Lələtəpədən Xankəndiyə - Tarixi Qələbəyə aparan yolun başlanğıcı - ŞƏRH

Analitika
  • 01 aprel, 2026
  • 15:40
Lələtəpədən Xankəndiyə - Tarixi Qələbəyə aparan yolun başlanğıcı - ŞƏRH

Azərbaycan Ordusunun tarixi qələbələrindən olan Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin ilk günlərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər işğaldan azad olundu.

Aprelin 2-də düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Aprel döyüşlərinin ən böyük tarixi uğuru nə idi? İlk növbədə, bu, 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycan Ordusunun ilk qələbəsi idi. Qısamüddətli hərbi qarşıdurma Ermənistan-Azərbaycan münaqişəsinin gedişində dönüş nöqtələrindən biri hesab olunmaqla yanaşı, həm hərbi, həm də siyasi baxımdan sonrakı proseslərə ciddi təsir göstərdi. Bu döyüşlər təsdiq etdi ki, Azərbaycan işğalla barışmaq niyyətində deyil və lazım gəldikdə hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə qadirdir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirmişdi ki, döyüşlər bizim şanlı hərbi qələbəmiz idi və dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərdi: "Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Dövlət başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə gələcəkdə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

Ermənistanı məğlubiyyətə aparan yol

Qeyd etdiyimiz kimi, Aprel döyüşləri Ermənistan ordusu haqqında illərdir formalaşan mifi dağıtdı. Məhz döyüşlərdən sonra işğalçı ölkədə hərbi-siyasi vəziyyət dəyişdi, daxili siyasi böhran xeyli dərinləşdi və bu, sonrakı proseslərə ciddi təsir göstərdi. Belə ki, cəbhədə itkilər və bəzi strateji mövqelərin əldən verilməsi hakimiyyətə qarşı narazılığı artırdı. İnsanlar orduda korrupsiya, zəif idarəetmə və hazırlıq problemlərini daha açıq müzakirə etməyə başladılar. Kütləvi təzyiq nəticəsində Prezident Serj Sarqsyan istefa verdi və hakimiyyət dəyişdi.

Aprel hadisələrindən sonrakı duruma Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə dəqiq qiymət verib. O, martın 26-da hökumətin iclasında bildirib ki, 2020-ci ilin sentyabrına qədər ölkə sülh yox, dondurulmuş müharibə vəziyyətində idi.

"Bizdə sülh yox idi (2020-ci ilin sentyabrına qədər-müəl.), dondurulmuş müharibə idi. Suverenliyimiz, müstəqilliyimiz, dövlətçiliyimiz, rifahımız, azadlığımız və inkişafımız hesabına müharibə təxirə salınmışdı. 2016-cı ilə qədər müharibəni təxirə salmaq üçün bütün resurslar artıq tükənmişdi", - Paşinyan deyib.

Aprel döyüşlərinin tarixi nəticələri

Aprel döyüşlərindən irəli gələn nəticələr həqiqətən də tarixi idi. Əvvəla, uzun illər ərzində dəyişməz kimi təqdim olunan status-kvonun reallıqda davamlı olmadığı sübuta yetirildi. Azərbaycan Ordusunun yalnız müdafiə deyil, həm də hücum əməliyyatlarını yüksək peşəkarlıqla həyata keçirmək qabiliyyəti də nümayiş etdirildi. Və bu əməliyyatlar gələcəkdə daha genişmiqyaslı hərbi uğurlar üçün praktiki təcrübə və psixoloji üstünlük yaratdı. Məhz uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı - 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər nəzarət altına alındı.

Döyüşlər həm də informasiya müstəvisində mühüm nəticələr verdi. Azərbaycan ilk dəfə olaraq yalnız hərbi sahədə deyil, eyni zamanda, beynəlxalq informasiya məkanında da təşəbbüsü ələ aldı. Aprel zəfərinin ən mühüm nəticələrindən biri isə şübhəsiz ki, İkinci Qarabağ müharibəsində özünü göstərdi. Əldə olunan möhtəşəm qələbənin ideoloji, psixoloji və hərbi əsasını formalaşdırdı. Aprel döyüşləri həm də xalq-ordu-dövlət birliyinin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.

Ali Baş Komandan İlham Əliyev 2018-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanındakı təntənəli hərbi paradda çıxışında ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını demişdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək".

Bu sözlərin üstündən cəmi iki il keçdi və Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə 28 illik işğala son qoydu. Şanlı Ordumuz 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatları ilə ölkənin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi.

"Böyük Qayıdış" prosesinin başlanğıcı

Aprel döyüşləri "Böyük Qayıdış" prosesinə də start verdi. Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı və buna əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrıldı. Sərhədyanı ərazidə yerləşən kəndə yeni həyat qayıtdı, sakinlər öz doğma ev-eşiklərinə qayıdıb yaşamağa başladılar. Sakinlərin çoxillik fasilədən sonra doğma ocağa qayıtması işğal altındakı digər ərazilərin də tezliklə azad olunacağına böyük ümid və inam yaratdı.

Beləliklə, 10 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Bu gün hər bir azərbaycanlı Lələtəpədə 10 il əvvəl ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Aprel döyüşləri də hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki böyük Qələbənin başlanğıcı kimi daim müqəddəs tarix kimi xatırlanacaq.