Ermənistanın iflasa məhkum cəhdi - İrəvanın Minsk qrupu xülyası - ŞƏRH
- 03 avqust, 2023
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan hakimiyyəti yenə də öz rəngli xəyallar aləmindədir. İrəvan beynəlxalq aləmin hər vəchlə Ermənistana diqqət ayırmasına çalışaraq bu istiqamətdə ağlasığmaz addımlara da əl atmaqdan çəkinmir. İndi də özünəməxsus formada “xortlatma” prosesinə başlayıb. Ermənilər tarixin arxivinə gömülən Minsk qrupunu canlandırmağa cəhd göstərir. Erməni mediasında yer alan xəbərlərdə xüsusi vurğulanıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib. Onlar Qarabağdakı mövcud durumu müzakirə ediblər. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də, Qarabağda yaşayan ermənilərin “hüquq” və “azadlıqları” məsələlərini müzakirə ediblər. A.Qriqoryan diplomatı Qarabağdakı “humanitar böhran” barədə məlumatlandırıb, Laçın yolunun açılmasının zəruriliyini diqqətə çatdırıb.
Beləliklə, Ermənistan hakimiyyəti mediası vasitəsilə yenə ictimaiyyətinə yalan xəbəri sırımağa çalışır. Bəlli olduğu kimi, ABŞ Dövlət katibi bu ilin əvvəlində diplomat Lui Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Yəni o, həmsədr yox, xüsusi nümayəndədir. Onun vəzifələrinə Ermənistan və Azərbaycan arasında sülh prosesini təmin etməklə yanaşı, Rusiyanın Gürcüstanın suveren ərazisinin iyirmi faizinin davam edən işğalını həll etmək daxildir. Ermənistan tərəfinin yaydığı bu xəbər gülüş doğurmaqla yanaşı, spekulyasiyadan başqa bir şey deyil. Qrupa daxil olan üç dövlətdən biri - Rusiya təşkilatda fəaliyyətini dayandırdığını bəyan etsə də, Ermənistan hər vəchlə onu dirçəltməyə çalışır. Keçmiş Minsk qrupunun köhnə adla çağırılması, eyni zamanda, bu termini dirçəltmək istəyi ortadadır. Bu isə qəbuledilməzdir.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov hələ 8 aprel 2022-ci ildə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib. Luis Bono bölgəyə sonuncu dəfə may ayında səfər edib. Bakıda və İrəvanda o, Ermənistan-Azərbaycan nizamlanması məsələlərini müzakirə edib. Beləliklə, erməni tərəfi yenə öz ampluasındadır. Mövcud olmayan və qəbul olunmayan bir qurumu bərpa etməyə çalışır. Lakin Ermənistan və havadarları hələ də anlamaq istəmirlər ki, ATƏT-in Minsk qrupu faktiki olaraq yoxdur. İkinci Qarabağ müharibəsi bölgəyə yeni reallıq gətirməklə yanaşı, bu bədnam missiyanı da tarixin arxivinə göndərib.
Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sülh razılaşmasından sonra tarixə öz fəaliyyətsizliyi ilə düşən Minsk qrupunun özünü dövriyyəyə soxmaq istəklərinə rəsmi Bakı rədd cavabı verdi. Və üstündən keçən üç ilə yaxın müddətdə qrupun adını heç kimin tutmadığı halda, indi erməni tərəfi hər vəchlə qurumun fəaliyyətinin aktivləşdirilməsinə çalışır. ABŞ da 44 günlük müharibədən sonra Minsk qrupunun fəaliyyətinin bərpasına çalışsa da, sonradan bu səylərinin nəticəsiz olduğunu görərək, qırağa çəkilib. Bu səbəbdən də xüsusi nümayəndə təyin edib.
Bəs Ermənistan bu qrupun fəaliyyət göstərdiyini ortaya atmaqla nə demək istəyir?
Təbii ki, əsas məqsəd sülh danışıqlarını pozmaqdır. Bu arzusunu reallaşdırmaqda isə Fransaya ümid edir. Bəlli olduğu kimi Fransa bölgədə siyasi riyakarlıqla məşğuldur, hər vəchlə bölgədə sülh prosesinin əldə olunmasına qarşı çıxır. Emmanuel Makron hökuməti rəsmi Bakının Minsk qrupu ilə bağlı mövqeyini gözəl bilir. Ermənistan və onun havadarı anlamaq istəmir ki, Minsk qrupu keçmişdə qaldı və heç bir halda onun bərpa edilməsinə imkan verilməyəcək.
İkinci məsələ ondan ibarətdir ki, Ermənistan Rusiyaya görə Minsk qrupunun aktivləşməsinə çalışır. İrəvan və Parisin mövqeyi bəllidir - nəyin bahasına olursa-olsun Kremli regiondan sıxışdırıb çıxarmaq və onu Fransa ilə əvəzləmək. Fransa xarici siyasətinin əsas prioriteti məhz budur. Məkrli planı reallaşdırmaq üçün isə yenə Ermənistandan istifadə olunur.
Azərbaycan heç bir halda Minsk qrupunun fəaliyyətinin bərpa olunmasına razılıq verməyəcək. 30 illik işğal dövründə qurum öz çirkin fəaliyyətini ortaya qoydu. 44 günlük müharibə dövründə və ondan sonrakı müddətdə bunu açıq müşahidə etdik. Rəsmi Paris və Vaşinqton Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəyliyin mövcud olduğunu da bilməmiş deyil. Gəlinən yekun mövqe də bundan ibarətdir ki, Minsk qrupuna qətiyyən ehtiyac yoxdur.
Görünən odur ki, Minsk qrupunun dirçədilməsinin arxasında məkrli plan gizlənir – hədəf də Qərb və Rusiya arasında rəqabət yaratmaqdır. Ermənistanın Avropadakı havadarları Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmaması üçün bütün variantları işə salıblar. Rusiyanı bölgədən sıxışdırmaq, Avropadakı tərəfdaşlarını regiona gətirmək və ümumilikdə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamağa çalışılır. Sadəcə təkcə Minsk qrupu deyil, Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşməsi də bu planın bir hissəsidir.
Beləliklə, Ermənistan yenə çirkin təbliğata başlayıb. İrəvan Minsk qrupunun fəaliyyətinin canlandırılmasına, onun bərpasına uğursuz cəhdlər göstərir. Rəsmi İrəvanın diqqətinə bir daha bu məsələdə Prezident İlham Əliyevin söylədiyi fikirləri çatdırmaq istərdik. Bu mövqe də ondan ibarətdir ki, Minsk qrupunun funksiyası münaqişənin həlli, işğala son qoymaq olsa da, faktiki olaraq bunun öhdəsindən gələ bilmədi. ATƏT-in Minsk qrupu uzun illər sadəcə bir alətə çevrilib və indi də Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir. Bütün dünya gördü ki, Azərbaycan işğala son qoyub, öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda, artıq Minsk qrupuna ehtiyac yoxdur. Ermənistan tərəfi və digərlərinin bu qrupu canlandırmaq istəyi isə qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Prezidentin də ifadə etdiyi kimi, Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya qeyri-məhsuldar və dağıdıcıdır. Bu, sadəcə regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.