Hindistan milliyyətçiliyi – neofaşizmə oxşayan "hindutva" - ŞƏRH
- 15 yanvar, 2026
- 16:22
Hindistanda etnik və dini azlıqlara nifrət, eləcə də qarşıdurma halları artır.
Ötən ilin dekabrında Yeni il öncəsi Raipur şəhərində radikal qruplaşmalar ticarət mərkəzində iğtişaşlar törədərək milad bəzəklərini dağıdıb, bayram tədbirlərini pozublar. Polis 30-40 nəfərə qarşı cinayət işi başladıb. Onlardan altısı saxlanılsa da, bir az sonra həmin şəxslər də girov qarşılığında sərbəst buraxılıblar. Onlar isə təntənəli şəkildə qəhrəman kimi qarşılanıb, daha sonra bu tədbirin videoları sosial şəbəkədə yayılıb.
Öncə onu deyək ki, zorakılıq etmiş, iğtişaş törətmiş, dini və etnik ayrı-seçkilik edərək kin, nifrət yaradanlar barədə materialların sosial şəbəkə platformalarında yayılmasına icazə verilməsi təəccüblü və təəssüfləndiricidir.
Oxşar hadisələr əvvəllər də baş verib. 2021-ci ildə ölkədə radikal qruplar milad bayramı zamanı xristian icmasına hücumlar etmişdi. Onlar İsa peyğəmbərin heykəllərini sındırmış, "Santa Klaus"un şəkillərini yandırmışdılar.
Hindistanda azlıqlara qarşı nifrət qızışdırıcılığı halları 2025-ci ildə 13% artıb. Bu barədə Vaşinqtondakı araşdırma təşkilatı "India Hate Lab" məlumat verib.
"Al Jazeera" bildirib ki, Hindistanda dini azlıqlara qarşı nifrət və zorakılıq hadisələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. Xristianlar və müsəlmanların təhdidi, onlara hücumlar müşahidə olunur. Məlumata görə, 2025-ci ildə Hindistanda 1 318 nifrət təzahürü halı qeydə alınıb. Bunlardan 1 164 hadisə Baş nazir Narendra Modinin başçılıq etdiyi Bharatiya Canata Partiyasının (BCP) təkbaşına və ya koalisiya şəklində idarə etdiyi ştatlar, ittifaq ərazilərində baş verib.
2024-cü ildə belə halların sayı 1 165, 2023-cü ildə isə 668 olub. Başqa sözlə, bu göstərici 2023-cü illə müqayisədə 97% çoxdur. "India Hate Lab"ın araşdırmasında qeyd edilib ki, hadisələrin əksəriyyəti müsəlman və xristianlara qarşı yönəlib, xristianlara hücumların sayı isə ötən illə müqayisədə 41% artıb.
Hindistanda azlıqlara qarşı nifrət qızışdırma hallarının sayı 2025-ci ildə 13% artıb. İnsidentlər siyasi mitinqlər, dini yürüşlər, etiraz marşları və mədəni tədbirlər zamanı baş verib. Ən kəskin artım apreldə qeydə alınıb - ayda 158 insident. Bu, Hindistanın nəzarətində olan Cammu və Kəşmir ətrafında Hindistanla Pakistan arasında baş vermiş müharibə dövrünə təsadüf edir.
Mütəxəssislərin qənaətinə əsasən, nifrət təzahürlərinin kəskin artımı indus çoxluğun ritorikasının güclənməsi, partiya qruplaşmalarının fəaliyyəti, eləcə də guya xristianlığın zorla qəbul edilməsi, dindən dönmə haqqında konspirasiya nəzəriyyələrinin yayılması ilə bağlıdır. Bildirilib ki, bu cür ritorika xristianlar və müsəlmanlar arasında qorxu mühiti yaradır, Hindistanın bir sıra ştatlarında ayrı-seçkilik qanunlarının qəbul edilməsinə səbəb olur. Ona görə də dini azlıqların icma liderləri polisə müraciət etmək məcburiyyətində qalırlar. Bir sıra hallarda isə asayiş keşikçiləri başqa dindən olan vətəndaşların şikayətini görməzlik və ya eşitməzlikdən gəlirlər.
