Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan? - ŞƏRH
- 16 sentyabr, 2025
- 16:20

Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.) simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib.
Ermənistan hakimiyyəti ölkəyə giriş və çıxış zamanı pasportlara vurulan möhürlərdən Ararat dağının təsvirini siləcək. Möhürün yeni nümunəsi isə artıq Nazirlər Kabinetinin qərarı ilə təsbit edilib. Qaydalar 1 noyabr 2025-ci ildən qüvvəyə minəcək. Möhürdə dağın yerinə erməni və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü (hava, dəmiryol və ya avtomobil) qeyd olunacaq.
Hakim partiyanın fraksiya katibi qeyd edib ki, Ermənistan təhlükəli mesajlar göndərməməlidir: "Biz istifadə etdiyimiz simvolizm, möhürlərdə yalnız dövlətçilik prinsipindən irəli gələrək Ermənistanla bağlı istənilən anlaşılmazlığın yaranmaması üçün hər şeyi edirik".
O vurğulayıb ki, qonşularla münasibətlərində Almatı Bəyannaməsindən çıxış edirlər: "İstər möhür, istərsə də səsləndirdiyimiz bəyanatlar olsun, hər bir hərəkətimiz təhlükəli ismarış daşımamalıdır".

Katib Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması barədə bəyanatlardan təəccübləndiyini bildirərək deyib ki, Türkiyənin rəsmi nümayəndəsi Ermənistana səfər edib, müzakirələr kifayət qədər müsbət atmosferdə keçib.
Yeri gəlmişkən, sentyabrın 12-də Ermənistanda keçirilən danışıqlarda Türkiyə təmsilçisi Sərdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti olub. Onu "Marqara" nəzarət-buraxılış məntəqəsində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.
Bəzi mənbələr səfərin uğursuz keçdiyinə dair təhlillər belə yayıb. İrana məxsus informasiya kanalları isə bir qədər də irəli gedərək Türkiyənin Ermənistandan yan keçməklə yeni tranzit yolu çəkmək planı barədə təxribatçı material yayıblar.
Əslində, Sərdar Kılıçın səfərindən öncə möhürdən Ağrıdağın simvolunun yığışdırılması qərarı rəsmi İrəvanın Ankaraya həqiqəti qəbul etmək ismarışı da sayıla bilər.

Ağrıdağla bağlı məsələ Nikol Paşinyan hökumətinin bir neçə ildir gündəliyindədir. O, bir neçə il əvvəl bildirmişdi ki, Ağrıdağın Ararat adlanması və onun Ermənistanda simvollaşdırılması Türkiyəyə qarşı ərazi iddiasıdır: "Ağrıdağ Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir".
O, Ermənistanda ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləmişdi: "Araqats Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır".
Baş nazir məktəblərdə belə tədrisi hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirmişdi: "Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir". Paşinyan vurğulamışdı ki, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər: "İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır?" Cavab: "Araqats".

Pasport möhürlərdən Ağrıdağ rəmzinin yığışdırılması Ermənistanın Türkiyəyə ərazi iddiasından imtina kimi də dəyərləndirilə bilər. Çünki ideoloqları və havadarları yüz ildən artıqdır erməni cəmiyyətinə bu kimi iddialı xülyaları təbliğ ediblər. İki ölkə arasında münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri Ermənistanın Türkiyəyə ərazi iddiasından əl çəkməsi, biri də uydurma erməni soyqırımından imtinadır.
Rəsmi İrəvan bu qondarma məsələni beynəlxalq miqyasda təbliğ etməyəcəyini bildirib. Bununla da həmin iddianın saxta olduğunu etiraf ediblər.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının əsas məqsədləri kimi tərəflər sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi qeyd edirlər.
Ermənistan müxalifəti isə hələ də xülyalardan ayılmayıb. Onlar iddia edirlər ki, rəsmi İrəvan həm məcburi, həm də "türkləri razı salmaq üçün bu addımları atır".

Gömrük-keçid məntəqəsi dövlətin güzgüsü sayılır. Bu baxımdan, Ermənistanın qapısında möhürlərin dəyişdirilməsi rəsmi İrəvanın reallığı qəbul etməsidir. Başqa sözlə, Ermənistanın növbəti addımları da atacağı ehtimalı artır. Çünki rəsmi İrəvanın qarşısında duran başlıca məsələlərdən biri də konstitusiyanın dəyişdirilməsidir. Ağrıdağı dövlət simvolu siyahısından çıxartması əsas qanundakı iddiadan da imtina kimi qəbul edilə bilər.
Ermənistan hakimiyyəti bu kimi əsassız və cəfəng iddialardan xilas olmaqla Azərbaycan və Türkiyənin etimadını qazanmaq istiqamətində addım atmış sayılır. Konstitusiyanın dəyişdirilməsi bu ölkənin gerb və himnində də türklərə qarşı iddiaların yığışdırılmasına yol açar.
Ermənistandan və erməni cəmiyyətindən pozucu qüvvə olaraq istifadə edənlər rəsmi İrəvanın normallaşma istiqamətində cəhdlərinə müxtəlif maneələr yaradırlar. Ötən həftə Nikol Paşinyan çıxışlarından birində bildirmişdi ki, Azərbaycanla sülh yaranmasına mane olanlar var.
Həmin qüvvələr Serj Sarqsyan, Robert Koçaryan və müxalifət rolunda oynayan rusiyayönlü keçmiş funksionerlər, dövlət məmuru işləmiş şəxslərdir.
Nikol Paşinyan, həmçinin deyib ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atdıqları addıma görə onu "satqın" adlandıranlar da var. Bu ifadəni daha çox məlum müxalif qüvvələr işlədirlər. Onlar 2026-cı ilin yayında keçirilməsi planlaşdırılan parlament seçkilərindən əvvəl Nikol Paşinyanın istefasına nail olmağa səy göstərirlər.

Serj Sarqsyan bildirib ki, hakimiyyətin dəyişdirilməsinin iki yolu var: biri Nepal variantıdır, zorakılıq və qətllər vasitəsilə, o biri isə Fransa variantıdır, parlament vasitəsilə: "Buna nail olmağın ən düzgün və optimal yolu baş nazirə etimadsızlıq göstərməkdir".
Rusiyayönlü müxalif, "Şərəfim var" fraksiyasının başçısı Hayk Mamicanyan parlamentdə "Milli böhran və idarəetmədə uğursuzluqlar əsasında Ermənistanın baş nazirinə etimadsızlıq ifadəsi haqqında" bəyanatın mətnini yayıb. Bu, müxalifətin revanş cəhdinə daha bir nümunədir. Havadarları kimi Cənubi Qafqazda, o cümlədən Ermənistanla bağlı məsələlərdə reallığı qəbul etməyən müxalifət hələ də yüz ildən artıqdır uydurulmuş "siyasi-mənəvi tiryəkin" təsirindən ayıla bilmirlər. Ya da ayılmaq istəyəndə onlar spirtli içki verirlər ki, daim başları dumanlı olsun.
Bu qüvvələr Ermənistanın, erməni cəmiyyətinin həqiqəti görməsinə süni maneədir.
Rəsmi İrəvan isə Vaşinqton görüşündən sonra Azərbaycan və Türkiyənin etimadını, etibarını qazanmaq üçün daha bir addım atmağa hazırlaşır. O, Ağrıdağı möhürdən silməklə özünü təsdiqləməyə çalışır. Ermənistan üçün bu gün əsas sual budur: Xilaskar və satqın kimdir, Paşinyan, yoxsa sarqsyan və koçaryanlar?