Ermənistanın iştahasını artıran Süveyş böhranı - ŞƏRH
- 19 yanvar, 2024
- 13:42
Son günlər Ermənistanın siyasi rəhbərliyinin bəyanatları əsasən kommunikasiya xətləri və dəhlizlərinə aiddir. Bu kontekstdə XİN başçısı Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, iqtisadiyyat naziri Vahab Kerobyan müxtəlif platformalarda ölkələrin rəsmiləri ilə görüşkərdə “sülh kəsişməsi” layihəsini yenidən gündəmə gətirirlər. Hətta Ermənistanın prezidenti Vaaqn Xaçaturyan da bu axına qoşularaq, layihəni müxtəlif dairələrdə təqdim edir.
Paralel olaraq isə baş nazir Nikol Paşinyan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqə barədə danışır, bu yola razılıq verdiyini dilə gətirir. Bu günə qədər regionun infrastruktur layihələrinin blokdan çıxmasına müxtəlif bəhanələrlə mane olan erməni siyasi elitasının belə aktivləşməsinin təbii ki, ciddi səbəbi var. Hazırda Süveyş kanalında baş verən böhran dünya nəhənglərinin diqqətini Cənubi Qafqaza yönəldib. Erməni hökuməti isə bu “yağlı kökədən” pay umaraq məhv olmuş iqtisadiyyata can vermək niyyətini güdür.
Süveyş böhranı
2023-cü ilin 18 dekabr tarixində Yəmənin husilər qruplaşması Qırmızı dənizdə neft və kimyəvi məhsullar daşıyan “Swan Atlantic” tankerinə hücum edib. İri şirkətlər Qırmızı dəniz marşrutundan imtina etmək qərarına gəliblər. Çünki qruplaşmanın hücumları davam edir və uzun müddət də belə olacağı ehtimal edilir.
Qeyd etmək lazımdır ki, Süveyş kanalı vasitəsilə dünya ticarətinin 12, konteyner yükdaşımalarının isə 30 faizi həyata keçirilir. Fars körfəzi ölkələrindən Süveyş kanalı vasitəsilə yüklər Şimali Avropaya 14 günə daşınır. Əgər şirkətlər Afrikanı dolanıb bu işi həyata keçirsələr, 24 gün vaxt lazım olacaq. Dənizdəki fırtınaları, əlverişsiz hava şəraitini də nəzərə alsaq, xərc və vaxt daha da uzana bilər. Eyni zamanda Afrikanın ətrafında dəniz piratlarının tüğyan etdiyini nəzərə almaq lazımdır.
Baş verən proseslər isə nəhəng şirkətləri dəniz yolunu quru yolu ilə əvəz etmək məcburiyyəti qarşısında qoyub. Çünki Süveyş kanalındakı böhran uzun müddət davam edə bilər. Bununla yanaşı böhran artıq dəniz nəqliyyatının qlobal təchizat zəncirinə təsirini neytrallaşdırıb. Artıq sabit quru nəqliyyatı multimodal marşrutlar daha aktual görünür. Bu fonda Cənubi Qafqaz daha əlverişlidir. Hazırda Azərbaycanın bir sıra Şərq və Fars Körfəzi ölkələri ilə reallaşdırmağa yaxın olduğu Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri, Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya keçən dəmiryolu infrastrukturu bir sıra nəhəng şirkətlər üçün daha maraqlı mövqe qazanır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı Zəngəzur dəhlizi barədə açıqlamalarına da baş verən hadisələr fonunda yanaşmaq lazımdır. Eyni zamanda Türkiyə, ərəbdilli ölkələr və xüsusən də İran mətbuatında son iki həftə ərzində Zəngəzur dəhlizi ilə bağlı silsilə məqalələrin dərc edilməsi də prosesin işə düşməsindən xəbər verir. Türkiyə və ərəbdilli mətbuat sözügedən dəhlizin faydaları və dünya iqtisadiyyatına, ticarətinə müsbət təsirindən silsilə yazılar dərc etsə də, İran mətbuatı tam tərsinə, Zəngəzur dəhlizinin əleyhinə məntiqsiz “şərhlər” dərc etməklə kifayətlənir.
Ermənistanın marağı
Ermənistan isə baş verən hadisələr fonunda Hindistan, İran, Aİ və Aİİ ölkələri arasında nəqliyyat qolu olmağa hazır olduğunu yenidən bəyan edib. Bu layihə bir neçə ildir ki, sözügedən dövlətlər arasında müzakirə edilsə də, hələlik dəhlizlə bağlı heç bir ciddi addım atılmayıb. Nə İran, nə Hindistan bu layihəyə maliyyə ayırmaq niyyətində deyil. Ermənistanın maddi durumu ilə bağlı isə nəsə deməyə ehtiyac yoxdur.