Məsələn, Ümumi Hindistan Katolik İttifaqının keçmiş rəhbəri John Dayal deyib ki, bu il Raipurda arxiyepiskop bütün kilsələrə və xristian müəssisələrinə milad bayramı zamanı mühafizə üçün polisə müraciət etməyi məsləhət görməyə məcbur olub.
Hindistanda, həmçinin müsəlmanlara qarşı da hücumların artdığı qeyd edilir. Zorakılığa çağırış halları son iki il ərzində 93% artıb. Məlumata görə, bu cür hallar hakim Bharatiya Canata Partiyası nümayəndələrinin və ya müttəfiqlərinin hakimiyyətdə olduğu bölgələrdə daha çox baş verir. Əsas nifrət yayıcıları arasında Hindistanın daxili işlər naziri Amit Shah, Uttar-Pradesh və Uttarakhand ştatlarının rəhbərləri kimi yüksək rütbəli siyasətçilər göstərilir.
Hindistanda çoxlu sayda etnik və dini azlıq var. Ancaq baş verənlər ölkə konstitusiyasına ziddir. Çünki əsas qanunda bərabərlik və azlıqların - müsəlmanlar, xristianlar, zikhlər, buddistlər, caynlar, tayfa qrupların müdafiəsi nəzərdə tutulur. Habelə, dünyəvilik, demokratik prinsiplərə sadiqlik təsbit olunub. Digər tərəfdən, hakim BCP və onun müttəfiqləri, ekstremist indus qruplar tərəfindən, xüsusən, müsəlmanlara və xristianlara qarşı gərginliyin, ayrı-seçkiliyin və zorakılığın artması müşahidə olunur. Bu da etnik və dini azlıqların nümayəndələrinin daim sağ qalmaq uğrunda mübarizə aparmasına gətirib çıxarır.
Hindistan yüzlərlə etnik qrup, dil və mədəniyyəti tanıyır, onların qorunmasını elan edir. Ancaq hakim partiya ilə əlaqəli indus milliyyətçiliyinin ("hindutva") güclənməsi müsəlmanlara və xristianlara qarşı gərginliyin, ayrı-seçkiliyin artmasına səbəb olub. "İnək qoruyucuları" ("cow vigilantes") müsəlman və xristianları inəkləri öldürməkdə ittiham edərək "günahkarlar"a tez-tez hücumlar edir, onları "lazımi şəkildə cəzalandırdıqlarını" bildirirlər.
Ölkədə hakimiyyətin, xüsusilə, Baş nazir Nerandra Modinin yürütdüyü etnik və dini ayrı-seçkilik siyasətini tənqid edən siyasi xadimlər, partiya liderləri və KİV-ə qarşı sərt tədbirlər görülür.
Hindistanda etnik və dini ayrı-seçkilik həm də onların yaşadıqları ərazilərin təbii sərvətlərlə zənginliyi ilə bağlıdır. İnduslar həmin ərazilərə nəzarət etmək məqsədilə bu insanları yaşadıqları və sahib olduqları torpaqlardan, ərazilərdən çıxarmağa çalışır, onları sıxışdırırlar.
Özünü dünyəvi dövlət sayan Hindistan etnik və dini zəmində baş verən assimilyasiya və zorakılıq halları paradoksdur. Çünki vaxtilə induslar bu cəhətlərə görə müstəmləkə dövründə irqi ayrı-seçkiliyə məruz qalıblar.
İndus milliyyətçiliyi 1850-1940-cı illərdə Hindistanın müstəqillik hərəkatı zamanı bir konsepsiya olaraq formalaşıb. Onun başlıca hədəfi Böyük Britaniya müstəmləkəsinə qarşı mübarizə olub. Bu milliyyətçilik etnik, dil və dini mənşələrindən asılı olmayaraq, Hindistanın bütün sakinlərini əhatə edən ərazi milliyyətçiliyinə nümunə sayılıb. İndi də bu ideologiya Hindistan siyasətinə güclü şəkildə təsir edir.
Son 30 ildə bu milliyyətçiliyin mahiyyəti və hədəfi dəyişib. İnduslar onlardan olmayanlara qarşı mübarizəni hədəf seçiblər, bu isə ölkədə mərkəzdənqaçma, sağ qalmaq meyillərini artırıb.
