Müstəmləkəçilikdən doğan faciə: Fransa "Reyunyon uşaqları" qarşısında günahını "yumağa" çalışır - ŞƏRH

Analitika
  • 22 iyun, 2026
  • 16:35
Müstəmləkəçilikdən doğan faciə: Fransa Reyunyon uşaqları qarşısında günahını yumağa çalışır - ŞƏRH

Fransa Senatı uzun illər ölkənin müstəmləkə keçmişi ilə bağlı ən ağrılı səhifələrdən biri hesab edilən "Reyunyon uşaqları" məsələsində mühüm qərar qəbul edib. Senatda yekdil səsvermə ilə qəbul edilən bu qanun, bir neçə ay əvvəl Milli Assambleyada da eyni şəkildə təsdiqlənib. Reyunonlu deputat Karin Löbonun müəllifi olduğu qanun layihəsi 1962-1984-cü illərdə Hind okeanındakı Reyunyon adasından zorla və ya müxtəlif inzibati üsullarla Fransanın materik hissəsinə köçürülmüş minlərlə azyaşlının xeyrinə təzminat və reabilitasiya tədbirlərini nəzərdə tutur. Bu addım Fransa dövlətinin tarixi ədalətsizliyə görə məsuliyyətini rəsmən tanıması kimi qiymətləndirilir.

Ən əsası qanun rəsmi Parisin onilliklər boyu gizlətməyə və yumşaltmağa çalışdığı müstəmləkəçi siyasətin ağır nəticələrinin növbəti etirafıdır. Tarixə "Reyunyon uşaqları" kimi düşən hadisə 1962-1984-cü illərdə həyata keçirilib və həmin dövrdə Yelisey sarayının təşəbbüsü ilə 2 015 nəfərdən çox azyaşlı Reyunyon adasından materik Fransanın müxtəlif bölgələrinə, əsasən də əhalisi azalan kənd rayonlarına köçürülüb. Hədəf Reyunyondakı sürətli əhali artımını tənzimləmək idi. Lakin sonradan aparılan araşdırmalar göstərdi ki, bir çox uşaqlar ailələrindən ayrılıb, bəzilərinin sənədləri dəyişdirilib, onlar doğma dillərindən, mədəniyyətlərindən və qohumlarından məhrum ediliblər. Bir sıra hallarda fiziki və psixoloji zorakılıq, istismar və sosial təcrid faktları qeydə alınıb. 1962–1984-cü illər arasında 2 015 azyaşlı Reyunyondan Fransanın materik hissəsində yerləşən, əsasən kənd xarakterli 83 departamentə köçürülüb.

Bu siyasət rəsmi olaraq Reyunyon əhalisinin otuz il ərzində iki dəfə artmasına cavab vermək və Creuse kimi kənd bölgələrini yenidən məskunlaşdırmaq məqsədi daşıyırdı. Ən çox uşaq qəbul edən departament Creuse olduğuna görə, bu azyaşlılar "Creuse uşaqları" adlandırılır. Lakin reallıqda bu, qəfil yarımçıq qalmış uşaqlıq və gənclik illəri, vətəndaşlıq vəziyyəti sənədlərində sərt dəyişikliklər, hətta pis rəftar və alçaldılmalar olub ki, bu uşaqlarda (körpələrdən yeniyetmələrə qədər) dərin travmalara səbəb olub.

Beləliklə, yarım əsrdən artıq müddət ərzində öz talelərinin tanınmasını gözləyən minlərlə reyunyonlu üçün Fransa Parlamentinin bu qərarı təkcə maddi deyil, həm də mənəvi ədalətin bərpası kimi tarixə düşür. Hətta Fransanın dənizaşırı ərazilər naziri Naima Mutçu belə bu prosesi "sürgün, ailələrdən ayrılıq, doğma torpaqla, dillə və soy-köklə qəfil qopma nəticəsində alt-üst olmuş minlərlə həyat yolu" kimi xarakterizə edib. O, Fransanın tarixindəki "qaranlıq səhifələrə" toxunan bu qanunun qəbulunu "ədalət və ləyaqət mətni" kimi alqışlayıb. Reyunyonu təmsil edən sosialist parlamentari Odri Belim də ailələrindən qoparılmış uşaqların yaxınlarının vəziyyətini vurğulayaraq, onları "övladlarının qayıdışını boş yerə gözləyən valideynlər və susqunluq, anlaşılmazlıq, bəzən isə utanc hissi ilə əbədi iz buraxılmış ailələr" kimi səciyyələndirib.

Qanun nəyi nəzərdə tutur?

Yeri gəlmişkən, qəbul edilmiş qanuna əsasən dövlət tərəfindən maliyyələşdirilən xüsusi kompensasiya fondu yaradılacaq, zərərçəkmiş şəxslərə və bəzi hallarda onların varislərinə birdəfəlik təzminat ödəniləcək, hadisələrin araşdırılması və tarixi yaddaşın qorunması üçün xüsusi yaddaş komissiyası fəaliyyət göstərəcək. Hər il fevralın 18-i "Reyunyon uşaqlarının anım günü" kimi qeyd olunacaq, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə memorial layihələr həyata keçiriləcək. Təzminatın konkret məbləği və ödəniş mexanizmləri hökumət tərəfindən qəbul ediləcək əlavə normativ sənədlərlə müəyyənləşdiriləcək. Bu qanun yalnız maddi kompensasiya məsələsi deyil, o həm də Fransa dövlətinin müstəmləkə siyasətinin yaratdığı sosial və humanitar nəticələri etiraf etməsi baxımından mühüm siyasi və mənəvi addım hesab olunur. Parlamentdə çıxış edən deputatlar və senatorlar bu qərarı "ədalətin bərpasına doğru gecikmiş, lakin vacib addım" kimi xarakterizə ediblər.

