Ermənistan parlamentində terror – açılması hələ də arzuolunmayan cinayət - ŞƏRH
- 28 oktyabr, 2025
- 15:24
Ötən gün Ermənistan hakimiyyət nümayəndələrinə qarşı terrorun 26-cı ildönümü idi. Bu qətl nəticəsində ovaxtkı baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Demirçyan, onun müavinləri Yuri Baxşıyan və Ruben Mirzoyan, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyan, deputat Armen Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki, deputat Mikael Kotanyan həlak olmuşdu. Terror aktı zamanı parlamentin binasında olan daha bir deputat, "Ermənistan" ("Hayastan") qəzetinin redaksiya şurasının sədri Henrik Abramyan ürəktutmadan ölmüşdü.
Ötən gün Karen Demirçiyanın oğlu, Vazgen Sarkisyanın qardaşı və başqaları parlamentin həyətində 1999-cu il 27 oktyabr terror aksiyası qurbanlarının xatirə kompleksini ziyarət ediblər.
Teraktı törədən qrupun başçısı Nairi Unanyan baş nazir Vazgen Sarkisyana yaxınlaşaraq "bəsdir, qanımızı içdiniz", - deyə qışqırmışdı. Hökumət başçısı ona təmkinlə belə demişdi: "Bunlar sənin və uşaqlarının gələcəyin naminə edilir". Buna cavab olaraq Unanyan ona atəş açmışdı.
Dəstənin başçısı Nairi Unanyan keçmiş jurnalist, Daşnaksütyun Partiyasının keçmiş üzvü, 1988-1990-cı illər tələbə hərəkatının fəalı olub, "Qarabağ hərəkatı"nın ilk dövrlərində gənclərin tətil və nümayişlərində iştirak edib.
Onda terrorçular ovaxtkı prezident Robert Koçaryanla birbaşa danışıq tələb ediblər. Terrorçuların başçısı Nairi Unanyan ilə prezident Robert Koçaryan arasında birbaşa danışıqlar olub. Onların iki tələbi var idi: canlı efirə çıxmaq və təslim olmaq imkanı verilməsi, ədalətli məhkəmənin təmin edilməsi.
Hadisədən bir gün sonra parlamentdəki girovların azad edilməsinə başlanılmışdı. Silahlı qrupun üzvləri həbs edilmişdi. Ermənistanın Baş Prokurorluğunda terror aktı maddəsi üzrə cinayət işi açılmışdı. Robert Koçaryanın rəhbərlik etdiyi dövlət komissiyası yaradılmışdı. 1999-cu il oktyabrın 29-31 tarixlərində respublika üzrə matəm elan edilmişdi.
RF-nin ovaxtkı baş naziri (onda prezident Boris Yeltsin idi) Vladimir Putin matəm tədbirlərində iştirak etmək üçün Ermənistanda 5 saatlıq səfərdə olmuşdu.
Cinayəti törətməkdə təqsirli bilinən yeddi nəfər "vətənə xəyanət və terrorizmdə" ittiham edilib. Terror aktının altı iştirakçısı Nairi və Karen unanyanlar, onların əmisi Vram Qalstyan, Eduard Qriqoryan, Derenik Becjanyan və Aşot Knyazyan ömürlük, daha bir nəfər - Hamlet Stepanyan isə 14 il azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını etiraf etməyiblər. Nairi Unanyan qrupun hərəkətini "Ermənistanı Vazgen Sarkisyanın baş nazirliyi dövründə ölkəyə hakim olan dağıntı və korrupsiyadan xilas etmək cəhdi" ilə əsaslandırıb.
Məlum hadisə ilə bağlı cinayətkarlar həbs edilsə də, baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, bu iş hələ bitməyib. Çünki ötən 26 il ərzində hadisə ilə bağlı yeni detallar tapılır. Bu məsələdə ovaxtkı prezident Robert Koçaryanın aparatının keçmiş rəhbəri, hazırda Parisdə yaşayan Aleksan Arutyunyanın da adı hallanır. Bu yaxınlarda hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Andranik Koçaryan onun şahid qismində istintaqa cəlb edilib-edilməyəcəyi ilə bağlı Ermənistanın Baş prokuroru Anna Vardapetyana sual verib. Baş prokuror yenidən bildirib ki, bu iş ilkin istintaq mərhələsindədir. O, istintaq tədbirlərinə zərər verməmək üçün sualın konkretliyinə dair şərh verməkdən imtina edib.