Hindistanda kompakt yaşayan bir sıra etnik qruplar müstəqil milli dövlətlər yaratmaq uğurunda mübarizə aparırlar. Zikhlərin hərəkatı. Onlar 1920-ci ildə Akali dal Zikh Partiyasını yaradıblar. 1944-cü ildə ilk dəfə Pəncab ştatı ərazisində müstəqil Sikhistan dövlətinin yaradılmasını tələb ediblər. 1971-ci ildə Pəncabda altıaylıq prezident idarəetməsinə nail olublar. Akali dal Partiyasının üzvü, tanınmış zikh alimi C. S. Çauhan "Xalistan" dövlətinin yaradılması şüarını irəli sürüb. 1987-ci il oktyabrın 7-də "müstəqil" Xalistan dövlətinin yaradıldığı elan olunub. "Yeni dövlətin" "prezidenti" ABŞ-də zikh diasporasına rəhbərlik edən çox məşhur mühacir Qurmet Zinkh Aulakh oldu. Müstəqillik ABŞ-nin paytaxtında elan edilmişdi.
Kəşmir əyalətindəki müsəlmanların hərəkatı bölgənin azadlığı uğrunda mübarizə aparır. Naqalənd əyalətində Naqalim Milli Sosialist Şurası - Naqaləndin azad edilməsi, habelə qonşu Hindistan ştatı Manipurun bir hissəsini və Myanmanı əhatə edən, həmçinin kiçik dərəcədə Assam və Arunaçal-Pradeşi əhatə edən müstəqil Naqalim Xalq Respublikasının yaradılması uğrunda mübarizə aparan təşkilatdır və s.
Hindistan əhalisinin təxminən 80 faizini indusların təşkil etdiyi iddia olunur. Bildirilir ki, ölkə əhalisinin sayı 1,4 milyard nəfər, onların 1,1 milyardı isə indus sayılır. Bu baxımdan, induizm ölkədə dominantdır. Sonrakı say çoxluğu müsəlmanlara aiddir. Elə ən çox təqib və təzyiqlərə məruz qalan, məhrumiyyətlərlə üzləşənlər də müsəlmanlardır. 2002-ci ilin fevral-mart aylarında Hindistanın Qucarat ştatında radikal induslar müsəlmanlara silsilə hücumlar edib. Ən şiddətli toqquşmalar Əhmədabadda olub. Minlərlə insan hadisə baş verən bölgələrdən qaçmağa məcbur olmuşdu. Şəhərdə komendant saatı tətbiq edilməsinə baxmayaraq, polis çoxsaylı vandalizm və qarət aktlarını dayandıra bilməmişdi. Qırğın nəticəsində 2 mindən çox müsəlman vəhşicəsinə öldürülmüş və diri-diri yandırılmışdı.
Məlumtalara görə, hakimiyyət orqanları müsəlmanlara qarşı zorakılığın qarşısını almaq üçün lazımi tədbirlər görməyiblər. 2010-cu ildə Ali Məhkəmə tərəfindən qırğınların araşdırılması üçün yaradılan komissiya ifrat milliyyətçi Bharatiya Canata Partiyasının liderlərindən biri, ştatın baş naziri olan Narendra Modiyə qarşı cinayət ittihamı irəli sürmədi. 2014-cü ildə Modi Hindistanın Baş naziri seçildi.
Ona görə də Modi Əhmədabadda müsəlmanlara qarşı qırğınların miqyasını genişləndirərək bunu ümumhindistana tətbiq edir. Bir zamanlar Hindistanın azadlığı uğrunda induslarla çiyin-çiyinə induizm ideologiyası əsasında yüz il mübarizə aparmış indiki etnik və dini azlıqların nümayəndələri indi bu düşüncə sistemi ilə əzilir, assimilyasiya olunur.
İnduizm indi Asiyada faşizmə bərabər tutulur. Adolf Hitler bu ideologiya əsasında 1933-cü ildən 1945-ci ilədək 12 il Almaniyada Üçüncü Reyxin başçısı, Baş nazir olub. Onun iddiaları ölkəsinə və bəşəriyyətə çox böyük faciələr yaşatdı. Nəticədə Reyx də, faşizm də, Almaniya da məğlub oldu. Bu ilin mayında Nerandranın da baş nazirliyinin 12-ci ilidir. Onun və hökumətinin apardığı "hindutva" siyasəti Hindistanı 80 il öncəki Almaniyaya oxşadır. Odur ki, bənzərliklər aqibətdə də özünü göstərə bilər.