Paşinyanın dördüncü respublika elanı – ikiyə bölünən Ermənistan - ŞƏRH

Analitika
  • 24 sentyabr, 2025
  • 14:41
Paşinyanın dördüncü respublika elanı – ikiyə bölünən Ermənistan - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın dördüncü respublikanın elanı ilə bağlı verdiyi açıqlama daxili siyasi mühitdə ciddi təlatümlərə səbəb olub. Sabiq prezidentlər, yəni Levon Ter-Petrosyan, Serj Sarqsyan və Robert Köçəryan bu bəyanatdan sonra Nikola qarşı əllərində olan KİV-lər vasitəsilə hücuma keçiblər. Bu işdə isə müxalif deputatlar, müxalif fikirli siyasətçilər və politoloqlardan istifadə edilir. Çünki Baş nazirin bu açıqlaması sabiqlərin kürkünə birə salıb. Bu, onların yenidən hakimiyyətə qayıdış planlarını tamamilə alt-üst edir.

Belə ki, Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında bildirib ki, sədrlik etdiyi partiyanın məqsədi dördüncü respublikanın elan edilməsidir. Onun sözlərinə görə, seçkilərdə xalqın etimadını qazandıqdan sonra partiya yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün ümummilli prosesə start verəcək. Bununla yanaşı, baş nazir bildirib ki, üçüncü respublika ilə dördüncü respublikanın əsas fərqi sülhlə bağlıdır. Bu, yeni ideologiya deməkdir.

Bu açıqlama da bir sıra maraqlı məqamlardan xəbər verir. Əslində Paşinyan son illər baş verənlərə, müharibədəki məğlubiyyətə, Ermənistanın özünütəcrid siyasətinə, Rusiyadan asılılığa, Kremlin forpostu olmaqlarına görə əvvəlki hakimiyyətləri haqlı olaraq ittiham edir. Görünən odur ki, Nikolun məqsədi qəsbkar, işğalçı, revanşist hakimiyyətləri tarixin bir küncünə göndərmək, Ermənistanı fərqli bir səviyyəyə çıxarmaqdır. Üçüncü respublika əslində Ermənistan tarixinin utanc səhifəsidir. Məhz bu dövr Ermənistan tarixində müharibələr, uğursuzluqlar, iqtisadi çətinliklər, Qarabağın işğalı ilə yadda qalıb. Ona görə də Azərbaycan və Türkiyə ilə yeni səhifə açmaq istəyən, ölkəni blokadadan çıxarmaq, Azərbaycanın liderlik etdiyi regional və beynəlxalq layihələrə qoşmaq, mehriban qonşuluq prinsipi əsasında yaşamaq istəyini dilə gətirən hökumət başçısının bu açıqlaması başadüşüləndir. Nikol gözəl dərk edir ki, keçmişin izlərini silmədən, revanşistləri əbədi olaraq tarixin küncünə atmadan yuxarıda sadalananları reallaşdırmaq mümkün deyil.

Paralel olaraq, Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı açıqlamasına da bu prizmadan baxmaq lazımdır. Çünki Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə bağlı rəsmi Bakının haqlı tələbi Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Bununla yanaşı, Baş nazir Konstitusiya dəyişikliyinin nə vaxt reallaşacağı barədə dəqiq vaxt və tarix göstərməyib. Bu isə hələ də hakim partiyanın ölkə daxilində siyasi mühitə tam nəzarəti ələ ala bilməməsindən, müxalifətlə seçki yarışına ehtiyatla yanaşmasından xəbər verir. Ehtimal etmək olar ki, Konstitusiya dəyişikliyi ilə bağlı işlər artıq gedir və 2026-cı il seçkilərində qələbə qazandıqdan sonra "Vətəndaş müqaviləsi" konkret olaraq bu addımı da atacaq. Bu isə artıq Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün heç bir əngəlin qalmadığından xəbər verir.