Baş prokuror xatırladıb ki, əvvəllər parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının iclasında da bu mövzu qaldırılıb: "Biz yarımçıq işi reklamlaşdırmayacağıq, çünki təfərrüatların açıqlanması çox vaxt maraqlandığımız şəxslərin ölkəni tərk edərək yoxa çıxmasına gətirib çıxarır".
Qatillər, ölənlər, hakimiyyət – üçlük vaxtilə Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarından olublar. Vazgen Sarkisyan erməni milli liderləri, qatı antitürklər Andranik Ozanyan və Qaregin Njde ilə eyni sırada qoyulub. Bu baxımdan, onu daha çox "milli qəhrəman" sayıblar.
Ona görə həmin qüvvələrin eyni siyasi-ideoloji tərbiyənin sahibi olduqları görünən qədərdir. Başqa sözlə, Ermənistanın ovaxtkı prezidenti Robert Koçaryan və baş nazir Vazgen Sarkisyan Azərbaycanla Türkiyənin qatı düşmənləri olub. Terror qrupunun üzvlərinin isə Koçaryanla əlaqəli olduğu ehtimal edilir.
Deməli, hadisənin Azərbaycan və Türkiyə ilə az bağlılığı olduğu istisna olunmur. Bu halda iki məsələyə aydınlıq gətirilməsinə ehtiyac yaranır: Rusiyanın rolu - Qarabağ məsələsinin dinc həlli, hakimiyyət daxilində toqquşan maraqların silahlı həlli.
1999-cu ilin noyabrında İstanbulda ATƏT sammiti keçirilməli, orada Azərbaycan və Ermənistan dövlət başçılarının müəyyən bir sənədi imzalamaları nəzərdə tutulurmuş. Ancaq Koçaryanın partiyası və onun havadarı Qarabağın işğaldan azad edilməsinə qarşı idi. Levon Ter-Petrosyanın (Ermənistanın keçmiş prezidenti) oxşar addım atmaq cəhdi uğursuzluqla nəticələnmişdi. Odur ki, yenidən hadisələrin eyni məcraya yönəlməsinin qarşısını almaq məqsədilə Koçaryanın havadarı bu parlamentdə terror planını hazırlaya bilər.
Çünki Robert Koçaryan hakimiyyətə ziddiyyətlər fonunda gəlmişdi. Başqa sözlə, Levon Ter-Petrosyan istefa verəndən sonra onu Qarabağda separatçılara, cinayətkar silahlı qruplaşmalara başçılıq etmiş Koçaryan əvəzləmişdi. Bu, Qarabağda müxtəlif cinayətlərdə əli olmuşların Ermənistanda hakimiyyətə gətirilməsi texnologiyası icrasının başlanğıcı sayılır.
Onun 1997-ci ilin martında Ermənistanda hökumət başçısı olması bu istiqamətdə atılan ilk addım sayılırdı. Azərbaycan torpaqlarının mərhələli şəkildə işğaldan azad edilməsi tərəfdarı olmuş Levon Ter-Petrosyanın 1998-ci ilin fevralında istefasından sonra Robert prezident seçildi. Bu, hakimiyyət daxilində qarşıdurma üçün yeni təkana çevrildi.
Terror aktından sonra gərginliyi azaltmaq üçün o, Vazgen Sarkisyanın kiçik qardaşı Aram Sarkisyanı noyabrın 3-də baş nazir təyin etmişdi. O, qardaşının qətlinə səbəb kimi "dövlət təhlükəsizliyi konsepsiyasının olmadığını" göstərmişdi. Koçaryan Stepan Dəmirçiyanın oğlu Vaan Şirxanyanı isə baş nazirin müavini təyin etmişdi.
A.Sarkisyan cəmi altı ay baş nazir vəzifəsində saxlanıldı. 2000-ci il mayın 2-də Koçaryan kabinetinin "işləmək qabiliyyətinin olmamasını" əsas göstərərək onu istefaya göndərmişdi. Robert televiziyaya açıqlamasında Ermənistan rəhbərliyində "qarışıqlığa" son qoymaq üçün Aramı vəzifəsindən azad etdiyini bildirmişdi. Koçaryan onu "siyasi oyunlarda" iştirak etməkdə günahlandırmışdı.
