Paşinyanın Astanaya rəsmi səfəri – Ermənistan Orta və Zəngəzur dəhlizlərini seçir - ŞƏRH

Analitika
  • 21 noyabr, 2025
  • 16:28
Paşinyanın Astanaya rəsmi səfəri – Ermənistan Orta və Zəngəzur dəhlizlərini seçir - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfəri edib. Ölkə paytaxtı Astanada Prezident Kasım-Jomart Tokayev və Nikol Paşinyanın təkbətək görüşündən sonra onların başçılıq etdikləri nümayəndə heyətlərinin genişləndirilmiş toplantısı keçirilib.

Kasım-Jomart Tokayev vurğulayıb ki, Ermənistan Qazaxıstanın Cənubi Qafqazda əsas siyasi və ticarət-iqtisadi tərəfdaşlarından biridir. Onun sözlərinə görə, bu il ölkələri bir-birinə yaxınlaşdıran mühüm tədbirlər keçirilib: "Ermənistanda ilk dəfə Qazaxıstan Mədəniyyəti Günləri olub, İrəvanda böyük qazax şairi və maarifçisi Abay Kunanbayulının şərəfinə park açılıb".

Qazaxıstan lideri vurğulayıb ki, Astana və İrəvan arasında bütün səviyyələrdə açıq və etimada əsaslanan siyasi dialoq mövcuddur: "Regional və beynəlxalq strukturlar çərçivəsində sıx və məhsuldar əməkdaşlıq qurulub".

O bildirib ki, ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar və elmi-təhsil əlaqələri ardıcıl şəkildə inkişaf edir. Prezidentin sözlərinə görə, dövlətlərarası əlaqələr həqiqətən konstruktiv xarakter daşıyır və onların hərtərəfli gücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Vurğulanıb ki, Nikol Paşinyanın Qazaxıstana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Nikol Paşinyan isə qeyd edib ki, səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və onların strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün yaxşı imkanlar açır. O, Prezident Kasım-Jomart Tokayevlə ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək inkişafının əsas istiqamətlərini müzakirə etdiklərini vurğulayıb: "Hesab edirəm ki, regiondakı dəyişikliklər nəzərə alınmaqla iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır".

O, nəqliyyat sahəsində mövcud potensialın tam həyata keçirilməsi üçün tərəflərə yeni imkanlar açılacağını deyib.

Görüş zamanı ticarət-iqtisadi və tranzit-nəqliyyat sahələri, investisiya əməkdaşlığı, təbii sərvətlərin istifadəsi, kənd təsərrüfatı, rəqəmsallaşma və süni intellektin tətbiqi, səhiyyə, həmçinin mədəni-humanitar əlaqələr daxil olmaqla genişspektrli istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Liderlərin Astanada keçirdikləri danışıqların nəticəsi olaraq ölkələr arasında 16 sənəd imzalanıb. Bunların arasında Qazaxıstan-Ermənistan Biznes Şurasının yaradılması haqqında; məxfi məlumatların ötürülməsi, istifadəsi, müdafiəsi və qorunması haqqında; 2026-2030-cu illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi; atom enerjisinin sülh məqsədilə istifadəsi sahəsində əməkdaşlıq haqqında; elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında və s. memorandumlar var.

Yeri gəlmişkən, bu ilin sentyabrında Qazaxıstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclası keçirilib. Orada bildirilib ki, Qazaxıstan Ermənistana əlavə ixrac potensialını 350 milyon dollar qiymətləndirir.

2024-cü ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 36 milyon dollar, 2025-ci ilin yanvar-iyul ayları üzrə isə 28,7 milyon dollar təşkil edib.

Qazaxıstan Ermənistana, ilk növbədə, metallurgiya, neft-kimya, kimya və qida məhsulları ixrac edir.

Həmin iclasda nəqliyyat sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Ermənistan aviaşirkətlərinə "açıq səma" rejimi çərçivəsində 5-ci dərəcə "hava azadlığı" hüququndan istifadə etməklə Qazaxıstana birbaşa uçuşlar yerinə yetirmək təklif olunub. Toplantıda Rəsmi Astana İrəvan hava limanında rüsumların azaldılmasında maraqlı olduğunu qeyd etmişdi.

İclasda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ölkəsinin Qazaxıstan – Türkmənistan – İran – Ermənistan marşrutu üzrə multimodal yük daşımaları üçün nəqliyyat dəhlizinin yaradılması layihəsini dəstəklədiyini bildirmişdi. O vurğulamışdı ki, paralel olaraq artıq Çin – Qazaxıstan – Özbəkistan – Türkmənistan – İran – Ermənistan istiqaməti üzrə daşımalar həyata keçirilir.

Ancaq bu ilin oktyabrında Prezident İlham Əliyev Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevlə görüşdən sonra bildirmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınmasıdır: " Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada da mövcud olduğunun yaxşı göstəricisidir".

