Qazaxıstanın müstəqillik Günü – assimilyasiyadan qurtulan türk toplumu - ŞƏRH
- 16 dekabr, 2025
- 16:25
Bu gün Qazaxıstan Respublikası müstəqilliyinin 34-cü illiyidir. O da uzun illər Rusiyanın və keçmiş SSRİ-nin müstəmləkə ərazisi olub. 1991-ci il dekabrın 10-da sovetlərin tərkibindən çıxdığını elan edən sonuncu müttəfiq respublika olub. Ərazisi 2 724 902 km²-dir (dünyada 9-cu yer). 2025-ci ilin siyahıya alınmasına əsasən, əhalisi 20,4 milyon nəfərdir (dünya üzrə 62-ci yer).
Qazaxıstan müstəqilliyi uğurunda mübarizədə uzun yol keçib. Sovet işğalından sonra bu ölkə Stalinin sürgün zonası olub. Sovet lideri Nikita Xruşuvoun başçılığı altında Qazaxıstan çöllərinin istismarı zamanı isə əraziyə əmək miqrantları köçürülüb. Bununla da Qazaxıstanın etnik tərkibi yerli əhalinin ziyanına dəyişib. Məsələn, 1970-ci ildə qazaxların sayı ümumi əhalinin 32,4 faizini, ruslar isə 42,8 faizini təşkil edib. 2025-ci ilin siyahıya alınmasına əsasən isə qazaxlar 70,4 faiz ruslar 15,5 faiz olub.
Sovetlər bu respublikanı ruslaşdırmaqla onu de-fakto Rusiyanın ərazisinə çevirmək istəyirdi.
Çar Rusiyası, sovetlər dövründə Qazaxıstanın süni olaraq dəyişdirilmiş etnik tərkibindəki üstünlüyü qoruyub saxlamaq, ölkəni tamamilə rusların idarə etməsi üçün SSRİ-inin ovaxtkı başçısı Mixail Qorbaçov "yenidənqurma" və "demokratiya" uğrunda prosesin ilk qanını tökdü.
O, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dinməhəmməd Kunayevi tutduğu vəzifədən azad etdi. Onu yerinə Qazaxıstanla heç bir əlaqəsi olmayan, orada heç vaxt işləməmiş Ulyanovsk vilayət partiya komitəsinin birinci katibi Gennadi Kolbinlə əvəzlədi.
1986-cı il dekabrın 16-19-dək etiraz mitinqləri keçirilib. Etirazçılar respublikanın rəhbəri vəzifəsinə yerli əhalinin nümayəndəsinin təyin edilməsini tələb edirdilər.
1986-ci ildə SSRİ Daxili İşlər Nazirliyi "İctimai qaydanın qrup şəklində pozulmasının qarşısının alınması və xəbərdarlığı üzrə təşkilat və taktika təlimatı"nı hazırlamışdı. Həmin il dekabrın 19-da "Qazaxıstan SSR DİN daxili işlər orqanlarının və təhkim edilmiş qüvvələrin respublikada və Alma-Ata şəhərində fövqəladə hallarda ictimai asayişin və təhlükəsizliyin qorunması üzrə fəaliyyət planı"ına dair əmr verildi. "Çovğun-1986" kod adı altında nümayişçilərin dağıdılması üçün xüsusi əməliyyat planı həyata keçirilməyə başlandı. Bu əməliyyat nəticəsində iki nəfər ölmüş, 200-dən çox etirazçı yaralanmış, mindən çox aksiya iştirakçısı isə həbs edilmişdi.
Moskvanın apardığı velikorus şovinist siyasətə etiraz edən qazax müəllimlər, həkimlər, ziyalılara "sərxoş", "əyyaş" kimi damğalar vurulurdu.
36 il öncə baş vermiş bu hadisə SSRİ-də ilk kütləvi etiraz aksiyası sayılırdı. O, 1988-ci ildə Belarusun paytaxtı Minsk, 1989-cu ildə Tbilisidə, 1990-cı ildə Bakıda, həmçinin Düşənbədə, 1991-ci ildə Vilnüs və Riqadakı SSRİ-yə qarşı etiraz aksiyalarının başlanğıcı da hesab olunur.
Qanlı dekabrdan 5 il sonra həmin mitinqlərin başladığı gün Qazaxıstan müstəqilliyi elan olunub.
Yeri gəlmişkən, qazaxlar özlərini Çingiz xanın törəməsi adlandırırlar. XIII əsrdən Qazaxıstan ərazisi onun hakimiyyəti altında imperiyanın tərkibinə daxil idi. 1465-ci ildə Qızıl Ordanın dağılması nəticəsində Qazax Xanlığı formalaşıb. Çar Rusiyası 18-ci əsrdə Qazax çölünə ekspansiyaya başlayıb. 19-cu əsrin sonunda Böyük Çölün əsas hissəsi, həmçinin bütün Qərbi Türküstan Rusiya tərəfindən işğal edilib. 1917-ci il oktyabr inqilabından sonra ərazi bir neçə dəfə yenidən təşkilatlanmaya məruz qalıb. 1936-cı il dekabrın 5-də SSRİ-nin ikinci konstitusiyası qəbul edilənədək o, Rusiya Sosialist Federativ Respublikasının tərkibinə daxil olan Qazaxıstan Muxtar SSR kimi mövcud olub. İkinci Əsas Qanun qəbul olunduqdan sonra müttəfiq respublikalardan birinə - Qazaxıstan Sovet Sosialist Respublikasına çevrilib.
