“Ərdoğan deyirəm!” - TÜRKİYƏDƏ SORĞU

Analitika
  • 11 may, 2023
  • 08:17
“Ərdoğan deyirəm!” - TÜRKİYƏDƏ SORĞU

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar ölkədə həyəcanlı və bir qədər də gərgin ab-hava hökm sürür.
Seçki prosesinin ən qızğın keçdiyi şəhərlərdən biri də heç şübhəsiz İstanbuldur.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı məhz seçicilərin fikirlərini öyrənmək və seçki prosesi ilə yaxından tanış olmaq üçün Türkiyə vətəndaşları arasında sorğu keçirib.

Sorğuya cavabları təqdim edirik:

İstanbul sakini Aysel Karadoruk bu ilin əvvəlindən ölkədə hər kəsin diqqətinin 14 mayda keçiriləcək seçkilərə kökləndiyini deyib:

“Ümid edirəm ki, bu seçkilər Türkiyə üçün xeyirli olacaq. Prezidentimizi sevirik və hər zaman onun yanındayıq”.

Aysel Karadoruk

Metin Yılmaz bildirib ki, Türkiyənin hər tərəfində olduğu kimi İstanbulda da seçkilərlə əlaqədar çox böyük həyəcan var:

“Fikrimcə, Rəcəb Tayyib Ərdoğan yenidən qalib gələcək. Çünki onun Türkiyəyə, türkdilli dövlətlərə və islam aləminə qazandırdığı çox şeylər var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, o həm ümmətə, həm dövlətə, həm də türklərə lazımdır”.

Metin Yılmaz

Mehmet Ardıç “Niyə Ərdoğan?” sualını özünə tez-tez verdiyini deyib:

“Lakin bu sualın çox cavabı var. 20 il Fransada yaşamışam. Ərdoğandan əvvəlki Türkiyəni də, sonrakı Türkiyəni də çox yaxşı bilirəm. Kənarda yaşayıb sonradan ölkəsinə qayıdan insanlar baş verən dəyişikliyi daha yaxşı görüb analiz edə bilir. Hər dəfə ölkədən xaricə çıxanda da pasportumuzun dəyərinin artdığını hiss etmişəm. Bütün bunlar Ərdoğanın sayəsində baş verib. İllər əvvəl babamı xəstəxanaya aparanda uzun növbələrdə gözləməli olurduq. Həkimə müayinə olunmaq üçün belə xəstələr çox əziyyət çəkir, dərman tapa bilmirdilər. Lakin 20 il sonra Türkiyəyə qayıdanda gördüm ki, hər kəs rahatlıqla xəstəxanalara gedə, istədiyi dərmanı rahatlıqla tapıb ala bilir. Digər sahələr barədə də inkişafdan danışmaq olar. Məhz bu gün mən həyata keçirdiyi inqilablardan ötrü Rəcəb Tayyib Ərdoğan deyirəm”.

Mehmet Ardıç

Kemal Dişme deyib ki, bu gün ölkədə iqtisadi problemlər var, lakin bütün dünya eyni problemlə boğuşur:

“Seçimlərə gəldikdə, müxalifət çoxparçalı, yəni 6 bir-birinə bənzəməyən siyasətçidən ibarətdir. Yəni bölünmüş bir şeyi bütöv şəkildə göstərməyə çalışırlar. Bu da kənardan aşkar şəkildə hiss olunur. Mən millətçi tərəfəm və indiki rəhbərliyi dəstəkləyirəm. Bəzən anlaşmazlıqlar yaşansa belə, AK Partinin və Ərdoğanın üstünlükləri çoxdur”.

Kemal Dişme

Arif Kayıkçı çox istəyir ki, həm parlamentdə, həm də prezident seçkilərində qazanan tərəf AK Parti olsun:

“Biz bundan əvvəlki hökumətləri də gördüyümüz üçün indiki hakimiyyətlə müqayisə etmək imkanımız var. Türkiyə çox inkişaf edib. Bu gün bizim öz istehsalımız olan gəmimiz, savaş təyyarəmiz, avtomobilimiz var. Daha nə istəyək?!”

Arif Kayıkçı

Mehmet Mindavallı ümid edir ki, seçkilərdə yenidən Rəcəb Tayyib Ərdoğan qazanacaq:

“Bəzilərinin məqsədi üzüm yemək deyil, ağacı döyməkdir. Ərdoğanın hakimiyyətə ilk gəldiyi zamankı Türkiyə ilə indiki Türkiyə arasında çox böyük fərqlər var. Bunu görmək çox çətin deyil”.

Mehmet Mindavallı