyətini, təhlükəsizliyini və pedaqoji faydasını təmin etməkdir. Təhsil sistemləri müəllim və şagirdlərlə birlikdə hazırlanmış, sınaqdan keçirilmiş və konkret öyrənmə məqsədlərinə xidmət edən həllərə üstünlük verməlidir.
Çünki süni intellekt dövründə məktəbin əsas vəzifəsi dəyişmir. Məktəb yenə də düşünməyi, sual verməyi, səhv etməkdən qorxmamağı, müstəqil qərar verməyi və insanlarla ünsiyyət qurmağı öyrətməlidir.
Sadəcə, bütün bunların baş verdiyi sinif artıq əvvəlki sinif olmayacaq. Süni intellekt məktəbin qapısından içəri daxil olub. İndi əsas məsələ onun məktəbi hansı istiqamətə aparacağı deyil. Əsas məsələ məktəbin bu texnologiyaya hansı istiqaməti verəcəyidir.