Eyni zamanda qeyd etmək lazımdır ki, erməni hökuməti Türkiyə ilə də münasibətləri normallaşdırmağa meylli olduğunu büruzə verib. Bu yaxınlarda xüsusi nümayəndələrin İrəvan görüşündən sonra Ermənistanın pasport ştamplarından Ağrı dağın təsvirinin götürülməsi də bu niyyətdən xəbər verir. Ehtimal etmək olar ki, bu addımla İrəvan Ankara ilə münasibətlərində yeni mərhələnin başlanmasına işarə edir. Bu, Türkiyəyə qarşı ərazi iddialarından imtina deməkdir. Paşinyan hökuməti əvvəllər də açıqlanan kimi, ölkənin 29 min kvadrat kilometr üzərində suverenlik iddiasını ortaya qoyur. Eyni zamanda Türkiyə üzərindən Avropaya inteqrasiya imkanlarını əldə etmək, Moskvanın asılılığını azaltmaq mənasına da gəlir. Ermənistan Türkiyə vasitəsilə Avropa ilə birbaşa əlaqə qurmağı hədəfləyir.

Bununla belə, hökumətin bu qərarı ölkə daxilində müxalifətin, xüsusən də Kremldən dəstəklənən siyasi qüvvələrin aktivləşməsinə rəvac verib. Bu səbəbdən də müxalifət bu addımı tarixi torpaqlardan imtina kimi təqdim edir. Paşinyan isə açıqlamasında bildirib ki, Ermənistanda uşaqların 70 faizi Ağrı dağının Ermənistan ərazisində olduğunu düşünür. Bu isə absurd və qonşu ölkəyə qarşı ərazi iddiasından başqa bir şey deyil. Əslində bu fikri ilə baş nazir təsdiqləyir ki, inkişaf və təhlükəsizlik region ölkələri ilə münasibətləri normallaşdırmadan keçir. Türkiyə kimi güclü bir dövlətlə münasibətləri yenidən qurmaq Ermənistan üçün hava və su kimi vacibdir. Çünki belə bir addım Ankara ilə yanaşı Bakı tərəfindən də müsbət qarşılanır.

Bununla belə, söyləmək lazımdır ki, dördüncü respublika ilə bağlı açıqlama eks-prezidentlər arasında çaxnaşmaya səbəb olub. Maraqlıdır ki, Sarqsyan xüsusi canfəşanlıq göstərərək, bu qərarın ölkənin suverenliyinin itirilməsi ilə nəticələnəcəyini açıqlayıb. Bu, əslində revanşist xislətin bir daha ortaya qoyulması deməkdir. Uzun müddət xalqı müharibə və dövlətçiliyin itirilməsi tezisi ilə qorxudan eks-prezident bu dəfə də ənənəsinə sadiq qalıb. Amma son sorğular göstərir ki, artıq erməni xalqı müharibə tezisinə yox, sülh platformasına meyl edir. Getdikcə reytinqi düşən Sarqsyan və Köçəryan cəbhəsinin artıq yeni ümidi Samvel Karapetyanın başlatdığı siyasi hərəkatdır. Təsadüfi deyil ki, son sorğu nəticələrinə əsasən, Baş nazirin reytinqi artmaqda davam edir. Bu, Paşinyanın sülh platforması və Vaşinqton sazişi ilə bağlıdır. Bu səbəbdən də Nikolun dördüncü respublika elan edərək, yeni səhifə açmaq istəyi anlaşılandır.

Baş nazir haqlı olaraq, müstəqillik günü açıqlama verərək, onu tənqid edən birinci prezident Levon Ter-Petrosyana sual ünvanlayır ki, Alma-Ata Bəyannaməsi qəbu və ratifikasiya edildikdən sonra 18 yaşlı erməni əsgərlərini Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirməyə kim və hansı hüquqi aktla icazə verib? Bu sualla da Paşinyan Ter-Petrosyanı işğalçı adlandırır. Eyni zamanda üçüncü respublika da işğalçı və aqressor sayılır. Bu səbəbdən də Nikolun üçüncü respublika tör-töküntülərindən qurtulmaq, yeni, dördüncü respublika barədə açıqlaması anlaşılandır.

Eyni zamanda bu məsələyə 8 avqust tarixində imzalanmış Vaşinqton Bəyannaməsi prizmasından da baxmaq lazımdır. Məhz bu bəyannamə ilə erməni hökuməti müəyyən öhdəliklər götürüb və onları icra edir. Bu isə sülh və region ölkələri ilə mehriban qonşuluq siyasəti, regionun kommunikasiyalarının blokdan açılmasıdır. Hadisələrin gedişatı da göstərir ki, Nikol və hakim partiya artıq reallığı dərk edib və addımlarını bu doğrultuda atır...

Kamil Məmmədov

Son xəbərlər

Bütün Xəbər Lenti