Nəzərə almaq lazımdır ki, təklif edilən dəhliz İrandan Ermənistan ərazisinə, Lars keçid məntəqəsi vasitəsilə Gürcüstana, oradan da Qara dənizə yüklərin daşınmasını nəzərdə tutub. Sərt dağlıq ərazi, bir neçə ay yolların qalın qar və buz örtüyü ilə qapalı qalması, Lars məntəqəsində Rusiya ilə ciddi problemlər yəqin ki, Hindistan və İranı bu layihəyə ciddi yanaşmamağa sövq edir.
Erməni hökumətinin ikinci planı isə İranın Çabahar limanı vasitəsilə yüklərin daşınmasını nəzərdə tutur. Cari ilin yanvar ayında Delhi və Tehranla danışıqlar aparılıb və may ayında layihəyə başlanılması nəzərdə tutulub. Bu dəhliz isə yüklərin Avropa və Rusiyaya çatdırmasını nəzərdə tutur. Qərbin isə bu layihəyə isti yanaşmadığı ilk gündən məlumdur. Bu vaxta qədər heç bir qərbli diplomat bu layihənin dövlət səviyyəsində dəstəkləndiyini bildirməyib. Səbəb isə sadədir - İran. Eyni zamanda Azərbaycanla birlikdə Zəngəzur dəhlizi üzərində işləyən Türkiyənin də Qara dənizə Ermənistan vasitəsilə yükdaşımalara müsbət yanaşacağını düşünmək olmaz.
Real mənzərə
Yuxarıda sadalananlardan məlum olur ki, Ermənistan hökuməti ciddi şəkildə nəqliyyat qovşağına çevrilmək üçün bütün vasitələrdən və platformalardan istifadə etmək qərarına gəlib. Bununla belə, hər zaman olduğu kimi, Nikol Paşinyan hökumətinin bütün layihələri utopiya və avantüradan, boş pafosdan ibarət olduğunu rəqəmlər söyləyir. Çünki ciddi nəqliyyat və loqistika şəbəkəsinə çevrilmək üçün Ermənistan infrastruktur problemlərini həll etməlidir. Bunun üçün isə 1100 km avtomobil yolu və 130 km dəmir yolunu bərpa etmək, inşa etmək lazımdır. Bu yollardan ən böyüyü Şimal-Cənub avtomobil yolundakı paydır ki, bunun üçün 461 km avtomobil yolu bərpa edilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Erməni hökumətinin bütün məsələlərə hansı “ciddiyətlə” yanaşdığını, dövlət büdcəsini nəzərə alsaq, ən yaxşı halda bu, 8 ilə reallaşa bilər. Eyni zamanda müəyyən hissələrdə dəmir yolunun bərpası üçün də 400-500 milyon dollar lazımdır. Qısa müddət ərzində isə investisiya tapmaq, sponsor cəlb etmək qətiyyən mümkün görünmür. Çünki iri nəqliyyat şirkətlərinin və dünya nəhənglərinin, Fars Körfəzi ölkələrinin, Çinin və Hindistanın da nəzəri hazırda Azərbaycana tərəf çevrilib. Azərbaycan isə nəzərdə tutduğu layihələr üzərində ciddi şəkildə işləyir, Türkiyənin nəqliyyat qurumlarının açıqlamalarına görə, işlərin yekunlaşmasına çox az vaxt qalıb. Eyni zamanda əsas olan bir reallıq var ki, regionda istənilən qlobal və regional layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Çünki Cənubi Qafqazın açar ölkəsi Azərbaycandır və söz sahibi olaraq rəsmi Bakının qol qoymadığı heç bir marşrut, dəhliz işə düşə bilməz. Bəlkə də elə bu səbəbdən də son iki gündür erməni siyasi elitası Azərbaycan hökumətini regiondakı infrastruktur layihəni blokdan çıxarmamaqda ittiham edir. Ermənistanın XİN müavini Vahan Kostanyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaarla görüşdə bu sərsəm fikri səsləndirib. Qərbdəki ağalarına şikayət edən erməni rəsmilər hər halda son 3 ildə Qafqaz regionunun inkişafını ləngitdiklərini ya dərk etmirlər, ya da ənənəvi erməni həyasızlığı ilə üz-üzəyik.
Kamil Məmmədov