Ekspertlərin fikrincə, "Reyunyon uşaqları" haqqında qanunun qəbulu Fransa tarixinin ağrılı səhifələrindən biri ilə üzləşmək və zərərçəkmiş insanların hüquqlarını tanımaq istiqamətində mühüm dönüş nöqtəsidir. Bununla yanaşı, qərar Parisin keçmiş müstəmləkə ərazilərində həyata keçirdiyi siyasətlərin yenidən qiymətləndirilməsi prosesinə də əlavə təkan verə bilər.

Pis nümunələr Fransanın hüquq müdafiəsi iddialarını sual altına qoyur

Ümumiyyətlə, Fransa insan hüquqları və demokratiya dəyərlərinin müdafiəçisi kimi çıxış etsə də, onun tarixi və bəzi müasir təcrübələri bu iddiaların hər zaman praktikada öz əksini tapmadığını göstərir. XIX və XX əsrlərdə dünyanın ən böyük müstəmləkə imperiyalarından birinə sahib olub, Afrikada, Asiyada və Sakit okean hövzəsində milyonlarla insan onun hakimiyyəti altında yaşayıb. Bu ərazilərdə yerli xalqların siyasi hüquqları məhdudlaşdırılıb, onların təbii sərvətlərindən istifadə olunub və mədəni assimilyasiya siyasəti həyata keçirilib. Xüsusilə Əlcəzair Fransanın müstəmləkəçilik tarixinin ən ağrılı səhifələrindən biri hesab olunur. 1954–1962-ci illərdə davam edən müstəqillik müharibəsi zamanı Fransa ordusunun işgəncələrdən, qanunsuz həbslərdən və kollektiv cəza üsullarından istifadə etməsi uzun illər beynəlxalq müzakirələrin mövzusu olub. Sonradan bir sıra fransız siyasətçiləri və tarixçilər həmin dövrdə baş vermiş insan hüquqları pozuntularını etiraf ediblər. Yuxarıda qeyd etdiyimiz Reyunyon adasından minlərlə uşağın ailələrindən ayrılaraq Fransanın materik hissəsinə köçürülməsi ilə yanaşı, Korsika ilə bağlı siyasət də uzun illər mübahisələrə səbəb olub.

Korsikalılar öz dillərinin, mədəniyyətlərinin və siyasi hüquqlarının qorunmasını tələb etsələr də, Paris uzun müddət mərkəzləşdirilmiş idarəçilik modelindən geri çəkilməyib. Muxtariyyət tələblərinə sərt münasibət, siyasi fəalların təqibi və mədəni hüquqların məhdudlaşdırılması Fransa hökumətinə qarşı narazılıqları artırıb. Son illərdə muxtariyyət istiqamətində müəyyən addımlar atılsa da, bir çox müşahidəçilər bunu uzun illər davam etmiş siyasi təzyiqlərin gecikmiş etirafı kimi qiymətləndirirlər. Fransa 1966–1996-cı illərdə Mururoa Atolu və digər ərazilərdə də onlarla nüvə sınağı həyata keçirib. Bu sınaqların ətraf mühitə və yerli əhalinin sağlamlığına mənfi təsirləri barədə çoxsaylı araşdırmalar mövcuddur. Yerli icmalar uzun illər radiasiyanın nəticələrindən əziyyət çəkdiklərini bildirərək təzminat tələb ediblər.

Bu hadisələr Fransanın insan hüquqları və ətraf mühitin qorunması sahəsində bəyan etdiyi prinsiplərlə praktiki fəaliyyəti arasında uyğunsuzluq nümunəsi kimi göstərilir. Müasir Fransada da insan hüquqları ilə bağlı müzakirələr davam edir. Xüsusilə miqrant mənşəli və etnik azlıq nümayəndələrinə münasibətdə polis zorakılığı, diskriminasiya və sosial bərabərsizlik məsələləri vaxtaşırı gündəmə gəlir.

Göründüyü kimi, Fransa beynəlxalq aləmdə insan hüquqlarının, demokratiyanın və hüququn aliliyinin müdafiəçisi kimi çıxış etsə də, onun müstəmləkəçilik tarixi və bəzi xarici ərazilərdə həyata keçirdiyi siyasət bu imiclə ziddiyyət təşkil edən çoxsaylı faktlarla müşayiət olunub. Tarixi dövrlərdə Əlcəzair, Vyetnam, Madaqaskar, Yeni Kaledoniya, Fransa Polineziyası, Korsika və digər ərazilərdə baş vermiş hadisələr yerli əhalinin hüquqlarının məhdudlaşdırılması, siyasi təqiblər, zorakılıq və mədəni assimilyasiya siyasəti ilə yadda qalıb. Son illərdə də bəzi dənizaşırı ərazilərdə sosial bərabərsizlik, yerli xalqların hüquqlarının qorunması və öz müqəddəratını təyinetmə məsələləri ətrafında mübahisələr davam edir.

Bu reallıqlar göstərir ki, insan hüquqları sahəsində beynəlxalq nüfuz qazanmaq təkcə bəyanatlar verməklə deyil, həm də keçmişdə buraxılmış səhvlərin obyektiv qiymətləndirilməsi, tarixi ədalətin bərpası və bütün xalqların hüquqlarına bərabər yanaşma ilə mümkündür. Fransanın müstəmləkəçilik irsi ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməsi, zərər çəkmiş icmaların hüquqlarının tanınması və tarixi ədalətin təmin olunması həm ölkənin demokratik dəyərlərə sadiqliyini gücləndirə, həm də beynəlxalq arenada insan hüquqları ilə bağlı çağırışlarının daha inandırıcı olmasına xidmət edə bilər.

44 - Tezliklə