Müstəqilliyini yenicə əldə edəndən sonra da Qazaxıstanda iğtişaşlar xaricilərin, xüsusilə, Rusiyanın görünən izi əsasında törədilib.
1994-cü ildə Ust-Kamenoqorskda bir qrup şəxs ruslara muxtariyyətin verilməsi, ikili vətəndaşlığın tətbiqi, rus dilinə dövlət dili statusunun verilməsi tələbi ilə mitinq keçirmişdi.
1996-cı ilin yazında "kazak ordusu" liderləri Kökcədağ (Kokşetau) vilayətində Abxaziya tipində "dövlət" qurmaq üçün qiyam təşkil etməyə cəhd göstərmişdi. 1999-cu ildə isə Şərqi Qazaxıstan vilayətində bir qrup insan yerli administrasiyanı ələ keçirərək "Rus torpağı" adlı "respublika" yaratmaq niyyətində olub.
Qazaxıstan hakimiyyəti, cəmiyyəti müstəqilliyi müdafiə edərək bütün separatçı cəhdlərin qarşısını aldı.
2022-ci ilin yanvarında Qazaxıstanda təbii qazın qiymətinin artmasına etiraz adı altında aksiya keçirilmişdi. Onda bunu Rusiyanın Mərkəzi Asiyada özünü göstərməsi cəhdi kimi də dəyərləndirirdilər. Ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri yeridildi.
Rəsmi məlumatlara əsasən, aksiyalar nəticəsində 225 nəfər ölüb, 2700-dən çox aksiyaçı xəsarət alıb. Dövlət və ticarət obyektlərinə ciddi maddi ziya dəyib.
Bu hadisələr kütləvi həbslərə və fövqəladə vəziyyətin elan edilməsinə səbəb oldu. Sonradan bunu keçmiş siyasi rəhbərliyin dövlət çevrilişinə cəhdi kimi də qiymətləndirdilər.
Qazaxıstan tarixində yanvar hadisəsi gələcəkdə də araşdırılacaq mövzulardan sayıla bilər. Çünki həmin hadisələr zamanı ziddiyyətli məqamlar az deyil. Xüsusən, KTMT-nin qoşunlarının respublikaya yeridilməsi müəmmalı sayılır.
Qazaxıstan da müstəqilliyi çoxsaylı itkilər və mübarizə nəticəsində əldə edib. Hazırda o, Mərkəzi Asiyanın, Türküstanın aparıcı dövlətlərindən biridir. Bir sıra üstünlükləri ilə keçmiş sovet respublikaları arasında Rusiya ilə rəqabətədavamlı məhsullar istehsal edir.
Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən, aparıcılarındandır.
Azərbaycan Qazaxıstanın da üzvü olduğu Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə daxil olub. Bu baxımdan, iki ölkə arasında əlaqələrin, əməkdaşlığın inkişaf etməsi imkanları artıb.
Yeri gəlmişkən, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 30-da qurulub. 1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan etmişdi.
Qarabağ və ətraf rayonlar işğal altında olduğu illərdə Qazaxıstan Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və MDB çərçivəsində mövcud olub.
İki ölkə arasında hər sahədə əməkdaşlıq mövcuddur. Bu ilin yayında Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi – 2025" birgə hərbi təlimləri keçirilib. Təlimlər dəniz iqtisadiyyatının fəaliyyət obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına yönəlib.
Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Özbəkistanının Səmərqənd vilayətində "Birlik – 2025" birgə regional təlimi keçirilib.
2025-c ilin yanvar-iyun aylarında Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 517,15 mln. dollar olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artım deməkdir. Tərəflər 2026-cı ilə qədər əmtəə dövriyyəsini bir milyard dollara çatdırmaq niyyətindədirlər.
Qazaxıstan hazırda beynəlxalq səviyyədə müstəqil mövqeyi, iqtisadiyyatı və xarici siyasi kursu olan suveren dövlətdir. Rusların, sovetlərin onu ruslaşdırma, manqurtlaşdırma cəhdləri faydasız oldu. Qazaxıstan artıq Türk dünyasının etibarlı dayaqlarından biridir. Müstəqillik uğurunda uzun və çətin yol dönməz hal alıb. İndi Mərkəzi Asiyada istənilən beynəlxalq layihələrdə onun da razılığı əsas sayılır.
Müstəqilliyin mübarək, Qazaxıstan!