Qazaxıstan İqtisadiyyat naziri Serik Jumanqarin noyabrın 21-də jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu aça bilər: "İndi biz Azərbaycan vasitəsilə Gürcüstana, Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çıxış imkanı verəcək".

Nazir bu açıqlaması ilə Zəngəzur dəhlizi vasitəsilə Avropaya yeni çıxış imkanı əldə edəcəklərini bildirib.

Perspektivdə Ermənistanın Rusiyadan idxal etdiyi taxılı Qazaxıstan məhsulu ilə əvəzləyəcəyi ehtimal olunur.

Qazaxıstanın "Prodkorporasiya" Səhmdar Cəmiyyətinin direktoru Tobılbek Omarov bildirib ki, hazırda milli taxıl operatoru Qazaxıstan buğdasının sabit tədarükündə maraqlı olan Ermənistanda yeni tərəfdaşlarla danışıqlar aparır. Onun sözlərinə görə, gələcəkdə İrəvan istiqamətində taxıl tədarükünün həcmi artırıla bilər: "Qazaxıstan Ermənistana ayda təxminən 15-20 min ton ərzaq taxılı tədarük etməyə hazırdır".

Liderlərin son açıqlamaları, imzalanmış müqavilə və memorandumlar, Qazaxıstanla Ermənistan arasında iqtisadi ticarət dövriyyəsinə dair faktlar, Astana ilə İrəvan münasibətlərinin yenidən qurulduğunu söyləməyə əsas verir. Çünki Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu illərdə tərəflər arasında münasibət çox zəif olub. Rəsmi Astana Ermənistandan Azərbaycan torpaqlarını işğaldan azad etməsinin istəyib. O, beynəlxalq təşkilatlarda rəsmi Bakının bu məsələ ilə bağlı haqlı mövqeyini daim müdafiə edib.

Azərbaycan ərazi bütövlüyünü təmin etməklə Ermənistanı da buxovlardan azad edib. Elə Nikol Paşinyanın Qazaxıstana səfəri, onunla strateji tərəfdaşlığa dair müqavilə imzalanması buna örnək sayıla bilər.

Ermənistan Çin-Mərkəzi Asiya -Xəzər- Azərbaycana Orta Dəhlizin imkanlarından faydalanacaq. Bu şərait Rusiyanın təhdid və sanksiyalarından yayınması, xilas olması üçün onlara nicat yoludur.

Azərbaycanın Cənubi Qafqaz regionu üçün yaratdığı imkanlardan Nikol Paşinyanın başçılıq etdiyi dövlət də yararlanır. Xəzərdən keçən Orta və Zəngəzur dəhlizlər bir-birini tamamladığı kimi, Azərbaycanın liderliyi ilə Cənubi Qafqazla Orta Asiyanı yaxınlaşdırır, regionlar bir-birinin imkanlarından faydalanır.

Bu, həm də Ermənistanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına təkan verir. Erməni ideoloqlarının təbliğ etdiyi türk düşmənliyi düşüncə sisteminin yalan, xülya olduğunu ifşa edir.

Odur ki, Azərbaycan bu məsələdə də Ermənistanın, ermənilərin yenilənməsi, dəyişməsi üçün sülh, normallaşma, əməkdaşlıq yolunu açır.

Kasım-Jomard Tokayev bu gün Nikol Paşinyanı "Altın Qıran" ordeni ilə təltif edib.

Qazaxıstan lideri bildirib ki, Nikol Paşinyan Ermənistanın həqiqi ümummilli lideridir: "O, ölkəsinin inkişafına yeni enerji gətirməyi, dövlət quruculuğunun bütün sahələrində islahatlar üçün güclü təkan verməyi bacarıb".

Kasım-Jomard Tokayev Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsində, Vaşinqtonda müvafiq yekun sənədin imzalanmasında Nikol Paşinyanın da mühüm rolunu qeyd edib.

Başqa sözlə, o bu mükafata Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşamasında xidmətləri, Türk dünyasına düşmənlik ideologiyasından imtina etdiyi üçün layiq görülüb.

Siyasətdə qızıl xətti, orta xətti tapmaq əsas hədəflərdən sayılır. Belə düşünmək olar ki, Nikol Paşinyan da Orta və Zəngəzur dəhlizləri əsasında qlobal miqyasda mövcud şərtlər daxilində Ermənistanın orta xətlə inkişaf yolunu tutduğunu nümayiş etdirir.

Bu baxımdan, Azərbaycanın dövlət başçısı İlham ƏIiyevin Qazaxıstana və Özbəkistana səfərlərindən sonra Nikol Paşinyanın Astanaya səfərini "Prezidentin izi ilə" kimi də qiymətləndirmək olar.

Son xəbərlər

Bütün Xəbər Lenti