İşğal dövründə Azərbaycan mədəni irsinin məhvi ümumbəşəri dəyərlər kontekstində qiymətləndirilməlidir - RƏY
- 23 aprel, 2026
- 16:07
İşğal altında olmuş Azərbaycan ərazilərində tarixi-mədəni irsin məhv edilməsi məsələsi yalnız regional problem kimi deyil, beynəlxalq hüquq və ümumbəşəri dəyərlər kontekstində qiymətləndirilməlidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Onun sözlərinə görə, uzun illər ərzində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal altında olmuş bölgələrində azərbaycanlılara məxsus çoxsaylı tarixi-mədəni abidələrin dağıdılması, təhqir edilməsi və ya mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur:
"Bu faktların beynəlxalq hüquq müstəvisində araşdırılması və gündəmdə saxlanılması yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Müxtəlif mənbələr və araşdırmalar göstərir ki, işğal dövründə Azərbaycan ərazilərində yerləşən məscidlər, türbələr, qəbiristanlıqlar və digər mədəniyyət nümunələri sistemli şəkildə dağıdılıb, bəzən isə onların təyinatı dəyişdirilib.
Bu kimi halların sənədləşdirilməsi nəticəsində ortaya çıxan faktlar yalnız fiziki dağıntıları deyil, həm də mədəni identikliyin silinməsinə yönəlmiş məqsədli siyasətin mövcudluğunu göstərir. Müəyyən olunub ki, bir sıra abidələr yalnız dağıdılmayıb, eyni zamanda, təhqiramiz şəkildə istifadə edilib, o cümlədən bəzi dini məkanlar və tarixi tikililər qeyri-təyinat üzrə – hətta təsərrüfat məqsədləri üçün istifadə olunub. Bu isə mədəni irsə qarşı münasibətin sistemli xarakter daşıdığını göstərir".
Deputat qeyd edib ki, bu cür hərəkətlər beynəlxalq humanitar hüququn əsas prinsiplərinə zidd olmaqla yanaşı, mədəni irsin qorunması ilə bağlı qəbul edilmiş beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Ş.Seyidzadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası və hüquqi qeydiyyatı istiqamətində ardıcıl və sistemli siyasət həyata keçirdiyini diqqətə çatdırıb:
"Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinq və inventarlaşma işləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 550 abidənin inventarlaşdırılması başa çatdırılıb. Eyni zamanda, 402 obyekt yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 68 abidə tamamilə dağıdılıb, 114 abidəyə ciddi ziyan vurulub və digər abidələr isə müxtəlif dərəcələrdə zədələnib. Bəzi abidələrin isə təyinatının dəyişdirilərək təsərrüfat məqsədləri üçün istifadə edilməsi faktları qeydə alınıb ki, bu da vandalizm hallarının miqyasını daha da aydın şəkildə göstərir".
Milli Məclisin deputatı qeyd edib ki, rəsmi statistik məlumatlar və dövlət tərəfindən həyata keçirilən inventarlaşma işləri bu dağıntıların miqyasını konkret faktlarla sübut edir.
"Eyni zamanda, qəbul edilən normativ-hüquqi aktlar və strateji sənədlər mədəni irsin qorunması sahəsində dövlət siyasətinin sistemli və davamlı xarakter daşıdığını göstərir. Güclü sübut bazası, beynəlxalq hüquqi mexanizmlərin işə salınması, institusional islahatlar və effektiv informasiya siyasəti bu prosesin əsas sütunlarını təşkil edir. Yalnız bu cür kompleks və ardıcıl yanaşma nəticəsində mədəni irsin qorunması istiqamətində real nəticələr əldə etmək və tarixi ədalətin bərpasına nail olmaq mümkündür", - deyə o, fikrin tamamlayıb.