Aramın da yaratdığı "Anrapetutyun" Partiyası Vazgen Sarkisyanın siyasi irsinin daşıyıcısı olduğunu, habelə oktyabrın 27-də törədilmiş cinayəti və onun nəticələri ilə pozulmuş proqramları həyata keçirməyə çalışacağını bildirmişdi. Onlar 2003-cü ildə Koçaryana qarşı mübarizədə Stepan Demirçyanı, 2008-ci il prezident seçkisində isə Serj Sarqsyana qarşı mübarizədə Levon Ter-Petrosyanı dəstəkləmişdi.
Aram Sarkisyanın qardaşından sonrakı illərdəki ictimai-siyasi fəaliyyəti əslində terror təşkilatçılarını göstərir. Robert Koçaryanın oxşar cinayətlərin təşkilatçısı olduğuna dair başqa örnəklər də var. Məsələn, 2001-ci ilin sentyabrında Koçaryanı tanıyan Poqos Poqosyan onu kafedə "Salam, Rob" sözləri ilə salamlamış, bu da Koçaryanın qəzəbinə səbəb olmuşdu. Bundan sonra Poqosyan Koçaryanın mühafizəçiləri tərəfindən ölümcül döyülmüşdü.
O, hakimiyyəti əlində saxlamaq üçün 2003-cü ildə keçirilmiş siyasi kampaniyada da qanun pozuntularına yol vermişdi. Heç şübhəsiz, Koçaryan bu hüquq pozuntularını təkbaşına törətməyib. Ona sonradan zorakılıqla prezident olmuş Serj Sarqsyan da yardım edib. Oktyabrın 27-si hadisəsi zamanı o, Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. Çünki 1999-cu ilin iyununda Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri yenidən iki quruma ayrılmışdı. İyundan noyabrın 13-dək o MTN-ə başçılıq etmişdi. Deməli, Koçaryan prezident, Sarqsyan isə təhlükəsizlik naziri vəzifələrini icra edən zaman parlamentdə terror aktı törədilir. Onların hadisədən xəbərsiz olmalarını iddia etmək gülünc və absurd sayıla bilər. Çünki hər ikisinin Moskva ilə sıx əlaqələri olduğundan onlara bu kimi hadisələrlə bağlı informasiyanı RF-dən də ötürə bilərdilər. Yaxud birgə əməliyyat təşkil olunduğu ehtimalı da istisna edilmir.
Elə Robert Koçaryan hakimiyyətdə olduğu illərdə törətdiyi çoxsaylı cinayət əməllərini gizlətmək, yaxud onların açılmaması üçün Serji güc yolu ilə prezident elədi. Bununla da oktyabrın 27-si cinayəti 2018-ci ilədək ört-basdır edildi. Həmin ilin mayında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra oktyabr hadisələrinin üzərinə də işıq düşəcəyi gözlənilirdi. Baş nazir Nikol Paşinyan və hüquq -mühafizə orqanları bu istiqamətdə, eləcə də 2008-ci ilin aprelində prezident seçkisinin nəticələrinə etiraz aksiyası ilə bağlı məsələyə müəyyən aydınlıq gətirməyə çalışdı. 2019-cu ildə məhkəmə pensiyası istisna olmaqla Koçaryanın bütün əmlakına həbs qoydu.
Həmin il mayın 18-də məhkəmə Bako Saakyan və Arkadi Qukasyanın zaminliyi ilə onun azadlığa buraxılması haqqında qərar qəbul etdi. Onlar Koçaryan üçün girov ödədilər. Həmin il iyunun 25-də Koçaryan Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə üçüncü dəfə həbs olundu. 2020-ci ilin iyununda o, 4 milyon dollardan çox məbləğdə girov qarşılığında yenidən azadlığa buraxıldı və s.
Ona və keçmiş xələfi Sarqsyana qarşı cinayət işləri hələ də qüvvədədir.
Heç şübhəsiz, Ermənistan tarixi bu kimi hörümçək torlarına oxşar cinayət hadisələri ilə zəngindir. Onların çoxunun bir-biri ilə əlaqəsi də yox deyil. Ən maraqlısı isə hörümçək torunun ipinin həmişə bir yerə bağlanmasıdır. Çünki səhnənin arxasında aralanmış pərdədən görünən burunlar da bunu təsdiqləyir. Elə Paşinyan hökumətinin bu yerdə duruxması da şübhələri artırır.